İnsanlara hürriyət, millətlərə istiqlal!

Belə regionda, bu cür dövranda jurnalist olmaq...

Əməyə verilən qiymət hər zaman xoşdur. Bir yaşa çatırsan, “qocalar və gənclər” əbədi intriqası zəminində keçmişinə ağız büzənlər, xidmətini, fəaliyyətini inkar edənlər olur, dövlət səviyyəsində təltif isə “indiyə qədər nə etmisən ki” sualına sanballı cavab verir.

Təvazökar adamların işi lap çətindir, indiyə qədər etdiklərini dilə gətirməyə utanırlar, haqları verilməsə də, dava salmırlar, addan-zaddan ötrü heç kimlə üz-göz olmaq istəmirlər.

Amma lovğalar xidmətlərini beş qat artıq təqdim edə, lazım olduğundan da yüksək dəyər qazana bilirlər. Həyat belədir, nə etmək olar? Hər sahədə lovğalar təvazökarlardan bir addım öndədir.

Ona görə də yazı-pozu əhli təvazö çərçivəsindən çıxmadan hansısa bir mükafat, təltif qazanırsa, bu diqqətdən məmnun olur, illərlə çəkdiyi zəhmətin boşa getmədiyini anlayır.

25-dən artıq həmkarımın “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunduğu siyahıda ad-soyadımı (imzamı) görmək xoş oldu.

Dostlar və oxucularım nə qədər “bu, sənin halal haqqın idi”, “sən bu ada çoxdan layiq idin” desələr də, adam özü bilir ki, ortada ali iradə olmasa, bu, baş tuta bilməzdi.

Bu işdə rolu olanlar var. Başda Prezident İlham Əliyev olmaqla onların hamısına, eləcə də 40+ illik yol yoldaşım Rauf Arifoğluya təşəkkürlərimi bildirirəm və bu mükafatı 30 illik jurnalist fəaliyyətimin qiyməti hesab edirəm.

Bilənlər bilir, qələmim əsasən tənqidə, sorğulamağa meyllidir. Bu, görülən yaxşı, fenomenal işləri, şitini-şorunu çıxarmadan təqdir etməyi istisna etmir.

Ümumiyyətlə, bir məmurun gördüyü işə görə təriflənməsi haqqında belə bir zarafat var ki, bu, təxminən bankomatdan pul çıxarandan sonra ona təşəkkür etmək kimi bir şeydir.

Yəni məmur dövlət vəzifəsi tutursa, buna görə yüksək məbləğli maaş alırsa, dövlət qulluqçusu olmağın üstünlüklərindən istifadə edirsə, üzərinə düşən vəzifiəni icra etməyə borcludur. Buna görə ona minnətdarlıq etmək və onu tərifləmək lazım deyil.

Bir də var, xalqının son 200 illik tarixində ard-arda sıralanan məğlubiyyətlər, itkilər seriyasını durduran biri olsun və bu fenomenal xidmət təqdir edilsin. Onda da mütləq xroniki tənqidçilərin bir neçəsi irəli durub “satılıb” damğası yapışdıracaq. Məmləkətdə xarici dövlətlərdən maaş və ənam alanların öz dövlətindən mükafat alanları gözüqıpıq etdiyi zamanlar vardı, izləri hələ də qalır.

Azərbaycan gənc dövlətdir, çoxsaylı problemlərin içindədir və bu problemlərin bir çoxu 200 illik müstəmləkə həyatı yaşamağımızdan, oturuşmuş demokratik sistemə, dinc hakimiyyət dəyişikliyi mexanizminə malik olmamağımızdan doğur. Qırx yaz, qırx bir yaz, proses öz axarıyla gedir. Jurnalistlər ağızları ilə quş tutsalar da, bu prosesi nə sürətləndirə, nə ləngidə bilərlər.

Ona görə də özlərini bir kənara çəkərək, ölkənin ümdə problemlərinin həllini yalnız və yalnız jurnalistlərin kütləvi şəkildə vicdanlı olmasından və “düzü-düz, əyrini-əyri” yazmalarından asılı olduğunu düşünənlər yanılırlar. Elə şey olmayacaq. Daşın altında hamının əli olmalıdır.

Zaman ötdükcə anlayırsan ki, ən azı üç böyük dövlətin kəşfiyyat strukturlarının bu ölkənin əhalisinin mühüm bir kəsimini ələ almaqla ölkədə ciddi vətəndaş qarşıdurması yaratmaq, onun əsaslarını sarsıtmaq, gənc dövləti öz satellitlərinə çevrimək cəhdinin bariz olduğu bir dövrdə yaşamaq və jurnalist olmaq necə çətindir. Çox şeyə gücümüz çatmasa da, ən azı ölkəmizə, dövlətimizə diş qıcadanların yanında olmadıq, qarşısında olduq.

Bu fikrə etiraz edənlər varsa, qonşuluqdakı iri dövlətlərlə, eləcə də bəzi Avropa dövlətləri ilə ölkəmizin arasındakı gərginləşmələrin inkişaf dinamikasına nəzər yetirsinlər. Ölkə bir ara xarici dövlətlərə işləyənlərlə qaynaşırdı.

Ancaq bu, o demək deyil ki, potensial xarici təhlükə ölkədə haqq-ədalətin bərqərar olunmasını istisna edir. Xeyr, istisna etmir, amma mane olur və bu bayrerləri aşmaq lazımdır.

Belə bir mühitdə hamının xoşuna gələn jurnalist olmaq, hamının təqdir etdiyi yazılar yazmaq çətindir, hətta mümkün deyil. Jurnalist araşdırma aparır, bir obyektiv yazı yazır, mütləq irançılar ona ağız büzür. Onlar razı qalanda ruspərəstlər hiddətlənirlər. İran və Rusiya tərəfdarlarını məmnun edən bir yazı mütləq avropapərəstlərdə etiraz doğurur. Hələ bunun qardaş ölkələrlə inteqrasiyaya önəm verən və milli mənafe platformasından çıxış edənləri var.

Ona görə də bu ölkədə “əsl jurnalist nədən və necə yazmalıdır” sualının gerçək cavabı yoxdur. Aydın məsələdir ki, yerlibazlıq və tayfabazlığa, korrupsiya və rüşvətxorluğa haqq qazandırmaq, dövlət büdcəsini talayanları mələk kimi təqdim etmək olmaz. Bu, vicdanlı jurnalistlər üçün qırmızı xəttdir.

Amma bir qırmızı xətt də var. Bir sıra xarici dövlətlərin kəşfiyyat orqanları ölkədəki neqativ halları yerli jurnalistlərin qələmi ilə ifşa etdirərkən, bundan öz merkantil məqsədləri, alverləri üçün yararlanır, ortalığı qarışdırır, su bulandırırlar. Ən pisi odur ki, onlar əməklərindən yararlandıqları gənc jirnalistləri yarıyolda buraxır, onları sona qədər və effektiv şəkildə müdafiə etmirlər.

Hazırda o cür jurnalistlərin bir xeylisi həbsdədir. Onlar fərqinə varmadan xaricdə təsis edilmiş media orqanında çalışıb, maaş alıblar, bir çoxu sadəcə öz işini görüb. Bu həmkarlarımız fərqli və humanist yanaşmanı haqq edirlər.

Milli mediamızın 150 illik yubileyi günlərində onları aramızda görmək xoş olardı. Çoxu gəncdir. Onlar yaşda olanda biz də elə bilirdik ki, eyzən demokratiya və insan haqlarından danışan xarici dairələrin yeganə dərdi Azərbaycanı demokratik və azad ölkə etməkdir. Amma proseslər getdikcə gördük ki, öz işlərinə gələndə insanları, eləcə də demokratik prinsip və dəyərləri necə ayaqaltı edirlər.

Uzun sözün kəsəsi, Natiq Cavadlı başda olmaqla, həbsdəki gənc həmkarlarımızın sıramızda olmasını istəyirəm. Əsas da ona görə ki, onların həbsi bəzi dairələrin əlində ölkəmizə qarşı təzyiq rıçağı olmasın.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR