Onlayn ictimai-siyasi qəzet
Ştatın müvəqqəti qubernatoru Silviya Luka yaxınlaşan "Kiko" qasırğası ilə əlaqədar Havayda fövqəladə vəziyyət elan edib.
Musavat.com xəbər verir ki, sinoptiklərin məlumatına görə, hazırda arxipelaqdan təxminən 1200 mil cənub-şərqdə yerləşən güclü siklon gələn həftənin əvvəlində tropik tufan kimi adalara çata bilər.
Sentyabrın 8-dən etibarən havada güclü yağış, qasırğalı külək və tufan dalğaları gözlənilir.
Fövqəladə vəziyyət Milli Qvardiyanın səfərbər edilməsinə, bütün dövlət qurumlarının operativ fəaliyyət göstərməsinə və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün fonddan istifadə olunmasına imkan verəcək. Səlahiyyətlilər dağıntıların təmizlənməsi, infrastruktura nəzarət və mümkün zərərin qarşısının alınması üzrə hazır olduqlarını bildiriblər.
Fövqəladə vəziyyət dərhal qüvvəyə minib və sentyabrın 19-dək davam edəcək. Sakinlər və turistlər rəsmi xəbərdarlıqları diqqətlə izləməli, hökumətin tövsiyələrinə əməl etməli və təcili yardım üçün ləvazimatları əvvəlcədən hazırlamalıdırlar.
Avropa Peyk Meteorologiya Təşkilatının məlumatına görə, "Kiko" qasırğası artıq Saffir-Simpson şkalası üzrə 4-cü kateqoriyaya yüksəlib. Qasırğanın episentrində küləyin sürəti saatda 225 km-dən çoxdur.
Musavat.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ