Onlayn ictimai-siyasi qəzet
İkinci Dünya müharibəsində Hitler Almaniyasına qarşı vuruşan 640 mindən çox Azərbaycan övladı qəhrəmanlıq dastanı yazdı. Onların təxminən yarısı döyüş meydanlarında canını fəda etdi. Bu böyük şücaət və fədakarlığın qarşılığında 130-a yaxın azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. Həmçinin, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olundu.
Azərbaycan torpağında qurulan diviziyalar düşmənə qarşı Qafqazdan Berlinədək uzanan şərəfli bir döyüş yolu keçdi. Yüzlərlə igid həmyerlimiz isə partizan dəstələrinin tərkibində azadlıq uğrunda vuruşaraq düşmənə ağır zərbələr endirdi.
Xüsusilə, Azərbaycan çağırışçı və könüllülərindən təşkil olunan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar ön cəbhələrdə misilsiz igidlik göstərdi. Bu diviziyalar yalnız hərbi qüdrətləri ilə deyil, həm də döyüş ruhları ilə seçildilər. Onların göstərdiyi şücaət tarixə qızıl hərflərlə həkk olundu və azərbaycanlı əsgərlərin igidliyi əbədi olaraq yaddaşlara qazındı.
Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçılarından hazırda 21 nəfər yaşayır. Onlardan arasında ən qocamanı 107 yaşındadır.
“Bombalar partlar, toplar guruldar, haydı əsgərlər, haydı irəli, marş irəli. Qafqaz Ordusu heç dönməz geri. Haydı əsgərlər, Şərqə keçəlim, Şərqin elini azad edəlim”.
99 yaşlı Ağababa İsgəndərov 18 yaşında qatıldığı müharibənin şüarını bu gün də xatırlayır. Hələ zarafatla deyir ki, doğum gününü dəyişdirib, Berlində ölümün caynağından xilas edildiyi günə salıb.
Ağababa kişi 1926-cı ildə Göyçə mahalının Basarkeçər rayonunun Dağ kəndində olub. 1944-cü ildə müharibəyə aparılıb. O, 416-cı Taqanroq diviziyasında artilleriya bölüyündə xidmət edib. Deyir ki, bu diviziyanı Mircəfər Bağırov yaratmışdı.
- O, Stalinə Azərbaycan xalqının rus dilini bilmədiyini deyib. Buna görə də Stalin bu diviziyanın yaradılmasına icazə vermişdi. Bakının nefti, yağı, benzini olmasaydı, qələbə ola bilməzdi.
Döyüşün fraqmentləri gözümün önündədir. Almaniyada yeraltı tunel var idi, orada döyüşən xeyli sovet əsgəri həyatını itirdi. Güllə göydən yağış kimi tökülürdü. Həmin günləri danışmaq asan, yaşamaq isə çətin idi. Allah bir daha göstərməsin.
Berlin şəhərinə çatmağa az qalmışdıq. Elə həmin tuneldə bir azərbaycanlıya faşistlər atəş açdılar, bağırsaqları çölə töküldü. Meyiti elə öldüyü yerdə qaldı. Basdırmağa vaxt yox idi. Ən dəhşətlisi isə Dunay çayını keçəndə yaşanmışdı. Döyüşçülərin çoxusu üzməyi bilmədiyi üçün elə suda boğuldu. Mən də boğulurdum, xilas olmaq üçün rus komandirin ayağından yapışdım. Komandir məni rus dilində söydü ki, ayağını buraxım, dedim, ay buraxdım a, can şirin şeydir, hara buraxıram (gülür).
Ağababa kişi sən demə, qələbəyə 5 gün qalmış, mayın 2-də ayağından yaralanıb. Onu Almaniyada 134 nömrəli hospitala yerləşdiriblər:
- Xəstəxanada mənim ayağımı kəsmək istəyirdilər. Sağ olsun, öz həmyerlimiz, Bakıdan olan bir baş həkim məni xilas etdi, ayağımın kəsilməsinə icazə vermədi. Beləliklə, bir il altı ay hospitalda yatdım, müalicələrimi davam etdirdim. Orada mənə qulluq edən tibb bacısı ilə münasibətim yarandı. O, alman qızı idi. Bir-birimizi çox sevirdik. 1947-ci ilədək sevgi dolu münasibətimiz oldu. Onu hətta Azərbaycana gətirmək istəyirdim. Amma sərhəddə onu buraxmadılar, qatardan zorla düşürüb geri qaytardılar. Bizi ayıranda elə ağlayırdım ki...gözümdən yaş sel kimi axırdı. Hətta ona şeir də qoşmuşdum. İstəyirsinizsə, əzbərdən deyim:
Mən ağladım, sən də mənimlə ağladın
Bağrım başın çalın-çarpaz dağladın.
Mən Qafqaz balası, sən alman qızı.
İcazə versələr, qallam yanımda
Müsəlmanam, qeyrətim var qanımda,
Körpə balam da qalır yanında.
Veteran Azərbaycana dönəndən sonra azərbaycanlı xanımla ailə qurub və 10 uşağı olub. Alman qızla məhəbbəti də elə şeirlərin bəndlərində qalıb, onlar bir daha nə görüşüblər, nə də məktublaşıblar.
- Müharibə cəhənnəmdir. Təsəvvür edin ki, ərzağımız qurtarırdı, jmıx yeyirdik. Aclıqdan torpağa da tamah salırdıq. Kazaklar kartofun qabığını yerdən yığıb yeyirdilər. Çox dəhşətli günlər idi. Bizim kənddən müharibəyə gedən 125 nəfər geri qayıtmadı. Sonradan məlum oldu əsir düşüblər və başqa ölkələrə keçiblər. Heç mənim də sağ qalacağıma ümidim yox idi.
Əsl dəhşət Berlin alınanda yaşanırdı. Elə bilərdin ki, qiyamət günü gəlib çatıb. Hər yeri tüstü, barıt qoxusu bürümüşdü. Alman əsgərləri də zəif deyildilər. Son günə kimi vuruşurdular. Hamı hər an öləcəyini düşünürdü. Mayın 9-u sağ qalan bütün sovet əsgərləri üçün doğum günü idi.
Sizə maraqlı bir məsələni də qeyd edim. Almanlar xəyanətkarları bağışlamırdılar. Bizim əsgərlər Berlinə girəndə küçələrdə asılmış almanların meyitlərini görürdülər. Sən demə, onlar SSRİ xüsusi xidmət orqanlarına işləyirmişlər. Buna görə də onları faşistlər cəzalandırıblar ki, digərlərinə də görk olsun.
Almanların ermənilərdən və yəhudilərdən xoşları gəlmirdi. Hansı milətdən olduğumuzu soruşanda “Muhamməd” deyə cavab verirdik. Yəni müsəlman olduğumuzu bildirirdik.
Bir məqamı da qeyd edim ki, Ağababa kişi 2020-ci ilin noyabrın 8-də Şuşa erməni işğalından azad olunan gün əlində Azərbaycan bayrağını dalğalandıraraq xalq ilə birlikdə “Can Azərbaycan” oxuyub küçələri dolaşırdı.
Onun bu görüntüləri sosial şəbəkələrdə geniş yayılmışdı. O bildirib ki, həmişə arzulayırmış ki, sovetin bayrağını Almaniyada sancdığı kimi Azərbaycan bayrağını da Xankəndidə, Şuşada dalğalandırsın.
Şahanə Rəhimli
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ