Onlayn ictimai-siyasi qəzet
Orta Asiya ölkələrinin başının bəlasına çevrilmiş “Hizb-ut-təhrir” adlı dini ekstremist təşkilatın fəaliyyətini heç cür durdurmaq mümkün olmur. Bu təşkilatın hörümçək toru Qazaxıstan, Qırğıızıstan, Özbəkistan və Tacikistanı əhatə edir.
Bu siyahıdan kənarda qalan hələlik yalnız Türkmənistandır. Hər bir şəxsin xüsusi nəzarətdə olduğu, sərt diktatura rejiminə malik Türkmənistanda hakimiyyətin iradəsindən kənarda heç bir siyasi, dini, hətta mədəni təşkilat fəaliyyət göstərə bilməz. Bunun sayəsində bu ölkədə “Hizb ut-təhrir”ə rəğbət bəsləyən ayrı-ayrı şəxslər Türkmənistanda internetə çıxış məhdud və ciddi nəzarət altında olduğu üçün təşkilatlana bilmirlər.
Budur, xəbər verilir ki, Qırğızıstanda "Hizb ut-təhrir"in üç fəal üzvü saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Onlar Telegram messencerində ekstremist ideyalar və materiallar dərc edir, təşkilata tərəfdar toplayırmışlar.
“Hizb-ut-təhrir” partiyası 1952-ci ildə Fələstində yaradılıb, adının mənası “dirçəliş partiyası”dır. Onun əsas məqsədi müsəlman ölkələrində konstitusiya quruluşunu devirmək və xilafət yaratmaqdır. Bir çox ölkələr bu təşkilatI terrorçu birlik kimi tanınır. Çünki təşkilat öz məqsədinə çatmaq üçün hər yolu, o cümlədən partlayışlar törətmək, “arzuolunmaz şəxs”lərin həyatına sui-qəsd təşkil etmək, dövlət orqanlarına silahlı müqavimət göstərmək kimi istənilən ölkədə ağır cinayət sayılan əməllər törətməyi məqbul sayır.
Ötən əsrin 90-cı illərin əvvəlindən Orta Asiyada güclənməyi və region ölkələrində hakimiyyəti götürməyi planlaşdıran “Hizb ut-təhrir”in radikal ideologiyasının fəal şəkildə yayılması üçün münbit şərait var. Bu regionda sosial-iqtisadi vəziyyətin ağırlığı, işsizlik, korrupsiya və patriarxal ənənələrlə yaşamağı üstün tutan əyalət sakinlərinin ovqatı təşkilatın əhali arasında rişələnməsinə səbəb olur.
İnsanlar hesab edirlər ki, çıxış yolu ölkənin şəriət qaydaları ilə idarə olunmasındadır. Düşüncə belədir ki, dilində “Allah, peyğəmbər, haqq-ədalət, halallıq” kəlmələri olan adamlar ölkəni idarə etsələr, güzəran daha yaxşı olar, haqsızlıq, ədalətsizlik olmaz.
Bu zaman ölkənin öz müstəqilliyini itirəcəyi, onun hansısa ərəb ölkəsindən idarə ediləcəyi kimi gerçəklər beyni dini ideologiya ilə zəhərlənmiş insanların vecinə də deyil.
“Hizb ut-təhrir”in ən güclü olduğu Orta Asiya respyblikası Tacikistandır. Bu ölkədə həmin təşkilatın fəaliyyəti hələ 2001-ci ildə qadağan edilib. Yeddi il sonra “Hizb-ut-təhrir” ekstremist təşkilatlar siyahısına daxil edilib, fəalları qanunla təqib olunur.
Ancaq hələ də yüzlərlə müsəlman Düşənbənin kənarındakı kiçik məsciddə toplaşır. Hakimiyyətin sərəncamında olan ruhanilər kütləyə müraciət edərək dindar müsəlmanları ölkədə qadağan olunmuş islami hərəkatların xarici emissarlarına və onların yerli əlaltılarına uymamağa çağırır. Bununla belə, dini ekstremistlərin insanlara təsirinin nəzərəçarpacaq dərəcədə artdığı qeyd olunur.
Əvvəlki illərdən fərqli olaraq bu təşkilata təkcə təhsilsiz, təcrübəsiz kənd sakinləri daxil olmurlar, eyni zamanda partiyaya savadlı, uğurlu gənclər, o cümlədən şəhər adamları cəlb olunur. Onların çoxu indiki hakimiyyətdən, dövlətin kadr siyasətindən narazıdırlar və ölkənin özlərinin idarə etməsinin istəyirlər. Söz yox ki, “beyin landromatı” da öz işini görür, “gələcək rəhbərlər” sadəlövh insanları “hər şeyin yaxşı olacağı”na inandırırlar.
“Hizb ut-təhrir”in Tacikistanda qadağan olunmasından bəri bu təşkilatın yüzlərlə fəalı saxlanılıb ki, onların da çoxu yaxın qohumlardır. Əslində saxlanılanlar daha çox ola bilərdi, amma təşkilatın sxemi elə qurulub ki, kiçik hücrələrin üzvləri qrupda kimin lider, kimin sıravi üzv olduğunu bilmirlər və bir-birlərini ələ vermək imkanları yoxdur. Nəhəng şəbəkə bir-biri ilə qarşılıqlı əlaqədə olmayan kiçik hücrələrə bölünüb. Ona görə də bir qruplaşmanın üzvləri saxlanılarkən yalnız şəxsən tanıdıqları bir neçə tərəfdarın adını çəkə bilirlər. Təşkilatçıları isə heç kim tanımır.
Təbii ki, radikal dini cərəyanların aktivləşməsi Tacikistan hakimiyyətinin ciddi narahatlığına səbəb olur və preventiv tədbirlər görməklə onları zərərsizləşdirməyə çalışır. Problemin həlli istiqamətində görülən işlər nəticə vermir. Əksinə, ölkə əhalisinin dindar hissəsi arasında radikal meyllər artır. Əhalinin dindar kəsiminin xüsusi çəkisi artdıqca, “Hizb ut-təhrir” kimi təşkilatların özünə tərafdar toplaması asanlaşır.
Görünür, qonşu Əfqanıstanda dini ekstremist təşkilat olan “Taliban”ın hakimiyyətə gəlməsi Tacikistanda, eləcə də Orta Asiyanın digər ölkələrindəki radikal dindarları həvəsləndirib və onlar düşünürlər ki, bir az da çoxalsalar və səy göstərsələr, “qardaş əfqanlar kimi xoşbəxtlik qapısını aça bilərlər”.
Özbəkistanda isə nə “Hizb ut-təhrir”in, nə də digər radikal dini təşkilatların əl-qol açmasına imkan vermirlər. Bu ölkədə hakimiyyət dini sahəni tamamilə nəzarətə götürüb, yeni-yeni camelər, dini mərkəzlər tikdirir, tədbirlər, dini forumlar, konfranslar keçirir. Bundan başqa, hakimiyyət orqanları hər bir məscidi videokamera müşahidəsi altına alaraq, orada nə kimi söhbətlərin getdiyini, kimlərin nə məqsədlə toplaşdığını yerli-yataqlı öyrənir. Xarici ölkələrdən dini missiya ilə Özbəkistana gələnlərin hamısına nəzarət edilir, ərəblərə məxsus libas, görünüş tərzi təqdir olunmur, ortodoksal dini ehkamların, şəriət rejiminin təbliğinə icazə verilmir.
Bir sözlə, Özbəkistan hakimiyyəti çalışır k, din məscid və camelərdə öz missiyasını yerinə yetirsin, insanların mənəvi dünyasına müraciət etsin, dövlət siyasətinə, ölkənin idarə edilməsi işinə “töhfə verməyə” qalxmasın.
Düşənbədə olduğu kimi, Astana, Daşkənd və Bişkekdə də “Hizb ut-təhrir”in əsl niyyətinin nə olduğunu bilirlər və yumşaq tərpənərək öz ölkələrinin milli dövlətçiliyini hansısa ərəb əmirliyinin və ya “vahid xilafət” kimi utopik bir dövlətin iradəsi altına vermək istəmirlər.
Ancaq Orta Asiya ölkələrindəki fanatiklər ordusu elə düşünmür, onlar yavaş-yavaş öz məqsədlərinə çatacaqlarını xəyal edirlər.
Hazırda Orta Asiya ölkələrinin liderlərinin qırımından belə çıxır ki, təşkilatn qızıl dövrü arxada qalıb. 1993-cü ildə təşkilatın nümayəndələrindən biri Özbəkistan prezidenti İslam Kərimovla görüşə, onunla təşkilatın nizamnaməsi və proqramı ilə bağlı müzakirə apara bilirdisə, hazırda onun istənilən üzvü dərhal həbs edilir.
Yəqin ki, “Hizb ut-təhrir” bizim ölkəmizə də sızmağa çalışıb, amma bu, ona müyəssər olmayıb. Əvəzində bizim ölkəmizdə də başqa dini ekstremist qüvvələr, xarici ölkələrin maraqlarını güdən, özünü onların əsgəri sayan insanlar var. Əlverişli mühit yaranarsa, onlar ortaya çıxmağa çalışacaqlar (belə cəhdlər bir neçə dəfə olub). Bu sahədə mülayim davranmaq kobud səhv olardı.
Milli dövlətççiliyə malik olmaq böyük nemətdir. Əsas ideologiya da bu olmalıdır. Marksizm-leninizm və ya ümmətçilik kimi qlobal ideyalar yad və sırınma ideologiyalardır, başqa xalqların, mədəniyyətlərin dominantlığının bərqərar edilməsi planına xidmət edir.
Araz Altaylı, Musavat.com
13 Iyul 2025
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ