İnsanlara hürriyət, millətlərə istiqlal!

“Binokl diplomatiyası”nın özünüifşası - Rusiya Bakıya görə narahatdır?

Aİ missiyasının regiondakı varlığı Kremlin Cənubi Qafqaz planlarını pozur - İki mütəxəssisdən fərqli mövqe

Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası bir müddətdir ki, təkcə Azərbaycanın deyil, artıq Rusiyanın da tənqid hədəfinə çevrilib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Aİ-nin Ermənistandakı missiyası Azərbaycana qarşı casusluq fəaliyyəti həyata keçirir:

“Moskva Bakının bu missiya ilə bağlı narahatlığını anlayır və bunu tam haqlı hesab edir. Qondarma missiyanın əməkdaşları Ermənistanla sərhəddə yerləşən qonşu ölkələrə casusluq edir. Onlar nə Ermənistan rəhbərliyinə hesabat verirlər, nə də regionun sabitliyinə töhfə verirlər”, - deyə Zaxarova bildirib.

Bu ittihamın fonunda bir sıra mühüm suallar aktuallaşır: Rusiya bu çıxışla əslində kimi müdafiə edir - Bakınımı, yoxsa öz geosiyasi maraqlarını? Aİ missiyasının regiondakı varlığı Rusiyanın Cənubi Qafqaz planlarını necə pozur?

Rusiya diplomatiyasının bu çıxışı ilk baxışdan Azərbaycanın maraqları ilə səsləşir. Axı rəsmi Bakı da uzun müddətdir ki, Aİ missiyasının regiondakı casus fəaliyyətindən narazılıq edir. Azərbaycan tərəfi hesab edir ki, missiya Ermənistan ərazisində yerləşsə də, bir növ Bakı üzərində təzyiq vasitəsinə çevrilib.

Lakin Zaxarovanın bəyanatını sadəcə Bakının hüquqlarını müdafiə kimi qiymətləndirmək sadəlövhlük olardı. Çünki Aİ-nin Ermənistandakı missiyası ilk növbədə Rusiyanın Cənubi Qafqazdakı monopoliyasını sarsıdır. Rusiya özünü hələ də bölgədə yeganə “hakim” kimi görmək istəyir. Avropa İttifaqının regionda möhkəmlənməsi isə Kremlin bölgə siyasətinə ciddi alternativ yaradır. Unutmaq olmaz ki, Aİ-nin müşahidə missiyası mülki olsa da, faktiki olaraq Qərbin regionda mövcudluğunun əsas rəmzidir. Rusiya üçün bu, xüsusilə Ermənistanın öz təhlükəsizlik kursunu tədricən Qərbə yönəltməsi fonunda təhlükəli tendensiyadır.

Əgər əvvəllər İrəvan tam şəkildə KTMT-yə və Rusiya ordusunun Ermənistan ərazisindəki bazalarına güvənirdisə, son aylar Paşinyan hökumətinin Qərblə sıx əməkdaşlığı, ABŞ və Fransa ilə hərbi sahədə təmasları, Aİ missiyasına güvəni Moskvanı açıq narazı salıb. Zaxarovanın sərt ritorikasının arxasında da məhz bu geosiyasi yön var.

Azərbaycanla Ermənistan arasında bu ilin martında razılaşdırılmış sülh sənədinin son bəndlərindən biri diqqət çəkir: tərəflər üçüncü qüvvələrin - xüsusilə də hərbi qüvvələrin iki ölkə sərhədində yerləşməməsi öhdəliyini qəbul ediblər.

Bu, o deməkdir ki, Aİ missiyasının Ermənistan ərazisində fəaliyyəti, hər nə qədər mülki kimi təqdim olunsa da, Azərbaycan üçün razılaşdırılmış öhdəliklərin pozulması anlamına gəlir. Rəsmi Bakı bu məsələni mütəmadi şəkildə gündəmə gətirir. Zaxarovanın son bəyanatı da bu kontekstdə rəsmi Moskvanın “Azərbaycanın tərəfində dayanmaq” görüntüsü yaratmaq cəhdidir, lakin mahiyyət etibarilə Kremlin öz maraqlarının müdafiəsi və Aİ-nin sıxışdırılması məqsədi daşıyır.

Rusiya və Aİ arasında bu cür açıq ritorik qarşıdurma, əslində, Azərbaycanın diplomatik manevr imkanlarını artırır. Lakin Bakının bu gərginlikdən necə istifadə etməsi onun balanslı xarici siyasət kursundan asılı olacaq.

Azərbaycan Aİ-nin birtərəfli mövqeyinə qarşı haqlı iradlarını bildirərkən, eyni zamanda Rusiya ilə də həddən artıq yaxınlaşmaqdan çəkinməlidir. Çünki regionda yaranan yeni geosiyasi düzən təkcə Qərbin deyil, Rusiyanın da öz maraqları naminə Cənubi Qafqazda dominantlığı bərpa etmək cəhdlərini gücləndirə bilər.

Tofiq Abbasov (politoloq) — Vikipediya

 Tofiq Abbasov

Politoloq Tofiq Abbasov “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, sərhəddə müşahidə missiyasının casus fəaliyyəti ilə bağlı Azərbaycan və Rusiyanın mövqeləri üst-üstə düşür: “Bəlli məsələdir ki, Avropadan gələn müşahidəçilər casusluqla məşğuldurlar. Əvvəlcədən demişik ki, müşahidə missiyasına regionda heç bir lüzum yoxdur. Ermənistan bu missiyanı Emmanuel Makronun təkidi ilə bölgəyə buraxdı. Nəticədə ”binokl diplomatiyası"nın casusları bölgə dövlətlərinə qarşı strateji məlumatlar toplamağa başladılar. Qərb bu məlumatlarla Azərbaycanın, Rusiyanın, İranın və Türkiyənin əleyhinə istifadə edə bilər. Zaxarova da onların idbar niyyətlərini vurğulayıb.

Əlbəttə ki, biz Cənubi Qafqazda həmişə Rusiyanın dominantlığını görmüşük. Buna şərait yaradan isə Ermənistan olurdu. Lakin biz son vaxtlar görürük ki, Ermənistan əzəli müttəfiqini aldatmağa çalışır və onun əvəzinə alternativ tapır. Qərbə inteqrasiya etmək üçün o qüvvəni regiona çağırır. Təbii ki, bu da Rusiyanın ürəyincə deyil. Adətən bu proseslərdə Rusiya həmişə Ermənistanın qarşısında idi, onu arxasınca aparırdı. İndi isə vəziyyət dəyişib, Ermənistan vassal olaraq Qərbin himayəsinə keçmək istəyir. Bu baxımdan Rusiya Ermənistandan hazırda narazıdır və müşahidə missiyasını sərt tənqid edir", -politoloq deyib. 

Qulamhüseyn Əlibəyli: “Deputatlar korpusunda dəyişiklik vacibdir” -MÜSAHİBƏ

 Qulamhüseyn Əlibəyli 

Hüquqşünas Qulamhüseyn Əlibəyli isə bildirib ki, Rusiya ilk növbədə öz maraqlarını müdafiə edir: “Əslində Rusiyanın maraqları Azərbaycanın maraqları ilə o qədər də üst-üstə düşmür. Avropa çalışır ki, Rusiyanı Ermənistandan sıxışdırıb çıxarsın. Mülki missiyanın fəaliyyəti də buna xidmət edir. Mülki nəzarət funksiyasından isə söhbət gedə bilməz. Bunu Azərbaycan rəsmiləri də dəfələrlə bəyan edib. Bu missiya eyni zamanda Rusiyanın maraqlarına ziddir. Çünki onun ordusunun fəaliyyətinə nəzarət edir. Ona görə də bu məsələdə Rusiyanın mövqeyi qismən Azərbaycanla üst-üstə düşdüyü üçün Zaxarova belə çıxışlar edir. Azərbaycan bu məsələdə öz suverenliyinin müdafiəsi üçün fəaliyyət göstərir, Rusiya isə Cənubi Qafqazdan çıxmamaq üçün çalışır. Əks halda Rusiya heç vaxt rəsmi bakının maraqlarını müdafiə etməz. Nəzərə alaq ki, son vaxtlar Rusiya Qarabağdakı keçmiş qondarma rejimlə bağlı aktivləşib. Bu yöndə müəyyən fikirlər səsləndirirlər, revanşist qüvvələrə bu və ya digər formada dəstək göstərirlər.  Bu isə onu göstərir ki, Rusiya Azərbaycanı yox, öz maraqlarını müdafiə edir. Missiya məsələsində isə maraqlar qismən üst-üstə düşdüyü üçün Azərbaycanı müdafiə edən tərəf kimi özünü göstərir. Əslində isə burada böyük imperiya, SSRİ-ni bərpası ilə əlaqəli maraqlardan söhbət gedir”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR