İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-də gərgin gündəm: İranın taleyi Rusiya və Çindən asılıdır

Ekspert deyir ki, İranla bağlı qərarın nəticəsi bəllidir...

Bu gün BMT Təhlükəsizlik Şurasında Rusiya və Çin tərəfindən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin icrasının uzadılmasına dair təklif olunan qətnamə layihəsi səsverməyə çıxarılacaq.

Musavat.com-un xəbərinə görə, məlumatı jurnalistlərə Koreya Respublikasının BMT-dəki daimi nümayəndəliyi açıqlayıb.

Qeyd edək ki, 2231 saylı qətnamə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının və sazişin dəstəklənməsi üçün qəbul edilib və Tehrana qarşı BMT sanksiyalarına fasilə verilməsini nəzərdə tutur. Bildirilir ki, Təhlükəsizlik Şurası nüvə silahlarının yayılmaması gündəliyi ilə bağlı iclas keçirəcək və orada BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətinin uzadılmasına dair Rusiya və Çin tərəfindən təklif olunan qətnamə layihəsi səsverməyə çıxarılacaq.

Yeri gəlmişkən, Avropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya qətnamənin müddətinin uzadılmaması, İrana qarşı sanksiyaların bərpa olunması təklifi ilə çıxış ediblər.

Bəs qətnamənin müddəti uzadılmasa və sanksiyalar bərpa olunsa, bu, İran daxilində və regionda hansı siyasi və iqtisadi nəticələrə gətirib çıxara bilər?

SEHLA SON.jpeg (147 KB)

Musavat.com-a mövzunu şərh edən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq məsələlər üzrə ekspert Şəhla Cəlilzadə deyib ki, BMT Təhlükəsizlik Şurasında hər hansı qərarın qəbul edilməsi üçün 5 daimi üzvün yekdil şəkildə, ümumilikdə isə TŞ-nin 15 daimi və qeyri-daimi üzvündən 9-nun “lehinə” qərarı olmalıdır:

“Nəzərə alsaq ki, daimi üzvlərin, yəni ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çinin hər birinin veto hüququ var, bu o deməkdir ki, əgər Rusiya və Çin BMT TŞ-də müzakirə olunan hər hansı qətnamə layihəsinə qarşı çıxarsa, o qəbul oluna bilməz. Tarixdə elə bir presedent yoxdur ki, TŞ daimi üzvü qətnaməyə “yox” desin, amma qətnamə qəbul edilsin. Bu məntiqlə yanaşdıqda Böyük Britaniya, Fransa və ABŞ İrana qarşı sanksiyaların bərpa olunmasına səs versə belə, Rusiya və Çinin qarşı çıxdığına görə qərar qəbul edilməyəcək.

19 sentyabrda Rusiya, Çin, Əlcəzair və Pakistan hazırki BMT TŞ üzvləri olaraq keçirdikləri görüşdə İrana qarşı sanksiyaların bərpa olunmamasına dair mövqelərini irəli sürüblər”.

Ekspert xatırladıb ki, daha öncə Rusiya və Çin sanksiyaların bərpası təklifi ilə çıxış edən Britaniya, Fransa və Almaniya üçlüsünü sərt tənqid etmişdi:

“Beləliklə, bu gün BMT-nin hazırki 80-ci sessiyası çərçivəsində müvafiq səsvermə formal olaraq baş tutur, lakin onun nəticələri demək olar ki, məlumdur. İrana qarşı beynəlxalq sanksiya hədələri fonunda Rusiyanın İranla yeni razılaşmaları, 2040-cı ilədək burada 8 yeni nüvə elektrik stansiyası inşa etmək hədəfinin elan olunması xüsusilə diqqət çəkir. Dünyanın gedərək daha çox Qlobal Şimal və Qlobal Cənub kampına bölündüyü bir vaxtda Rusiya coğrafi olaraq ən şimal ölkə olsa da, geosiyasi olaraq Qlobal Cənubun maraqları prizmasından çıxış edir və İranla birlikdə Qərbə qarşı mövqe sərgiləyir.

Aydın məsələdir ki, BMT TŞ qərarı ilə bütün dünyanı İrana qarşı sanksiyalara məcbur edə bilməyən Qərb bloku, yaxud Qlobal Şimal İrana və Rusiyaya qarşı iqtisadi təzyiqlərini qarşıdakı dövrdə artıracaq”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR