Onlayn ictimai-siyasi qəzet
6 fevral 2023-cü il zəlzələlərində zərər görmüş Hatay Hava Limanı 1 ay müddətinə bağlı qalacaq.
Musavat.com xəbər verir ki, bu barədə Hatay valisi Mustafa Masatlı bildirib.
O qeyd edib ki, Hatay Hava Limanının daha güclü, rahat və yüksək tutumlu vəziyyətə gətirilməsi məqsədilə başladılan layihə çərçivəsində 1 avqust - 1 sentyabr tarixləri arasında bağlı olacaq.
Mustafa Masatlı deyib:
“Əsrin fəlakətində Hatay Hava Limanı da ciddi ziyan gördü. Zəlzələnin ilk günlərində bölgəyə personal və yardımın çatdırılması baxımından komanda və qruplarımızın fədakar fəaliyyəti nəticəsində uçuşlar davam etdirildi. Lakin daha geniş tutumlu və hataylı həmvətənlərimiz üçün daha komfortlu uçuşların həyata keçirilə bilməsi üçün 2023-cü ilin oktyabr ayında Hatay Hava Limanı PAT Sahələrinin Təmir və İnkişafı layihəsi tenderə çıxarıldı, hava limanının əvvəlkindən daha güclü, daha gözəl və daha funksional işləməsi üçün işlərə başlanıldı.
Bu meqa layihə çərçivəsində mövcud uçuş-enmə zolağının yenilənməsi, yeni uçuş zolağının tikintisi, paralel taksi yollarının yaradılması, yeni təhlükəsizlik sistemlərinin qurulması və infrastrukturun yenilənməsi də daxil olmaqla bir çox mühüm işlər həyata keçiriləcək.
Layihənin 1-ci mərhələsi çərçivəsində 2720 metr uzunluğunda və 45 metr enində yeni yardımçı uçuş-enmə zolağı, taksi yolu, 10 təyyarə dayanacaq mövqeli apron, tənzimləyici bina və istilik mərkəzinin 1 sentyabr 2025-ci il tarixinə qədər tamamlanaraq istifadəyə verilməsi planlaşdırılır. Bu müddət ərzində təcili vəziyyətlər üçün helikopter eniş və qalxışlarına icazə veriləcək”.
Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ