İnsanlara hürriyət, millətlərə istiqlal!

"Cərrahi əməliyyatı şouya çevirmək doğru deyil!" - Peşəkar həkimdən SOS

“Təxminən 10 il öncə peşəkarlığına hörmət etdiyim bir jurnalist soruşmuşdu ki, cərrahi əməliyyatı canlı çəkib sosial şəbəkələrdə paylaşmaq düzgündürmü? Cavabım qısa olmuşdu – Xeyr!”

Musavat.com bildirir ki, bu barədə pediatr Vaqif Qarayev deyib.

VAQİF.jpg (31 KB)

Pediatr qeyd edib ki, əvvəllər belə görüntüləri çox az adam paylaşırdı, indi isə hamı paylaşır.

“Bu gün də eyni fikirdəyəm: belə görüntülər publik auditoriyada deyil, yalnız peşəkarlar üçün paylaşılmalıdır!

Cərrah dostlarım inciməsin. İTS (İcbari Tibbi Sığorta) işə düşməzdən əvvəl özünüreklam üçün bu paylaşımlara bəlkə də ehtiyac vardı. Amma indi axı xəstə ziyarəti problemi yoxdur – sığortalı pasiyentlər artıq özləri “göndərir” cərrah qəbuluna. Etik baxımdan da bunu düzgün hesab etmirəm.

İzləyicilərin emosional və psixoloji durumu mütləq nəzərə alınmalıdır. Elə adam var, bir damcı qan görən kimi huşunu itirir. Peşəkar fəaliyyəti şouya çevirmək doğru deyil!”, - deyə Vaqif Qarayev vurğulayıb.

Xatırladaq ki, bir neçə gün öncə “Baylarsoylar” adı ilə tanınan bloger Arifə Məmmədovanın süni mayalanma əməliyyatından çəkdiyi reklam görüntüləri həkimə baha başa gəlib.

Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzi həmin klinikada yoxlama keçirib. Araşdırmanın nəticəsi olaraq, həkim Vüsalə Rəhimovaya klinikanın direktoru tərəfindən töhmət, baş həkim Aynur Cavadovaya isə rəsmi xəbərdarlıq elan olunub.

Qeyd olunub ki, əməliyyat zamanı həkimin və ya kənar şəxsin sosial şəbəkələrdə canlı yayım və çəkiliş aparması səhiyyə nazirinin 29 dekabr 2011-ci il tarixli əmri ilə təsdiq olunmuş “Həkimlərin etik davranış qaydaları”na və digər müvafiq normativ hüquqi aktlara ziddir.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR