Onlayn ictimai-siyasi qəzet
Çin Qazaxıstanla intensiv əməkdaşlıq etmək və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) mövqeyini birgə gücləndirmək niyyətindədir.
Musavat.com xəbər verir ki, bu, Pekində Çinin xarici işlər naziri Vanq Yi ilə qazaxıstanlı həmkarı Yermek Koşerbayev arasındakı görüşdən sonra Çin xarici siyasət idarəsinin yaydığı açıqlamada əksini tapıb.
Çin Xarici İşlər Nazirliyinin veb saytında yerləşdirilən açıqlamada nazirin dediklərinə yer verilib: "Çin qarşılıqlı strateji etimadı gücləndirməyə, uzunmüddətli dostluğu qorumağa, "Bir kəmər, bir yol" təşəbbüsünü fəal şəkildə həyata keçirməyə və Çin-Qazaxıstan münasibətlərini yeni səviyyəyə qaldırmağa hazırdır”.
Çinli diplomat aydınlaşdırıb ki, Pekin Astana ilə əməkdaşlığı diplomatik prioritet kimi görür və iki ölkənin əsas maraqlarına təsir edən məsələlərdə yüksək səviyyəli mübadilələr aparmağa və güclü qarşılıqlı dəstək göstərməyə davam edəcək: "Biz Qazaxıstanın ŞƏT və Çin-Mərkəzi Asiya mexanizmi kimi platformalardakı müsbət rolunu yüksək qiymətləndiririk və Qazaxıstanla birlikdə bu platformaları davamlı olaraq gücləndirmək və genişləndirmək üçün işləməyə hazırıq ki, onlar regionda sülhün və inkişafın qorunmasında daha da əhəmiyyətli rol oynasınlar".
Onun sözlərinə görə, Çin ticarət, iqtisadiyyat və investisiya kimi vacib sahələrdə Qazaxıstanla əməkdaşlığı dərinləşdirməkdə, nəqliyyat əlçatanlığını təmin etməkdə, enerji və təbii sərvətlərin inkişafında, elmi, texnoloji və innovativ layihələrin təşviqində və sıx mədəni və humanitar əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Vanq Yi vurğulayıb ki, Çin islahatları hərtərəfli şəkildə dərinləşdirməyə, yüksək səviyyəli açıqlığı genişləndirməyə və yeni milli inkişaf modelinin formalaşmasını sürətləndirməyə davam edəcək: "Çinin yüksək keyfiyyətli inkişafı Qazaxıstan da daxil olmaqla bütün ölkələr üçün daha əlverişli imkanlar yaradacaq və ortaq gələcəyə malik insan icmasının qurulmasına töhfə verəcək".
Qeyd edək ki, tezliklər Qazaxıstan da daxil olmaqla, Mərkəzi Asiya dövlət başçılarının ABŞ-a səfəri baş tutacaq. Dövlət başçılarının prezident Donald Trampla yüksək səviyyədə görüşü hazırlanır. Bu səfərlə bağlı məlumat yayılandan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov da “Rusiyanın qonşularının ondan aralanmasına” imkan verməyəcəklərinə dair xəbərdarlıqla çıxış edib.
Çin XİN başçısının açıqlamaları Pekinin də gözlənilən səfərdən narahat olduğunu göstərir.
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ