İnsanlara hürriyət, millətlərə istiqlal!

Namusuna sataşılmış avtomobil...

Keçmiş vaxtlarda, məsələn, Cahandar ağanın dövründə bir kişinin atının yalını, quyruğunu qırxsalar, bu, ölümcül təhqir sayılırmış və özünə hörmət edən kişi birinci atı güllələyirmiş, sonra axtarıb tapsa, ata sataşanı da güllə və ya xəncərlə vururmuş.

Kimsə “Cahandar ağa kimdir” deyə soruşası olsa, Google-də, Youtube-də axtarış versin.

O kişinin vaxtında belə imiş. Hazırda isə bəzi adamlar buferi vurulmuş, cızılmış avtomobilə “yalı-quyruğu qırxılmış at” kimi baxırlar, az qalırlar maşından imtina etsinlər. Belə maşınqulu adamlar var. Qəza mübahisəsi zamanı maşını vurulanın vurana “ala, yox e, bu maşında bir dənə cızıq yox idi, nə düzəltdirmək, ala, mənə dəxli yoxdur, salondan bunun eynisini alıb verəcəksən” dediyini şəxsən eşitmişəm. Adam cızılmış maşın sürə bilməz, sanki maşının bəkarəti pozulub.

Bu cür adamlar maşına xəsarət yetirən adamı az qalırlar öldürsünlər. “Döysünlər” felini ona görə işlətmirəm ki, bunu onsuz da tez-tez edirlər.

Bildiyiniz kimi, mədəni ölkələrdə maşın maşına dəyəndə sürücülər baş vermiş hadisəyə görə təəssüflərini bildirir, sonra hadisə yerinə yol polisi və sığorta agentlərini çağırırlar, məsələ bitir.

Bəzi ölkələrdə isə belə durumlarda sürücülər məsələni şillə-şapalaqla, beysbol dəyənəyi ilə, armaturla, “otvertka” ilə həll etmək istəyirlər.

Xoşbəxtlikdən, bizdə 50:50-yədir. Məsələn, 5-6 dəfə mənim də maşınımı arxadan yüngülvarı zədələyiblər, heç birində düşüb dalaşmamışam. İndi kimsə deyə bilər ki, yəqin, görmüsən ki, gücün çatmayacaq. Yox, vallah. Ən azı 3 epizodda zərərvuranı zərərçəkənə döndərə bilərdim. Hətta bir dəfə mən maşından bir az hirsli düşəndə təqsirkar sürücü sükana qısıldı. Dedim, əmoğlu, narahat olma, canın sağ olsun. Anladım ki, bundan əvvəlki epizodlarda yazığı babat çırpıblar, bir növ, gözüqıpıq olub.

Bir neçə dəfə özüm də yol hərəkəti iştikaçılarının maşınını zədələmişəm, heç birində məni döyməyiblər. Hətta “Altun saray”a dönən yolda vurduğum maşının sürücüsü 1.90 boyda cantaraq biriydi, düşdü, avtomobilinin arxasına, zədəli yerinə baxdı, dinməz-söyləməz halda avtomobilinə oturub getmək istəyəndə arxadan çatdım, dedim, qardaş, gəl 150 metr irəlidəki qamışlıqda (adı da elədir) təmir sexi var, maşınını düzəltdirim. Adam sakitcə “boş şeydir, yolundan qalma” dedi və sürüb getdi. 3 manatlıq zədəyə görə özünü lezvalayan, həyasız adam da görmüşəm.

Amma indi videolar yayılır, saytlar yazır, baxıram ki, bir gömrük polkovniki zədələnmiş buferə görə bir cavan oğlana şillə tutuzdurur, təpik atır, söyür, hədələyir.

İndi o rütbənin, o vəzifənin yiyəsinə yaraşarmı belə hərəkət? Nə böyük iş olub? Maşınının buferi əzilib. Belə lap o bufer ələ gəlmirsə, get, təzəsini al. Buferin yox e, maşının təzəsini. Özü də salondan. Yağın içində olanlardan. Necə deyərlər, sıfır kilometr. O boyda yerdə işləyirsən.

Amma nə bilmək olar, bəlkə sürtülmüş buferə görə cavan oğlanı şillələyən və davam edərək onu asfalta sürtmək istəyən polkovnik dürüst biridir, maaşla dolanır, maşını da 35 il boyunca manat-manat pul yığaraq alıb? Belədirsə, onda onun zərərvuran gənci şillələmək haqqı var – yəni mənəvi haqqı. Qanunun aliliyi bərqərar olunmuş ölkələrdə heç kəsin heç bir halda başqasının şillələmək hüququ yoxdur.

İndi görək hüquq-mühafizə orqanları zərərçəkmiş polkovnikin şikayətini araşdıraraq zərərvuran gənci məsuliyyətə cəlb edəcəkmi?

Deyəcəksiz, tərsinə olmalıydı axı. Onu mən də bilirəm.

Amma o cavan oğlan camaatın atının yalını-quyruğunu qırxıb, yəni ona tən bir iş edib, əsgər ailəsinə sataşıb, tikanlıqda ayaqyalın aparılmalıdır. (Yox, bu başqa filmdəndir, Cahandar ağaya dəxli yoxdur).

Bəs gəncin yediyi şillə necə olsun? Heç nə. Şirinçay hesab eləsin. Düzdür, ortada zərbə qüvvəsinin yarısını itirmiş bir təpik də var. Söyüş və hədələri də üstünə gəlsək, məsələnin məğzi bir az dəyişir.

Gərək nəsə bir ölçü götürülsün və nəticəsi ictimaiyyətə açıqlama verilsin. Yoxsa xalq nə deyər?

Yaxşı olar ki, bəzi avtomobillərin arxasına, böyrünə sürücülərin harada işlədikləri barədə elan yapışdırmaq (məsələn, “PRESS” kimi) imkanı yaradılsın, biz də bilək ki, adam gömrükdə, vergidə, prokurorluqda, o biri güclü-qüvvəli strukturlarda işləyir, vaxtında yol verək, ara məsafəsi saxlayaq, işdir, o, bizim maşınımızı vursa, dərhal üzr istəyək ki, döyülməyək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR