İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehdiyevin zühuru

Ramiz Mehdiyevin Dövlət Şurası yaratmaq üçün Rusiyaya yazdığı məktub haqda xəbərlər ortaya çıxmışdır. Hələlik bunun rəsmi təsdiqi yoxdur, ancaq mübahisə başlanmışdır. Bəziləri iddia edir ki, dövləti ictimai formada, şura yaratmaqla idarəçilik Mehdiyevin xarakterinə ziddir, o, ömrü boyu avtoritar-totalitar metodların tərəfdarı olmuşdur. 

Bununla da Ramiz müəllimi yaxşı tanımadıqlarını göstərirlər. Həmçinin tariximizi yaxşı öyrənməmişlər. Tarixi isə unudanda təkrar yaşamalı olursan. 

Birincisi, Mehdiyevin demokratiya yoluna qədəm qoyması hələ qədim dini kitablarda da öz əksini tapıbdır. Məsələn, Qiyamət günü əlamətlərindən biri budur ki, lənətlik Dəccalı xalq mömin hesab edəcəkdir, onun ardıyca düşəcəkdir. Şeytan əlində Quran kitabı ortalığa çıxıb guya dini yayacaqdır. Mövzumuza çox dəxli olmasa da, Qiyamətin ciddi əlamətlərindən birini də hazırda canlı müşahidə edirsiniz. Buyurun, oxuyun, gözünüz kəllənizə çıxsın: “Sonra Cəbrail soruşdu: "Mənə Qiyamət saatı haqqında xəbər ver." Peyğəmbər buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir”. O soruşdu: “Mənə onun əlamətləri haqqında xəbər ver.” Peyğəmbər buyurdu: “O vaxt ki, cariyə öz ağasını dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcəksən.” (Səhih Muslim, 8). 

Məhz bu dəqiqə çobanlar Bakıda şirkət açıb göydələn tikir, hər siyasətçinin də əlavə uşaqları tapılmaqdadır, ümumiyyətlə, bilinmir kim kimin övladıdır. Lakin yuxarıda yazdığım kimi, mövzumuz bu deyil. İnşallah, dünya biz Qarabağı tam bərpa edənəcən dağılmaz. 

İkincisi, Ramiz müəllim Sovet İttifaqının çökməsində mühüm rol oynamış Meydan hərəkatında iştirak edəndə bu gün onu avtoritar metodlarda suçlayanların çoxu heç dünyaya gəlməmişdi. AXC müdiri Əbülfəz Elçibəyin mətbuat katibi olmuş görkəmli tarixçi alim Ədalət Tahirzadənin “Meydan” gündəlik-kitab-epopeyasının 1988-ci il, 16 may tarixinə aid qeydində oxuyuruq: “Özünü təhqir edilmiş sayan xalq mayın 16-da etiraz mitinqinə toplaşmaq qərarına gəldi. Mən də onlara qoşulub Hökumət evinə tərəf yol aldım. Bu dəfə camaatı şəhərin içi ilə deyil, İçərişəhərdən keçirdilər. Karvansaranın qapısı ağzına çatanda başımı qaldırıb gördüm ki, MK-nın ideoloji katibi Ramiz Mehdiyevlə yanaşı addımlayıram, onun arxasınca isə Baksovetin sədri Oqtay Zeynalov, müavini və başqaları gəlirlər. Neftçilər prospektində böyük izdiham yaranmışdı”. 

Bundan əlavə də Ramiz müəllimin Meydan xalq hərəkatında iştirakı, bəzən hətta Lenin meydanında (o vaxt hələ Azadlıq adlanmırdı) tribunada dayanması barədə şahidlər vardır. 

Əgər o boyda Sovet imperiyasının yerli canişinlərindən biri olarkən müxalif hərəkata qoşulubsa, niyə indi də müxalifətçilik eləməsin? Biz ondan hər cür mütərəqqi addımlar gözləməyə borcluyuq. Hətta ola bilər Ramiz müəllim bu dəqiqə villada qapını arxadan bağlayıb xərçəngin müalicəsi üsullarını tapır. 

Başqa yöndən, Azərbaycanda demokratik hərəkatı bəzən elə matah şey kimi təqdim edirlər, sanki onun liderləri Ramiz müəllimdən daha üstün keyfiyyətlərə malik olmuşlar. Yadınıza bəzi adamları salımmı? Nemət Pənahlı, Etibar Məmmədov, Rəhim Qazıyev, Fərəc Quliyev, Fəzail Ağamalı... Lap elə Əbülfəz Elçibəy, İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyni də xatırlamaqda fayda vardır. Bunların heç birisi Ramiz müəllimdən daha demokrat olduqlarını hər hansı şəkildə isbata yetirməyibdir. Ona görə də bizim son 40 ildə qurduğumuz bütün şura və birliklər karikaturaya oxşayıb. 

Rəhmətliyin uşağı, bizim Ali Sovetə Yaqub Məmmədov, müxalifətin Milli Şurasına isə Rüstəm İbrahimbəyov müdir olub, sizcə, Ramiz müəllimin Dövlət Şurası qurmaq haqqı çatmırmı?

SİDSUH və Demkonqres nə idi, heç onları yada salmayaq. Hər millətdən iki nəfər bir yerə yığışanda nə alınır mövzusunda anekdot var, biz toplananda ən yaxşı halda sünnət toyu keçirdirik, orada belə qan axır. 

Bir də onu deyirlər ki, məktub Rusiyaya ünvanlanıb, Moskva isə burada Dövlət Şurası qurmağa maraqlı olmazdı. Niyə olmasın? 1920-ci ildə də Şura Hökuməti qurmuşdular. 




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR