İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı “dinsiz ölkə” siyahısına kim(lər) daxil edib?

Dindarlardan etiraz: “Əsassız məlumatı yayanlar araşdırılmalıdır”; ekspert: “Ölkə əhalisinin 99 faizinin etiqadı var, 10-15 faizi isə dindardır”

Son günlər sosial mediada və bəzi xəbər portallarında ABŞ-nin "Pew" Araşdırma Mərkəzinə istinad edildiyi deyilərək, dünyanın ən az dindar ölkələrinin siyahısı paylaşılıb. İddialara görə, Çin birinci yerdə qərarlaşır, Avropa və Asiyadan bir sıra ölkələr, o cümlədən Azərbaycan da bu siyahının ilk onluğunda yer alır. Məlumatda bildirilir ki, Azərbaycan 64% göstərici ilə dünyanın ən az dindar ölkələri sırasında 5-ci yerdədir. Həmçinin Norveçdə insanların 62, Belçikada 64, İsveçdə isə 73 faizinin dini inanca malik olmadığı bildirilib.

Lakin bu məlumatın həqiqiliyi və mənbə etibarlılığı barədə dəqiq təsdiq yoxdur. Sorğunun nə vaxt, kimin və hansı metodologiya ilə apardığı barədə rəsmi açıqlama təqdim edilməyib. Buna görə də sosial mediada yayılan bu məlumatın reallığa nə dərəcədə uyğun gəldiyi sual altındadır.

Bununla belə, mövzu Azərbaycan cəmiyyətində geniş müzakirələrə səbəb olub. Çünki ölkəmiz dini inanclarını, mənəvi dəyərlərini qoruyub saxlayan və tarixən dinə bağlı xalq kimi tanınır.

Məlumatın nə dərəcədə həqiqəti əks etdirib-etdirməməsini öyrənmək üçün internet üzərindən kiçik araşdırma apardıqda da hər şey məlum olur. Belə ki, "Pew" Araşdırma Mərkəzinin rəsmi hesabatlarında belə bir siyahı yer almır. "Pew" müxtəlif illərdə din və dindarlıqla bağlı qlobal sorğular həyata keçirib, lakin onların heç birində “dünyanın ən az dindar ölkələri” adlı bir sıralama təqdim olunmayıb və Azərbaycana dair 64 faiz göstəricisi qeyd edilməyib. Sosial şəbəkələrdə yayılan bu məlumat əslində 2018-ci ildə “World Atlas” adlı məlumat saytında dərc olunan bir məqalədən qaynaqlanır. Həmin məqalədə Azərbaycan 64 faiz göstərici ilə “ən az dindar ölkələr” sırasında beşinci yerdə göstərilib. Lakin məqalə heç bir orijinal sorğu və ya elmi mənbəyə istinad etmir və rəqəmlərin haradan götürüldüyü də açıqlanmır. Yəni bu məlumat rəsmi tədqiqat nəticəsi deyil, sadəcə, ümumi məlumat xarakterli yazıdır.

Nəticə etibarilə, sosial mediada yayılan “Azərbaycan dünyanın ən az dindar ölkələrindən biridir” iddiası həqiqəti əks etdirmir. Bu məlumat "Pew" Araşdırma Mərkəzinin deyil, mənbə etibarlılığı şübhə doğuran internet saytlarının paylaşdığı rəqəmlərə əsaslanır. Gerçək sorğular isə göstərir ki, Azərbaycan dini inanclarını və mənəvi dəyərlərini qoruyan, lakin dinin ictimai həyatda nisbətən az rol oynadığı ölkədir.

Ümumiyyətlə, zaman-zaman sosial mediada və bəzi beynəlxalq təşkilatların hesabatlarında da Azərbaycanda dini vəziyyəti ilə bağlı səsləndirilən iddialar gündəmə gəlir. Bəzi Qərb mərkəzli təşkilatlar ölkəmizdə guya dini azadlıqların məhdudlaşdırıldığı, dini icmaların fəaliyyətinə dövlətin müdaxilə etdiyi və ya dini azlıqlara qarşı ayrı-seçkiliyin mövcud olduğu barədə fikirlər irəli sürüblər. Lakin bu iddiaların böyük əksəriyyəti reallığı əks etdirmir və əsaslı faktlara deyil, subyektiv yanaşmalara əsaslanır. 

Tənqidi mənbələr arasında adətən ABŞ Dövlət Departamentinin illik hesabatları, USCIRF (ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyası) və bəzi QHT-lərin, məsələn, “Christian Solidarity International” (CSI) kimi təşkilatların bəyanatları göstərilir. Onlar Azərbaycanın dini azlıqların hüquqları sahəsində vəziyyəti ilə bağlı narahatlıq ifadə edirlər. Lakin həmin hesabatlarda konkret faktlara, rəsmi sənədlərə və ya yerli icmaların rəyinə əsaslanmış ciddi sübut təqdim edilmir. Əksinə, məlumatlar çox zaman anonim mənbələrə, fərdi şikayətlərə və ya kontekstdən çıxarılmış epizodlara istinad edir.

Ekspertlərin fikrincə, bu cür yanaşmalar Azərbaycandakı real dini mühitin tam mənzərəsini əks etdirmir. Bundan əvvəl ABŞ-li ekspert Brenda Shaffer yerli mediaya açıqlamasında bildirib ki, Qərbdə bəzi dairələr Azərbaycanı din sahəsində “avtoritar” ölkə kimi təqdim etməyə çalışsa da, bu iddialar faktlarla təsdiqlənmir. Onun sözlərinə görə, Azərbaycan müsəlman dünyasında ən tolerant ölkələrdən biridir, burada yəhudi, xristian və digər dini icmalar dövlətin dəstəyi ilə sərbəst fəaliyyət göstərir. Ekspert vurğulayır ki, bu cür tənqidlər çox zaman regiondakı geosiyasi maraqlarla əlaqəlidir və real vəziyyəti əks etdirmir.

O da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın multikultural və dini tolerantlıq modeli beynəlxalq səviyyədə dəfələrlə yüksək qiymətləndirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsləri, həmçinin dövlət tərəfindən dini icmalara göstərilən maddi və mənəvi dəstək bunu açıq şəkildə sübut edir. Ölkədə fəaliyyət göstərən pravoslav, katolik, yəhudi və digər dini icmaların nümayəndələri dəfələrlə mətbuata açıqlama verərək dini azadlığın tam təmin olunduğunu bildiriblər. Məsələn, Azərbaycanın ən qədim yəhudi icmalarından olan Qırmızı Qəsəbə sakinləri beynəlxalq tədbirlərdə ölkəmizi “dünyada yeganə müsəlman dövləti kimi yəhudilərin təhlükəsiz yaşadığı və ibadət azadlığının təmin olunduğu məkan” kimi təqdim ediblər. Bakıdakı Katolik Kilsəsinin rəhbərləri dəfələrlə bildiriblər ki, dövlətlə münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır.

Bütün bunlar göstərir ki, Azərbaycanda dini azadlıqların məhdudlaşdırılması barədə iddialar həqiqəti əks etdirmir. Əksinə, ölkə modeli dinlərarası və konfessiyalararası harmoniya baxımından regionda nadir nümunə hesab olunur. Qərb təşkilatlarının hesabatları isə çox zaman siyasi sifariş xarakteri daşıyır, daxili dini münasibətlərin tarixi, sosial və mədəni xüsusiyyətlərini nəzərə almadan hazırlanır. Nəticə etibarilə, Azərbaycanda dini tolerantlıq, azad ibadət və müxtəlif konfessiyaların dinc birgəyaşayışı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu, yalnız rəsmi bəyanatlarda deyil, həm də gündəlik ictimai həyatın reallığında öz təsdiqini tapır. Belə bir şəraitdə Azərbaycanın dini azadlıqlarla bağlı neqativ şəkildə təqdim olunması obyektiv yanaşma deyil və əsaslı elmi, sosial və hüquqi faktlarla təsdiqlənmir. 

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib | Modern.az

 Kənan Rövşənoğlu

Araşdırmaçı jurnalist, dini sahə üzrə mütəxəssis Kənan Rövşənoğlu bizimlə söhbətdə qeyd edir ki, bu iddialar əsassızdır: “O sorğuda sualın qoyuluşu səhvdir və burada bir anlaşılmazlıq var. Yəni Azərbaycanda 64 faiz namaz qılmayanın olduğu deyilib, amma bizdə əksər insanlar namaz qılmasalar da müsəlman olduqlarını bildirir və inancları var. Bu məsələ bir neçə il əvvəl də qaldırılmışdı. Yəni Azərbaycanda ateistlərin sayı ən yaxşı halda 1-2 faiz olar, ən çox 5 faiz ola bilər. Amma qalan insanlar namaz qılıb oruc tutmasalar da, dinsiz də deyillər”. 

Ceyhun Məmmədov: “Bu formada şəxsi əşyaların aşkarlanması, şəklinin çəkilib  paylaşılması doğru deyil” » AzadMedia.az

Ceyhun Məmmədov

İlahiyyatçı deputat Ceyhun Məmmədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Mən də düşünürəm ki, bu cür statistikalar ciddi təhlil olunandan sonra açıqlanmalıdır. Ümumiyyətlə, əvvəlki dövrdə də Azərbaycan tərəfi ABŞ-nin rəsmi qurumlarına bu kimi mövzularla bağlı əməkdaşlıq təklifi irəli sürürdülər ki, dini qurumla bağlı hansısa araşdırmalar aparılarkən Azərbaycanla da məsləhətləşmələr aparılsın, mövqeyimiz açıqlansın. Bu cür fikirlər səsləndirilərkən qeyd etdiyimiz məsələ nəzərə alınmalıdır. Biz deyə bilərik ki, Azərbaycan xalqının 99 faizinin dini inancı var. Bu metodologiya elə hazırlanmalıdır ki, burada dini inancın olub-olmaması, dini ibadətin yerinə yetirib-yetirməmələri nəzərə alınsın. Ölkə əhalisinin 99 faizinin etiqadı var, 10 -15 faizi isə dindardır.  Burada əsas məsələ radikallığın olmamasıdır. Ümumiyyətlə, 65 nisbəti heç bir kriteriyaya əsaslanmır. Bu rəqəm ciddi analiz olunmalıdır, bundan sonra fikir bildirmək olar”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR