Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın tikinti sektorunda yüksək texnoloji inkişaf var. Bu inkişaf Mərkəzi Asiya ölkələri, xüsusilə də Özbəkistan və Qazaxıstan üçün nümunəyə çevrilib.
Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycanda fəaliyyətə başlamasının 15-ci ildönümünü qeyd edən Türkiyənin SBC Otomasyon Sistemleri Sanayi ve Ticaret A.Ş şirkətinin qurucusu Mustafa Değirmenci Bakıda jurnalistlərlə görüşdə deyib.
Onun sözlərinə görə, Azərbaycan ən qabaqcıl tikinti və təhlükəsizlik texnologiyalarının uğurla tətbiqinə nail olub:
“Şirkətimiz müxtəlif binaların, istehsal müəssisələrinin, obyektlərin, evlərin texniki, yanğın və digər təhlükəsizlik sistemlərini qurmaqla məşğuldur. Böyük məmnuniyyətlə deyə bilərəm ki, bu sahədə Azərbaycan ən qabaqcıl texnologiyaları tətbiq edir. Biz hazırda Azərbaycandakı tərəfdaşımızla birlikdə Özbəkistanda layihələrin icrasına başlamağa hazırlaşırıq. Həm Özbəkistanda, həm Qazaxıstanda tikinti sahəsini incələmişik. Onlar müasir texnologiyaların tətbiqi baxımından Azərbaycanın 20 il əvvəlki vəziyyətindədirlər və Azərbaycanı özləri üçün nümunə kimi qəbul edirlər. Biz də buranı Mərkəzi Asiya ölkələrinə nüfuz etmək baxımından əsas mərkəz kimi görürük”.
Türk iş adamının dediyinə görə, Azərbaycanda fəaliyyətə 2010-cu ildən başlayıblar. O vaxtdan SBC Otomasyon Sistemleri Sanayi ve Ticaret A.Ş-nin Azərbaycanda filialı fəaliyyət göstərir. Şirkət avtomatlaşdırma sistemlərinin qurulması, yenilənməsi və texniki xidmət sahəsində ixtisaslaşıb. Şirkət layihələrin idarə olunması, montaj nəzarəti, istismar, montaj və açar təslim həllər, uzaqdan idarəetmə, texniki xidmət, təmir, yanğından mühafizə, binanın idarə edilməsi və ya tam şəkildə idarə olunması üzrə hərtərəfli xidmətlər göstərir. Eyni zamanda avtomatlaşdırma sistemlərinin qurulması və ya mövcud sistemlərin modernləşdirilməsi sahəsində də fəaliyyət göstərir.
Azərbaycan filialının rəhbəri Serkan Kamer bildirib ki, SBC Otomasyon həm yerli, həm də beynəlxalq miqyasda bir çox prestijli layihələrdə iştirak edir:
“Layihələrimiz arasında hotellər, ticarət mərkəzləri, biznes mərkəzləri, laboratoriyalar və dövlət obyektləri kimi müxtəlif istiqamətləri əhatə edən layihələr mövcuddur. Azərbaycandakı ən önəmli layihələrimiz arasında JW Marriott Hotel, Baku Olympic Stadium, BP Khazar Center, Baku Crystal, Port Baku, White City Gateway Office Building , Shahdag VVP Guest Villa, Nargis Shopping Mall, Ministry of TaxesTower, Shahdag Park Chalet Hotel, Nakchivan Airpot və sair var”.
Mustafa Değirmencinin sözlərinə görə, şirkət İsveçrənin Sauter şirkətinin rəsmi distribütorudur:
“Dünyada ən qabaqcıl texnologiyaları tətbiq edirik. Türkiyədə istehsal müəssisələrində robotlarla yanğınsöndürmə sistemlərini qurmuşuq. Bu təcrübəni Azərbaycanda da tətbiq etmək istəyirik. Türkiyədə Akkuyu Aton Elektrik Stansiyasının yanğın təhlükəsizliyi sisteminin qurulmasında iştirak edirik. Eyni iş üçün Macarıstanda Paks AES üçün keçirilən tenderə qatılmışıq, Misirdə də böyük layihələrdə iştirak etməyi planlaşdırırıq. Ümumiyyətlə, türk şirkətlərinin getdiyi, iş qurduğu bütün ölkələrdə varıq.
Dünyada qaranlıq depo deyilən bir system var – istehsal müəssisələrində fövqəladə hallarda insan həyatı üçün təhlükə yaradan bütün işlərin avtomatlaşdırılmış qaydada robotlar tərəfindən icra olunması. Türkiyədə 7 zavodda bu sistemdən qurmuşuq. Bu texnologiya adətən kimya, neft-kimya istehsal müəssisələrində daha çox tətbiq olunur. İnşallah, yaxın 5 ildə Azərbaycanda belə müəssisələr yaradılarsa, tenderə qatılarıq. Bir neçə il əvvəl ABŞ və BMT ilə Qazaxıstan, Bakı, Tiflisdə qurulan bioloji laboratoriyaların texniki və yanğın təhlükəsizliyi sistemlərini biz qurmuşuq”.
Serkan Kamer bildirib ki, Azərsun Holdinqin Sumqayıt Texnologiya Parkında yaratdığı müəssisəni texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi sistemləri ilə onlar təmin ediblər:
“Hazırda Pirallahı sənaye zonasında qurulan əczaçılıq fabrikinin binasında işləyirik. Qarabağda hazırda altyapı qurulur, inşallah, işlər irəlilədikcə, orada da layihələrə qatılmağı planlaşdırırıq”.
İş adamı qeyd edib ki, son 15 ildə Azərbaycanda tikilən əsas binaların hamısında müasir texniki təhlükəsizlik tələblərinə uyğun sistemlər qurulub:
“Bu, xüsusilə Pasha Construction-un tikintilərinə aiddir. Ən müasir sistemlər qurulur. Bu, çox sevindiricidir. Biz işimizin xüsusiyyətinə görə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə heyəti ilə sıx əlaqə oluruq. Çox yaxşı haldır ki, həm rəhbər, həm sıravi heyətdə yanğından mühafizə, yanğının söndürülməsi sahəsində ən müasir biliklər yüksək səviyyədədir. Lakin bunu əhali ilə bağlı demək olmaz. İnsanlar yanğın və ya digər fövqəladə hallarda necə davranmağı, hansı addımlar atmağı, haradan təxliyə olmağı bilmirlər. Bu, yanğınsöndürənlər üçün ciddi problemlər yaradır. Buna görə də vətəndaşların maarifləndirilməsi ən vacib məsələdir”.
Dünya SAKİT,
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ