Onlayn ictimai-siyasi qəzet
Amerika prezidenti Donald Tramp yenə Rusiya-Ukrayna müharibəsi barədə danışıb. Ağ Ev sahibinin dedikləri dünya gündəminə oturub. O, bu müharibənin belə çətinliklə başa çatacağını əvvəlcədən düşünmədiyini etiraf edib.
Trampın dediklərində bu hissə xüsusi diqqət çəkib: “Biz səkkiz münaqişəni həll etdik. Həll olunmamış qalan yeganə münaqişə Rusiya-Ukrayna savaşıdır”.
"Prezident Putinlə yaxın münasibətlərimə görə bunun ən asan iş olacağını düşünürdüm. Məlum oldu ki, bu o qədər də asan deyil. Amma yenə də ediləcək”,-deyə Tramp bildirib.
Ağ Ev sahibi həll etdiyi 8 münaqişə dedikdə hansıları nəzərdə tutur? Doğrudan da, dünyanın əsas supergücü olan ölkənin lideri üçün Putinlə yaxın münasibətlərə baxmayaraq, Rusiya-Ukrayna savaşını durdurmaq bu qədərmi çətindir?
Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirdi ki, Tramp-Putin görüşləri bundan da sonra əhəmiyyətsiz olacaq:
“Trampın Rusiya-Ukrayna müharibəsini danışıqlar yolu ilə həll etməsi mümkün deyil. Onda ola bilər ki, bir tərəf tam güzəştə getsin. Bu, Rusiyanın Qərbə qarşı geopolitik müharibəsidir. Rusiya bu müharibə ilə fövqəldövlət statusu almağa çalışır. Ona görə də burada diplomatik danışıqlar yolu ilə həll mümkün deyil. Tramp yalnız Ukraynaya hərbi dəstəyi artırmaqla müharibənin gedişatını Rusiyanın əleyhinə dəyişə bilər. O, digər münaqişələri ona görə həll edə bilib ki, burada yalnız ərazi münaqişələri olub. Amma, Rusiya -Ukrayna müharibəsi ərazi münaqişəsi deyil. Tramp-Putin görüşünün heç bir müsbət perspektivi də bundan sonra mümkün deyil. Tərəflər öz mövqelərini cəbhə xəttində aydınlaşdıracaqlar”.
Cavanşir ABBASLI
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ