İnsanlara hürriyət, millətlərə istiqlal!

5 dəqiqəlik “sıxlıq intervalları” – Bakı metrosunda nə baş verir?

Bakı Metropolitenində son günlər paytaxt sakinlərinin diqqətini çəkən və narazılığına səbəb olan məqamlardan biri qatarlardakı gecikmələrdir. Xüsusilə günorta saatlarında – 12:00-13:00 aralığında – “Neftçilər” stansiyasından “Dərnəgül” istiqamətində hərəkət edən qatarlarda intervallar 5 dəqiqə, bəzən isə daha çox olur.

Adətən Bakı Metropolitenində intervallar 2-3 dəqiqə arasında dəyişir. Lakin bu saatlarda qatarların gecikməsi sərnişin axınının artmasına və platformalarda gərginlik hiss edilməsinə səbəb olur. Nəticədə “Neftçilər”, “Xalqlar dostluğu”, “Əhmədli” kimi stansiyalarda platformalarda gözləmə müddəti uzanır, bu da həm vaxt itkisi, həm də narahatlıq yaradır.

Yerüstü nəqliyyatda müəyyən təkmilləşmələr aparılsa da, əsas yük hələ də metronun üzərində qalır. Yeni marşrut xətləri açılıb, xüsusi zolaqlar yaradılıb, lakin şəhərdaxili hərəkətin böyük hissəsini yenə də metro daşıyır.

Sərnişinlərin sözlərinə görə, Bakı kimi sıx paytaxtda 5 dəqiqəlik intervalın belə böyük təsiri olur.

“Bir qatarı qaçırdıqda növbətisini gözləmək bəzən ikiqat sıxlıq deməkdir. Xüsusilə günorta saatlarında belə fasilələrin olması həm vaxt itkisinə, həm də narahatlığa səbəb olur”, - deyə sərnişinlər bildirirlər.

Bakı Metropoliteni paytaxtın əsas ictimai nəqliyyat sistemi olaraq hər gün yüz minlərlə sərnişin daşıyır. Lakin bu sıxlıq şəraitində qatarların hərəkət intervallarının 5 dəqiqəyə qədər uzanması artıq paytaxt sakinlərinin haqlı narazılığına səbəb olur. Sərnişinlərin gözləntisi aydındır – metroda fasilələr azalmalı, Bakı nəqliyyatının “əsas arteriyası” olan bu sistem daha operativ və rahat işləməlidir.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Musavat.com-a bildirilib ki, müəyyən saatlarda intervalın 5 dəqiqə olması qayda pozuntusu sayılmır:

“Gün ərzində Bakı Metropoliteninin hərəkət qrafiki normativ tələblərə uyğun təmin olunur. Metropolitenin hər bir qatarı texniki baxış xidməti və qulluq üçün Nərimanov elektrik deposuna çıxmalıdır. Bir sıra hallarda təmir üçün də gedir. Bu, normativ üzrədir. Yəni qatarın nasaz olmasından asılı olmayaraq, 12-20 saat ərzində qatar mütləq xətdən çıxmalıdır”.

Qurumdan qeyd olunub ki, Bakı Metropolitenində yaşıl və qırmızı xətlər “28 May”dan “Əhmədli”yə qədər kəsişərək birləşir:

“Nərimanov deposundan çıxan qatar hər iki xətt üzrə hərəkət edir. Hər iki xəttin qatarları da texniki baxış üçün Nərimanov elektrik deposuna daxil olur. Belə hallar olanda depo xəttin ortasında yerləşdiyi üçün artıq qrafik üzrə bu mütləq nəzərə alınır. Əgər “Bakmil” stansiyasından xəttə qatar daxil olursa, bu o deməkdir ki, “Ulduz” stansiyasından “Əhmədli” stansiyasına qədər həmin vaxt interval elan olunmuş normadan iki dəfə artıq olur. Saat 12-13 arası Bakı Metropoliteninin həmin xətlərində interval 2 dəqiqə yarımla hesablanır.

Qatar “Bakmil” stansiyasından daxil olduğu üçün avtomatik olaraq “Ulduz” stansiyasından “Əhmədli” stansiyasına qədər interval 5 dəqiqə olur. Bu, hər gün olan bir haldır”.

Metropolitendən stansiyalardakı məlumatverici yazılarla bağlı da açıqlama verilib. Bildirilib ki, test rejimində hər bir stansiyada ayrı-ayrılıqda yoxlanılacaq:

“Bununla bağlı “Gənclik” stansiyasında nümunə var. Qatarın gəlmə vaxtı ilə bağlı olan məlumatlar mərhələli şəkildə testdən çıxarılıb bütün stansiyalarda olacaq. Metroda hər bir şey normala uyğun olmalıdır”.

Paytaxt sakinləri isə hesab edirlər ki, bu texniki səbəblər nə qədər əsaslı olsa da, sıxlığa təsir göstərir və sərnişin rahatlığını azaldır. Onların fikrincə, Bakı kimi dinamik şəhərdə 5 dəqiqəlik intervallar artıq qəbulolunmaz hesab edilməlidir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR