Onlayn ictimai-siyasi qəzet
Rusiyada zorakılıqla müşayiət olunan xuliqanlıq halları kəskin şəkildə artıb.
Musavat.com xəbər verir ki, 2025-ci ilin ilk yarısına dair məhkəmə statistikasının təhlilinə əsasən, bu, son illərdə real həbs cəzası ilə nəticələnən ən sürətlə artan cinayət kateqoriyalarından birinə çevrilib.
Qeyd edək ki, Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsi xuliqanlığı ictimai asayişin zorakılıq, silah tətbiqi və ya nifrət motivi ilə kobud şəkildə pozulması kimi müəyyən edir. Bu maddə “inzibati” xuliqanlıqdan (ədəbsiz ifadələr, əmlaka zərər vurma və s.) fərqli olaraq, cinayət məsuliyyəti nəzərdə tutur. 2020-ci ildə Dövlət Duması cəzanı sərtləşdirmişdi: cərimə 500 min rubldan 1 milyon rubla, azadlıqdan məhrumetmə müddəti isə 5 ildən 7 ilə qədər artırılıb.
Əgər 2023-cü ildə xuliqanlıqla bağlı 468, 2024-cü ildə 425 hökm çıxarılmışdısa, 2025-ci ildə bu rəqəm 767-yə yüksəlib – yəni əvvəlki ilə nisbətən 80,5% artım qeydə alınıb.
Bu il 213-cü maddə üzrə 234 nəfər məhkum olunub: onlardan 15-i maddənin birinci hissəsi (təkbaşına törədilmiş xuliqanlıq), 217-si isə daha ağır sayılan ikinci hissə (qrup halında törədilmiş xuliqanlıq) üzrə məsuliyyətə cəlb edilib. 11 nəfər 1 ilə qədər, 173 nəfər 2–3 il, 33 nəfər isə 3–5 il həbs cəzası alıb.
Ümumi cərimələrin məbləği 13,6 milyon rubldan çoxdur. Şərti hökmlərin sayı da artıb: 2024-cü ildə 189 nəfərə qarşı bu il artıq 330 nəfər şərti cəza alıb.
İki rezonans doğuran hadisə
Moskva: Sentyabrda Savyolovski məhkəməsi Çeçenistandan olan 14 yaşlı Muslim Murdiyevi qrup halında törədilmiş xuliqanlığa görə 2 il azadlıqdan məhrum etdi. Onu açıq şəkildə Çeçenistan rəhbəri Ramzan Kadırov müdafiə etmiş və Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə daxili işlər naziri Vladimir Kolokoltsevi “öz yerində oturmamaqda” ittiham etmişdi. Lakin İstintaq Komitəsi Murdiyevin ticarət mərkəzlərində döyüşlər saldığı və təsadüfi insanlara hücum etdiyi videoları yayaraq, ittihamları təsdiqləmişdi. Kadırovun “onun başına heç nə gəlməyəcək” vədi reallaşmayıb.
Çelyabinsk vilayəti: Oktyabrda hərbi kontrakt əsasında “Xüsusi Hərbi Əməliyyat”da (XHƏ) iştirak etmiş Sergey Vixarov barmaqlıqlar arxasına göndərildi. Cəbhədən qayıtdıqdan sonra barlardan birinə AK-74 avtomatı ilə gələrək havaya 36 atəş açmış, ziyarətçiləri qorxutmuşdu. Daha sonra silahı hissələrə ayıraraq gizlətmişdi, lakin məhkəmə onu qanunsuz silah saxlama və xuliqanlıqda təqsirli bilərək 3 il yarım həbs cəzasına məhkum edib.
Yerli ekspert Polina Qrundmane isə bu artımı “cəzasızlıq effekti” ilə izah edir: “Cəbhədən qayıdanlar üçün bu, bir növ sərhədsiz azadlıq hissinə çevrilib - “mənə hər şey olar” düşüncəsi ilə davranırlar”.
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ