İnsanlara hürriyət, millətlərə istiqlal!

Payız budaması, asi olan qayınana və Paşinyanın Paris səfərinin pərdəarxası

Ermənistanın baş naziri Nikol Paşinyan 29-30 oktyabr tarixlərində Fransada işgüzar səfərdə olacaq. Bu gün erməni mediası İrəvanda Paşinyanın “kortej əməliyyatı” ilə bağlı tıxacın yaranmasından şikayətlənirdi. Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında bildirilir ki, baş nazir 8-ci Paris Sülh Konfransında iştirak edəcək.

Həmçinin, 30 oktyabrda Paşinyan Yelisey Sarayında Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

6b5187a2-e8a4-3173-b897-72177205a1db_825.jpg (44 KB)

Makron bəzi istisnalarla, olduğu hər yerə Nikol Paşinyanı çağırır: Brüsselə, Qranadaya və s. Ötən illərdə bir sıra hallarda N.Paşinyan da Azərbaycanın qorxusundan çalışıb ki, getdiyi paytaxtlarda Makron da olsun. Paris Sülh Konfransına Paşinyanın dəvət olunması maraqlı məsələdir. Məntiqlə, ən azı Fransa Azərbaycanı da Konfransa dəvət etməli idi. Təkcə ona görə yox ki, Azərbaycan və Ermənstan arasında əldə olunan tarixi sülh razılaşmasının müəllifi dövlətimiz və dövlət başçımızdır. Həm də ona görə ki, Birinci Dünya Müharibəsindən sonra yeni dünya düzəni qurulanda, 1919-1920-ci illərdə keçirilən Paris Sülh Konfransında Ermənistan nümayəndə heyəti tez-bazar özünü Parisə çatdırıb, ölkəmiz əleyhinə fəaliyyət göstərsə də - bizim nümayəndə heyətinə viza verilmədiyi üçün xeyli müddət İstanbulda gözləməli olmuşdu – sonda sevinən tərəf Azərbaycan oldu, 1920-ci ilin 11 yanvarında Cümhuriyyətimiz de-fakto tanındı. O zaman Azərbaycan ərazilərində yaradılmış 9 min kv.km-lik Ermənistanın nümayəndə heyəti suyu süzülə-süzülə geri döndü. Amma bolşevik-rus işğalından bir neçə ay sonra 114 min kv.km-lik Azərbaycanı tikə-parça eləməyə başladılar, Ermənistan 29 min kv.km-lik əraziyə sahibləndi. Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsini də elə Fransa mətbuatı dərc etmişdi. Bütün bunlar tarixdir və xatırlamaqda fayda var, revanşistlər yerlərini bilsinlər, hətta Ermənistan hakimiyyəti də bir daha cızığından çıxmasın!

Ermənistanı 8-ci Paris Sülh Konfransında təmsil edəcək Nikol Paşinyanın 30 oktyabrda Fransa Prezidenti Emmanuel Makronla görüşü də planlaşdırılır. Heç şübhəsiz ki, Paris səfərində əsas məqsəd elə bu görüşdür. Düzdür, bu il Makron və Paşinyan bir neçə dəfə qucaqlaşıblar, həm Paris səfərində, həm də beynəlxalq tədbirlər çərçivəsində. İyul ayında erməni baş nazir Fransaya işgüzar səfər etmişdi və Yelisey sarayında onların görüşü olmuşdu. O zaman Paşinyan demişdi ki, “Biz Cənubi Qafqazda təhlükəsizliyi və davamlı sülhün qurulması üçün səyləri müzakirə etdik. Bu mühüm prosesdə sarsılmaz dəstəyinə görə Fransaya təşəkkür edirəm”. Amma Makronun sülhə nə qədər “töhfə” verdiyini hamı bilir. Sonuncu “yadigar”ı Ermənistandakı Avropa İttifaqının kəşfiyyat dəstəsidir. Düzdür, son aylar beynəlxalq tədbirlər çərçivəsində Makronun Azərbaycan Prezidenti ilə görüşə can atandan sonra Parisin bölgədəki proseslərə açıq müdaxilələri müşahidə olunmur. Amma Aİ müşahidəçilərinin casusluq fəaliyyətinə son qoyulmayınca, arxayınlaşmaq olmaz, onlara isə rəhbərlik Fransaya məxsusdur. Minsk Qrupunun həmsədrləri kimi Aİ kəşfiyyatçılarını da gəldikləri gerə göndərmək lazımdır, qalıcı sülh istəyirlərsə...

MİSSİYA.jpg (295 KB)

Digər tərəfdən, elə bu günlərdə Fransada bir dəstə erməni yenə də toplaşıb Azərbaycana qarşı sərsəm iddialar sələndirmişdilər, fransız dostlarının iştirakı ilə. Onlar iddia ediblər ki, Qarabağ ermənilərinin məsələsi “insan hüquqları” məsələsidir. 30 ildən artıq Azərbaycan qanunlarını pozan, cinayətlər törədən, yüz minlərlə insanı yurd-yuvasından didərgin salanların və nəhayət, Bakının hər cür təminat vədinə baxmayaraq, Ermənistana köçməyi üstün tutanların hüquqları hardan bunların yadına düşdü? Görünən budur ki, yenə də qaşınmayan yerdən qan çıxartmaq istəyirlər, özü də Parisdə. Qarabağa qarşı iddialar da ilk olaraq Fransada tirajlanmışdı. İndi də başqa hava çalmağa başlayırlar, “sülh istəyən” Makronun ölkəsində. Özü də Paris Sülh Konfransı ərəfəsində...

İstisna deyil ki, Paşinyan Makrona hesabat verməyə və ondan məsləhətlər almağa gedir. Elə iyuldakı səfər də Vaşinqton razılaşmasından öncə reallaşmışdı. Hazırda isə gündəlikdə daha çox məsələlər var. Azərbaycan Prezidentinin Ermənistana taxıl yolunu açıq elan etməsindən sonra Bakının İrəvandan ciddi gözləntiləri var. Konkret olaraq Zəngəzur dəhlizində işə başlamaqla bağlı. Ermənistan bunun qarşılığını Marqara-Gorus marşrutu ilə verməyə çalışsa da, bu, Zəngəzuru əvəz edən təklif deyil və Azərbaycanda maraq doğurmayıb. Zəngəzur dəhlizində işlərə başlamaq üçün Paşinyan Rusiya səddini – həm də İranla sərhəddəki rus sərhədçilərini – adlamalıdır. Düzdür, Paşinyan bunun üçün prezident Putinlə görüşdü, onun könlünü almağa çalışdı, ardınca Düşənbədə bir araya gəldilər, indi də Təhülkəsizlik Şurasının baş katibi Armen Qriqoryanı MDB toplantısına göndərir. Bununla demək istəyir ki, baxın, Qərbə ən çox bağlı olan adamımı da 3 ildən sonra sizin iclasa yolladım, mənim seçki hədəflərimə qarşı çıxmayın! Amma Rusiya üçün Paşinyan heç də etibarlı adam deyil və Kremlə anlayırlar ki, o, 2026-cı ilin iyunundakı seçkilərində qələbə qazandıqdan sonra Avropaya daha açıq şəkildə can atacaq. Onsuz da İrəvan ilkin addımları atıb, parlament səviyyəsində qərar verib və üzvlük üçün müraciətə hazırlaşır.

Bütün bunlar onu deməyə əsas verir ki, Nikol Paşinyan özünün də vəziyyəti yaxşı olmayan Makrondan məsləhətlər almağa gedib: növbədənkənar parlament seçkiləri keçirim, ya yox? Kilsənin küncə sıxışdırılması, milyarder Samvel Karapetyanın həbsi, Gümrünün rusiyapərəst verinin başının dəstəsi ilə dama basılmasından sonra Kreml qəzəblidir, hər an Paşinyan üçün sürpriz təşkil oluna bilər, seçkilərə isə xeyli var. Təsadüfi deyil ki, “Hraparak” qəzeti Paşinyanın növbədənkənar seçkilərə hazırlaşdığını yazıb. “Paşinyanın yaxın çevrəsini təəccübləndirən məqam seçkilərə hələ 8 ay qalmış artıq seçki qərargahının rəhbərinin və təşviqat üzrə müavinin təyin edilməsi olub. Bu tələskənlik hökumət komandasını baş nazirin növbədənkənar seçkilərə hazırlaşdığı qənaətinə gətirib”, – nəşr bildirib. Seçki qərargahına baş nazirin aparat rəhbəri Araik Arutyunyan təyin olunub. 2021-ci ildə bu vəzifəni müdafiə naziri Suren Papikyan icra edirdi.

eiB7DK48uB8wt77xEo55OszpXCq0NpqgU7VDxyGb_825.jpg (79 KB)

Növbədənkənar seçkilər keçirməklə Paşinyan başı öz müsibətinə qarışmış, xalaları ilə eşq məcaraları yaşayan keşişlərdən tutmuş, həbsdə çıxmaq və ya həbsə düşməməkdən ötrü çıxış yolları arayan rəqiblərinə, o cümlədən Qarabağ klanına nəfəs almağa belə imkan vermədən qələbəsini təmin edə bilər. Təsəvvür edin, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan hansısa merin baş nazirliyə namizədliyini müdafiə etməyi planlaşdırır, Paşinyana qarşı etimadsızlıq üçün barəsində cinayət işi olan deputatın köməyinə ümid edir. Paşinyanın rəqibləri hazırda o qədər gücsüzdür ki... Təkcə bir fakt: Gümrü meri Vardan Qukasyanın həbsindən sonra polis nəzarətinə götürülən 41 nəfərdən 24-ü barəsində 2 aylıq həbs-qətimkan tədbiri, 15-i ev dustaqlığı, 1-i isə inzibati nəzarətə götürülüb. Həbs olunanlar arasında Vardan Qukasyanın nəvəsi, meriya departamentinin rəhbəri Artur Mesropyan və müşaviri Aşot Petrosyan da var. Təsəvvür edin, “Mülki Müqavilə” partiyasından olan parlament üzvü Karen Saruxanyanın qayınanası belə, ev dustaqlığındadır. Paşinyan ona asi olan heç kəsi bağışlamır. İndi də Ermənistanda yeni həbslərin olacağı barədə xəbərlər yayılıb. Paşinyan “payız budaması” aparır.

Sabah isə vəziyyət qəlizləşə bilər. Məsələn, Rusiya bir qış günündə qazın qiymətini qaldırsa, ya kəssə, ermənilər Paşinyanın sarayında ocaq çata bilər...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR