İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “şoko-terapiya”ya başladı – Kilsə və revanşistlər panikada

Ermənistanda parlament seçkilərinin qabağa çəkiləcəyi barədə xəbərlər artıb. Yerli media yazır ki, seçkilərə 8 ay qalmış (iyun, 2026) indidən hakim partiyada seçki qərargahı rəhbərinin və təşviqat üzrə müavinin təyin olunması məhz bundan xəbər verir.

Belədirsə, deməli, Bakının çoxdan gözlədiyi konstitusiya dəyişikliyi ilə bağlı referendum və sülh müqaviləsinin imzalanması da tezləşə bilər. Bəzi iddialara görə, seçkilər və referendumun hətta eyni gündə baş tutması da mümkündür – özündə müəyyən risklər daşımasına rəğmən. Yəni “bir güllə ilə iki dovşan” vurmaq, yaxud Ermənistanın iki əsas problemini eyni gündə həll eləmək məsələsi...

Aydındır ki, cəmiyyətin əksəriyyəti hazırkı iqtidarın hakimiyyətdə qalmasını istəyəcəksə, - bu ehtimal az deyil, - o zaman konstitusiya islahatına da “hə” deyəcək. Beləcə, radikal-revanşistlərin arzusu tarixin arxivinə veriləcək, “miatsum”un tabutuna sonuncu mismar çalınmış olacaq.

Müxtəsəri, qarşıdakı seçkilər gerçək mənada təkcə hakimiyyət və radikal müxalifət üçün yox, ümumən Ermənistan və onun xalqı üçün taleyüklü olacaq. Şübhəsiz, bu səbəbə hökumət bütün istiqamətlərdə ön tədbirlərə qərar verib, hədəfə gedən yolu sərt üsullarla təmizləməyə başlayıb.

Söhbət təkcə hakimiyyətə meydan oxuyan radikal-revanşistlərdən və kilsədən getmir. Məlumatlara görə, baş nazir hökumət daxilində də “təmizlənmə”yə və ixtisarlara hazırlaşır. “Iravnuk” qəzetinin bu xüsusda özünün mənbələrinə istinadla yazır ki, artıq işdən azad ediləcək məmurların siyahısı təsdiqlənib və ilk addımların yaxın günlərdə atılması planlaşdırılır. Yerli analitiklər isə hesab edir ki, Paşinyanın bu addımı öz komandasını yeniləməklə yanaşı, seçkilər ərəfəsində nəzarəti gücləndirmək məqsədi güdür...

Və əlbəttə ki, hakimiyyət səylərin mühüm hissəsini Rusiyaya bağlı revanşistlərin əsas ideoloji dayağı və müttəfiqi olan kilsənin “zəhərli dişləri”ni çıxarmağa yönəldib. O kilsə ki, ona indiki konstitusiyada hətta ictimai proseslərə müdaxilə üçün müəyyən imtiyazlar tanınır.

Sirr deyil ki, Nikol Paşinyan həm də bu səbəbə tələsir, “Əsas Qanun”u dəyişmək istəyir və düz də edir. Çünki terror yuvası olan erməni kilsəsi qonşu xalqlara qarşı sülhü, barışığı deyil, həmişə müharibəni və terroru təbliğ edib və edir. Bu da təbii ki, hökumətin qonşularla dinc-yanaşı yaşamağa hədəflənmiş sülh gündəliyinə daban-daban ziddir. Baş nazir həmçinin “şoko-terapiya”nın tərkib hissələrindən bir kimi paralel surətdə xəstə cəmiyyətin “psixoloji müalicəsi” ilə məşğuldur.

Təsadüfi deyil ki, proseslərin hara apardığını yaxşı anlayan revanşist-radikal düşərgə əlinin altındakı KİV-lərin də köməyi ilə erməni kilsəsini və onun terrorçu rəhbəri II Qaregini müdafiə edib təmizə çıxarmağa və ictimai rəydə onun “müqəddəs”, “toxunulmaz” imicini yaratmağa çalışır. Guya kilsənin parçalaması erməni xalqı üçün əsl fəlakət anlamına gələcək (Yada salaq ki, Paşinyan bundan əvvəl subaylıq andını pozduğu üçün II Qareginin artıq bütün ermənilərin katolikosu olmadığını açıqlayıb. O, katolikosu taxtını tərk etməyə çağırıb)...

“Əgər katolikos məcburi şəkildə dəyişdirilsə, bu hadisə geosiyasi nəticələrə səbəb olacaq və çox ağır fəsadlar doğura bilər”.

Bunu erməni revanşist politoloq Stepan Danielyan deyib (Teleqraf).

Təlaşını gizlətməyən Danielyan bu qənaətdədir ki, baş nazirin “Real Ermənistan” konsepsiyası əsasında cəhdləri uğurlu olsa, vahid erməni kilsəsi darmadağın olacaq: “Tutaq ki, bu proses uğurlu oldu və katolikosu Paşinyanın söylədiyi kimi, xalq seçdi. Hansı xalq? Yalnız “Real Ermənistan”ın xalqı? Bəs digər bölgələr? Məsələn, Rusiyadakı erməni kilsəsinin ardıcılları bu seçimi qəbul etməsələr, ABŞ və Fransadakı ermənilərin bir hissəsi qəbul etsə, digər hissəsi qəbul etməsə, onda nə olacaq? Axı II Qaregin təkcə Ermənistan vətəndaşlarının deyil, dünyanın digər ölkələrində yaşayan ermənilərin də dini rəhbəridir və bu prinsip pozulsa, təqribən 17 yeni katolikos ortaya çıxacaq, hər biri digəri ilə ziddiyyət yaşayacaq. Başqa sözlə, o halda erməni kilsəsi parçalanacaq, ümumerməni birliyini dağıdacaq və nəticələri daha fəlakətli olacaq”.

Nə böyük fəlakət! Bəlkə tam əksinə, erməni xalqı məhz onda ağ günə çıxmağa daha yaxın olacaq?! On illərlə yoxsulluq və rəzalət içində, təcriddə yaşamaq, qapaz-yumruq yemək yetmədi? Odur ki, gəlin, Paşinyana “şoko-terapiya”sında uğurlar arzu edək...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR