İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Azərbaycan münasibəti - regional, qlobal təhlükəsizliyə, əməkdaşlığa töhfələr - ŞƏRH

Bu gün Türkiyə Respublikasının 102 illiyidir. 1923-cü il iyulun 24-də Lozanna müqaviləsi imzalanandan sonra onun müstəqilliyi tanınıb. Həmin il oktyabrın 25-də hökumətin istefaya getməsi ilə ölkədə siyasi böhran yaranıb. Dörd gün sonra parlamentdə Respublikanın elan olunması məsələsi səsə qoyulub. Gizli səsvermə nəticəsində 158 deputat yekdilliklə Cümhuriyyətin lehinə səs verib.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan sonra Türkiyə Respublikasının yaranması Türk dünyasının bir sıra baxımdan uğuru sayılır. Düzdür, Azərbaycan çar Rusiyasının müstəmləkəsindən çıxmışdı. Ancaq Türkiyə Cümhuriyyəti beynəlxalq güclər tərəfindən tamamilə məhv edilməsi hədəflənən Osmanlı dövlətinin yerində quruldu.

Bununla belə Azərbaycanla Osmanlı və Türkiyə Respublikası arasında münasibət daim olub. Odur ki, son yüz ildən artıq müddətdə Azərbaycan-Türkiyə münasibətini şərti olaraq üç mərhələyə bölmək olar: Osmanlı-Azərbaycan Xalq Cümhuriyyəti, Türkiyə-Azərbaycan SSR, Türkiyə-Azərbaycan.

Bu üç mərhələdə beynəlxalq aləmdə müxtəlif siyasi şərait mövcud olub. Birinci etapda Osmanlı dövlətinin, türk-islam ordusunun AXC-yə dəstəyini, yardımını xatırlatmaq kifayət edir. Sovetlərin yaranmasının ilk illərində Azərbaycan SSR-in Türkiyə Cümhuriyyətinə maliyyə yardımı da yaddaqalan ciddi hadisələrdəndir.

1920-1991-ci illərdə bu dövlətlər arasında əməkdaşlıq, demək olar ki, sıfır səviyyəsində olub. İstənilən əlaqə və münasibət Moskvanın senzurası, proqramı üzrə reallaşırdı. Hətta sovetin hakim siyasi, "velikorus" şovinist ideologiyası Azərbaycanda Türkiyəni düşmən olaraq təbliğ edirdi. Azərbaycanlılarla türkiyəlilərin bir-biriləri ilə qohumluğuna qarşı kitablar yazılırdı və s. Bu baxımdan, həmin dövrü daha çox durğunluq kimi də qiymətləndirmək olar.

Nəhayət, Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsi ölkələr arasında bütün maneələri aradan qaldırdı, buzları əritdi. Vaxtilə bir-birinə həsrət qalan iki dövlətin vətəndaşları qovuşdular. "Bir millət, iki dövlət" deyimi ərsəyə gəldi.

Əlaqələrin yenidən qurulmasından üç il sonra Azərbaycan və Türkiyə birlikdə böyük regional və qlobal iqtisadi layihələri reallaşdırmağa başladı. Bu istiqamətdə reallaşan ilk layihə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməridir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli, Şahdəniz yataqlarından Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına neft bu kəmərlə nəql olunur.

Sonrakı illərdə Türkmənistandan və Qazaxıstandan da xam neft bu xətt vasitəsilə nəql olunmağa başlayıb.

LqHsDDZb6hYswT9jcmO3LUsaWUsKYYye.jpg (98 KB)


Bu, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan-Türkiyə birgə iqtisadi layihəsinin regional və qlobal önəminin göstəricisidir. Gürcüstanın da bu layihəyə fəal şəkildə qoşulması Ankara-Bakı əlaqələrinin Cənubi Qafqazda sabitlik, təhlükəsizlik, əməkdaşlıq tərəfdarı olduğunu nümayiş etdirir.

BTC-dən sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti Azərbaycanla Türkiyənin ən böyük layihəsi sayılır. Bu dəmiryolu ilə Asiyadakı məhsullar Avropaya təhlükəsiz, qısa müddət ərzində çatdırılacaq. Layihənin məqsədi Türkiyə və Azərbaycanı, Mərkəzi Asiya (Türküstan) və Çini Avropa ilə dəmiryolu vasitəsilə birləşdirməkdir.

Son zamanlar Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional və qlobal miqyasda müzakirə olunan vacib iqtisadi layihələrdəndir. Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən bu marşrut ənənəvi nəqliyyat yollarına səmərəli alternativ kimi getdikcə daha çox diqqət çəkir. Onun da aktuallaşması Azərbaycan-Türkiyə birgə əməkdaşlığı, fəaliyyətinin nəticəsidir.

Trans Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycandakı təbii qaz yataqlarından hasil olunan "mavi yanacağın" Avropa bazarlarına çatdırılmasına xidmət edir. TANAP 2018-ci il iyunun 30-da fəaliyyətə başlayıb. İlkin nəql qabiliyyəti illik 16,2 milyard kubmetr olub. Bu göstəricinin 31 milyard kubmetrə çatdırılmasının da mümkün olduğu istisna edilmir.

enpjaDdyTwjOlm9NUI29HMt7XpUvVhrAMQYD93fF_850.jpg (65 KB)


Azərbaycan və Mərkəzi Asiya ölkələrinin xam neftinin ötürülməsində BTC-nin oynadığı vacib rolu TANAP və TAP da oynayır. Bu da iki ölkənin həyata keçirdiyi iqtisadi layihənin perspektivini nümayiş etdirir.

Rusiyanın Ukraynada apardığı müharibə bu xətlərin əhəmiyyətini bir daha təsdiqlədi. Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı bu layihə regional mahiyyəti aşaraq qlobal əhəmiyyətli karbohidrogen daşıyıcıları vasitəsinə çevrilib. Onlar artıq qlobal miqyasda təhlükəsiz enerji təminatçıları rolunda çıxış edirlər.

Azərbaycan torpaqları işğal altında olduğu müddətdə rəsmi Ankara birmənalı olaraq Bakının bu istiqamətdə olan bütün qərarlarını müdafiə edib, onların reallaşmasında birgə fəaliyyət göstərib. Türkiyə Ermənistanla sərhəd-keçid məntəqələrini indiyədək bağlayıb. Çünki Ermənistan Azərbaycan və Türkiyənin maraqlarını təmin etmək üçün irəli sürülən şərtlərə hələ əməl etməyib.

2020-ci il sentyabrın 27-dən noyabrın 8-dək davam etmiş 44 günlük Vətən müharibəsində rəsmi Ankara beynəlxalq hüququn imkan verdiyi bütün vasitələrlə Azərbaycanı dəstəkləmişdi. O günlərdə Türkiyə 102 il əvvəlki hadisələrə oxşar fəaliyyət göstərmiş oldu.

Bu gün Ankara və Bakı bir sıra regional layihələrin həmmüəllifi kimi çıxış edirlər. "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İran) regional əməkdaşlıq formatını, Zəngəzur dəhlizi layihəsini də örnək olaraq göstərmək mümkündür. Bu layihənin həyata keçməsinə qarşı bir sıra ölkələr müxtəlif bəhanələrlə maneələr törətməyə çalışdılar. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın 2025-ci ilin iyulun 10-da Əbu-Dabidə (BƏƏ) keçirilən görüşündə Zəngəzur dəhlizinin açılması müzakirə olundu. ABŞ-nin təşəbbüsü ilə bu il avqustun 8-də Ağ Evdə Prezident Donald Tramp, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə sülh sazişinin paraflanması sənədi imzalandı. Həmin mərasimdə ABŞ lideri Zəngəzur dəhlizindən danışaraq ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını bildirdi. Bununla da Ankara və Bakının daha bir layihəsinin uğurla reallaşması üçün yol açıldı.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi-ticarət dövriyyəsi də artmaqdadır. 2023-cü ildə ticarət dövriyyəsinin həcmi 2022-ci illə müqayisədə 31% artaraq 7,65 milyard dollara çatıb. 2025-ci ilin ilk doqquz ayında Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 4,3 milyard dollar təşkil edib. İki ölkə arasında ticarət dövriyyəsi həcmini 15 milyard dollara çatdırmaq hədəflənir.

1zzhDyobYGVYN4qCXhgUOcuBUd7iSZWR36wpRba0_850.jpg (122 KB)


Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə də əməkdaşlıq inkişaf edir. Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev çıxış zamanı bildirib ki, son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib.

Bu, Türk dövlətlərinin təhlükəsizliyinin təminatı, ərazi bütövlüyünün qorunması üçün həyata keçirilən örnək tədbirlərdir. Prezidentin bu məsələni vurğulaması da iki ölkənin hərbi sahədə faydalı əməkdaşlığını təsdiqləyir: "Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur".

İki ölkə arasında yaxşı əlaqələrə dair başqa bir nümunə Şuşa Bəyannaməsidir. Bunu Azərbaycan-Türkiyə müttəfiqliyinin güzgüsü də adlandırmaq olar. Bu, ikitərəfli əlaqələrin beynəlxalq hüquq normaları çərçivəsində həyata keçdiyinə dair sənəddir.

Bir vaxtlar türk düşmənləri Türkiyə-Azərbaycan əlaqələrini "pantürkizm", "panturanizm" kimi təqdim edərək beynəlxalq aləmdə vahimə yaradırdı. Ancaq Bakı və Ankara bu müttəfiqliyin qlobal önəmini reallaşdırdıqları hər layihədə təsdiqləyiblər. Odur ki, Azərbaycan-Türkiyə münasibətlərinin Asiya-Avropa əlaqələrinin güclənməsinə xidmət etdiyi də isbatlanıb.

Sədrəddin İsmayılov
Report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR