Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Azərbaycanda müəllimlərin əməkhaqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək.
Bəs əməkhaqqının dərs saatına deyil, iş saatına görə verilməsinin hansı əhəmiyyəti var? Digər ölkələrdə bu məsələ necə tənzimlənir?
Mövzu ilə bağlı təhsil mütəxəssisi Kamran Əsədov Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, yeni qərar həm iqtisadi, həm sosial, həm də pedaqoji baxımdan ciddi dönüş yarada biləcək bir addımdır:
“Təhsil sistemində ən mühüm islahatlardan biri müəllim əməyinin düzgün qiymətləndirilməsidir. Azərbaycanda müəllimlərin əməkhaqqının dərs saatına deyil, iş saatına əsasən müəyyənləşdirilməsi qərarı həm iqtisadi, həm sosial, həm də pedaqoji baxımdan ciddi dönüş yarada biləcək bir addımdır.
Bu dəyişiklik müəllim fəaliyyətinin yalnız sinifdə keçilən dərs deyil, onun ümumi iş yükü - hazırlıq, qiymətləndirmə, metodik fəaliyyət, valideynlərlə ünsiyyət və pedaqoji inkişaf kimi çoxşaxəli proseslərdən ibarət olduğunu nəzərə alır.
Uzun illərdir müəllim əməyinin dəyərləndirilməsi sistemində “dərs saatı” anlayışı əsas ölçü vahidi kimi götürülüb. Bu isə real vəziyyəti tam əks etdirmirdi. “Təhsil haqqında” Qanunun 32.1-ci maddəsində açıq şəkildə göstərilir ki, pedaqoji işçilərin əməkhaqqı onların peşəkarlıq səviyyəsi, yerinə yetirdikləri funksiyalar və fəaliyyətin nəticələrinə əsasən müəyyənləşdirilməlidir. Bu maddə faktiki olaraq “yalnız dərs keçməklə” məhdudlaşan qiymətləndirmə sisteminin dəyişdirilməsini tələb edir.
Müəllim təkcə 45 dəqiqəlik dərsi deyil, onun öncəsi və sonrakı hazırlıq mərhələsini də həyata keçirir. Dərsə hazırlıq, testlərin tərtibi, ev tapşırıqlarının yoxlanması, şagirdlərin fərdi müşahidəsi və valideynlərlə görüşlər müəllimin vaxtının təxminən 50 faizini təşkil edir.
OECD-nin “Education at a Glance 2023” hesabatına görə, dünya üzrə müəllimlərin orta həftəlik iş vaxtı 38-42 saat təşkil edir, bunun yalnız 45–50 faizi birbaşa dərs fəaliyyəti, qalan hissəsi isə dərsdənkənar pedaqoji fəaliyyətlərə sərf olunur.
Finlandiyada, Estoniyada və Almaniyada müəllimlərin əməkhaqqı məhz bu ümumi iş yükü əsasında hesablanır. Məsələn, Finlandiyada müəllim illik əməkhaqqı müqaviləsində həm dərs, həm də hazırlıq və metodik fəaliyyətin ümumi vaxt norması göstərilir. ABŞ-da “teacher workload model” çərçivəsində müəllimlərin dərsdənkənar fəaliyyətlərinə - məktəb tədbirləri, şagird məsləhətləri və metodik işlərə görə əlavə ödəniş tətbiq olunur. Beləliklə, Azərbaycan bu qərarla beynəlxalq təcrübə ilə eyni istiqamətdə hərəkət edir”.
Mütəxəssis bildirib ki, əməkhaqqının iş saatına görə müəyyənləşdirilməsinin əsas əhəmiyyəti müəllimin əməyinin daha ədalətli qiymətləndirilməsindədir:
“Hazırkı dərs saatı sistemi bəzən keyfiyyətli dərs deyən, amma az dərs yükü olan müəllimi aşağı maaşlı vəziyyətdə saxlayırdı. Eyni zamanda çox saatla çalışan, lakin keyfiyyətsiz nəticə verən müəllim daha çox qazanırdı. Yeni model bu disbalansı aradan qaldırır, çünki maaş artıq sadəcə “saat sayı” ilə deyil, ümumi “fəaliyyət dəyəri” ilə ölçüləcək. Bu həm sosial ədaləti təmin edir, həm də müəllimi motivasiya edir ki, dərs keyfiyyətinə, tədris metodlarına və innovativ fəaliyyətə daha çox diqqət yetirsin.
Statistika göstərir ki, Azərbaycan müəllimlərinin orta aylıq maaşı 2024-cü ildə 830 manata yaxın olub. Bu, ölkə üzrə orta əməkhaqqının təxminən 70 faizinə bərabərdir. Müqayisə üçün qeyd edək ki, Estoniyada müəllimlərin maaşı ölkə üzrə orta əməkhaqqının 110 faizini, Finlandiyada isə 115 faizini təşkil edir. Yəni, orada müəllim təkcə sosial status baxımından deyil, iqtisadi cəhətdən də yüksək təminatlı təbəqəyə daxildir.
Azərbaycanda bu fərqi aradan qaldırmağın real yolu maaş sisteminin iş prinsipini dəyişmək, yəni dərs saatına bağlı mexanizmdən imtina edib, iş vaxtına əsaslanan mexanizmə keçməkdir.
Müəllimlərin maaş artımı istəyi tam haqlıdır. Lakin maaş artımının davamlı və iqtisadi cəhətdən əsaslandırılmış olması üçün iş və dərs saatlarının optimallaşdırılması vacibdir. Bu optimallaşma iki istiqamətdə həyata keçirilə bilər: birincisi, fənlər üzrə dərs yüklərinin balanslaşdırılması və siniflərin sayına uyğun əmək bölgüsünün aparılması; ikincisi, dərsdənkənar fəaliyyətlərin normativ şəkildə tanınması və ona uyğun ödəniş sisteminin formalaşdırılması. Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi “Müəllim əməyinin stimullaşdırılması” və “Differensial ödəniş” layihələri bu istiqamətdə mühüm addımlardır. Nazirlik müəllim fəaliyyətini artıq yalnız “saat”la deyil, “nəticə” ilə ölçməyə başlayıb”.
Kamran Əsədovun fikrincə, müsbət nəticə ondan ibarətdir ki, bu model müəllimlik peşəsinin sosial nüfuzunu yüksəldəcək:
“Müəllim dərsdən sonra şagirdlərlə fərdi işə, layihə fəaliyyətinə, eləcə də öz peşəkar inkişafına daha çox vaxt sərf edə biləcək və bu fəaliyyət rəsmi şəkildə iş vaxtına daxil olacaq. Bu, tədris keyfiyyətinə, məktəbdaxili psixoloji mühitə və müəllim motivasiyasına birbaşa müsbət təsir göstərəcək.
Dünya təcrübəsində sübut olunub ki, müəllimin əməyinin ədalətli dəyərləndirilməsi təhsil keyfiyyətinin artımına birbaşa təsir göstərir. OECD ölkələrində müəllim maaşlarının 10 faiz artımı tədris nəticələrinin orta hesabla 3-4 faiz yaxşılaşmasına gətirib çıxarır. Azərbaycanın da məqsədi eyni olmalıdır – maaş artımı sadəcə sosial yardım deyil, tədris keyfiyyətinə sərmayə kimi görülməlidir.
Hesab edirəm ki, əməkhaqqının dərs saatına deyil, iş saatına görə müəyyənləşdirilməsi müəllimin əməyinin bütövlükdə dəyərləndirilməsinə, sosial statusunun yüksəlməsinə və tədris keyfiyyətinin artmasına xidmət edəcək. Bu islahat Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi ən ədalətli və müasir yanaşmalardan biridir. Bu modelin tam tətbiqi müəllim maaşlarının artımını iqtisadi baxımdan əsaslı edəcək, sistemin dayanıqlığını təmin edəcək və müəllim peşəsini cəmiyyətin ən nüfuzlu peşələrindən birinə çevirəcək”.
Xalidə Gəray
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ