Onlayn ictimai-siyasi qəzet
ABŞ Maliyyə Nazirliyinin “Rosneft” və “Lukoil” kimi nəhəng Rusiya enerji şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi dünya enerji bazarında yeni gərginlik mərhələsini başlatdı. Donald Trampın dəstəyi ilə qəbul edilən qərara əsasən, bu şirkətlərin aktivləri dondurulur, onlarla əməkdaşlıq edən beynəlxalq maliyyə qurumları isə ciddi risklə üzləşirlər.
Bu addım ABŞ-ın enerji siyasətində Rusiya ilə iqtisadi mübarizəni daha da sərtləşdirməsi kimi dəyərləndirilir. Ekspertlər qeyd edir ki, Vaşinqton Moskvanın enerji gəlirlərini azaltmaqla onun Ukrayna ilə bağlı hərbi fəaliyyətlərini maliyyələşdirmək imkanlarını məhdudlaşdırmağa çalışır.
Qərarın elanından dərhal sonra “Brent” markalı neftin qiyməti 5 faiz yüksəlib. Fyuçers bazarında təklif çatışmazlığı barədə siqnallar artıq hiss olunur. Qlobal treyderlər və enerji şirkətləri ehtiyatlı mövqedən çıxış edərək alış müqavilələrini yenidən qiymətləndirməyə başlayıblar.
Xüsusilə Çin və Hindistan kimi iri enerji alıcılarının Rusiya mənşəli neftin alışını məhdudlaşdırmağa başlaması, bazardakı gərginliyi daha da artırıb.
Ekspertlərin fikrincə, bu sanksiyalar təkcə xam neft bazarına deyil, həm də dizel yanacağı kimi strateji məhsullara təsir göstərə bilər. Rusiya dünyada dizel ixracında əsas oyunçulardan biridir. Əgər Rusiya dizel tədarükünü azaltsa və ya bu bazardan sıxışdırılsa, Avropa və Asiya ölkələrində sənaye, nəqliyyat və kənd təsərrüfatı sektorları ciddi çətinliklərlə üzləşəcək.
ABŞ-ın bu addımı Rusiyanı zəiflətmək, yoxsa qlobal enerji bazarını yenidən formalaşdırmaq məqsədi daşıyır? ABŞ-ın “Rosneft” və “Lukoil”ə qarşı sanksiyaları Azərbaycan neftinin qiymətinə və ixrac gəlirlərinə necə təsir göstərə bilər? Rusiya neftinə qoyulan məhdudiyyətlər fonunda Azərbaycan nefti “alternativ təchizat mənbəyi” kimi daha çox tələb görəcəkmi? Brent markalı neftin bahalaşması “Azeri Light” neftinin satış qiymətini necə dəyişə bilər?

Mövzu ilə bağlı neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Musavat.com-a danışıb:
“ABŞ bu sanksiyalarla azı iki məqsəd güdür: Rusiyanın enerji ixracından gəlirlərini azaltmaq və ikincisi, qlobal bazarlarda öz mövqeyini möhkəmləndirmək. Hələ ki, öz istəyinə nail olur: ən azından Avropa bazarında son 3 ildə ABŞ kifayət qədər payını artıra bildi.
Azərbaycan neftinə gəldikdə isə, bizim həcmlər o qədər kiçikdir ki, dünya bazarı üçün haradasa cəmi 0,4 faiz təşkil edir. Yəni, Azərbaycanın ixracı dünyadakı ümumi istehlakda çox az paya malikdir. Ona görə də bizim neft və neft məhsulları ümumiyyətlə alternativ bir variant kimi qiymətləndirilə bilməz. Üstəlik, hər il bizim neft hasilatımız azalır.
Başqa bir tərəfdən, dizellə bağlı da inanmıram ki, Rusiyanın neftinə və neft məhsullarına qoyulan sanksiyalar başqa ölkələrdə kənd təsərrüfatı mallarının qiymətini artırsın. Çünki Rusiyanın yerini başqa ölkələr, o cümlədən ABŞ, dolduracaq və bazarda boşluq yaranmayacaq.
İkinci bir tərəfdən, biz 2022-ci ildən sonra dünya bazarında neftin qiymətinin ildən-ilə azalmasını müşahidə edir. Hətta gələn il bu ilkindən də aşağı orta qiymətin olacağı proqnozlaşdırılır və proses də bu istiqamətdə davam edir. Yəni bu baxımdan, əgər kənd təsərrüfatı istehsalı və yanacağın xüsusi çəkisi artmırsa, əksinə, qiymət ucuzlaşırsa, deməli, onun maya dəyərini artıran səbəb yanacaq ola bilməz”.
Xalidə Gəray
Musavat.com
30 Oktyabr 2025
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ