Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolda yeni qaydalar tətbiq etmək istəyir.
Bu dəfə söhbət 3 yeni qaydadan gedir. Məqsəd VAR sisteminin oyuna müdaxiləsini artırmaqla ədalət prinsiplərini daha yaxşı qorumaqdır.
Təklif olunan yeni qaydalar:
- bir oyunçuya göstərilən ikinci sarı vərəqədən sonra VAR epizoda müdaxilə edəcək, bununla da hakimlərin mümkün səhvini sığorta edərək yersiz qırmızı vərəqədən qaçmaq mümkün olacaq
- mübahisəli künc zərbələri zamanı VAR-a müraciət olunacaq, nəticədə səhv künc zərbəsi qərarına görə, müdafiə olunan komandanın qapısı qarşısında haqsız yerə təhlükə yaranmayacaq
- 11 metrlik cərimə zərbəsindən sonra təkrar zərbəyə icazə verilməyəcək (oyunsonrası penaltilər seriyasında olduğu kimi). Bu, zərbə zamanı futbolçuların vaxtından qabaq cərimə meydançasına girməsinə və mübahisəli epizodların yaranmasına son qoyacaq
IFAB yeni qaydaları 2026-cı ilin martında keçiriləcək iclasda müzakirəyə çıxaracaq. Qərar qəbul olunacağı halda, yeni qaydalar test rejimi olmadan dərhal tətbiq ediləcək.
Xatırladaq ki, IFAB bu il də futbolda yeni qaydaların tətbiqinə nail olub. Belə ki, artıq qapıçılar topu əllərində 8 saniyədən çox saxlaya bilmirlər, əks halda künc zərbəsi təyin olunur.
Bundan başqa, VAR epizodları izləndikdən sonra baş hakim qərarı gücləndirilmiş mikrofonla stadionda elan edir. Bu qaydalar ilk dəfə 15 iyun - 13 iyul aralığında ABŞ-da keçirilən klublararası dünya çempionatında tətbiq olunub./Offsideplus.az
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ