Onlayn ictimai-siyasi qəzet
Nərimanov rayonu ərazisində yerləşən Nərimanov-Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında 161 qeyri-qanuni tikili müəyyən edilib. Ərazidə yaşayan 543 nəfər gündəlik təhlükə ilə üz-üzədir.
Musavat.com xəbər verir ki, araşdırmalar nəticəsində həmin ərazidə 156 ailənin yaşadığı məlum olub. Statistikaya əsasən, burada məskunlaşan şəxslər Azərbaycanın 40-a yaxın şəhər və rayonundan gələn insanlardır. Lakin bu ailələrdən yalnız 12-si keçmiş məcburi köçkün statusuna malikdir. Bu isə o deməkdir ki, orada yaşayanların əksəriyyəti həmin əraziyə könüllü şəkildə və sənədsiz yerləşib.
Ən ciddi problemlərdən biri də budur ki, bu evlər mühafizə zolağında qeyri-qanuni şəkildə tikilib. Dəmir yoluna olduqca yaxın məsafədə yerləşən bu tikililər nəinki şəhərin ümumi görünüşünü pozur həm dəmiryolu nəqliyyatı üçün, həm də burada yaşayanlar üçün ciddi təhlükə yaradır.
Ekspertlər qeyd edir ki, son 3 ildə həmin ərazilərdə 30-dan çox bədbəxt hadisə baş verib. Nəticədə bir çox insan ya həyatını itirib, ya da ağır xəsarət alıb. Bu cür faciələrin başlıca səbəbi təhlükəsizlik qaydalarının pozulması və mühafizə zolağında insan yaşayışının qanunsuz şəkildə təşkili ilə bağlıdır.
Bundan başqa, əraziyə yanğınsöndürən və təcili tibbi yardım maşınlarının daxil olması mümkün deyil. Dar, plansız və keçilməz küçələr bu növ xidmətlərin göstərilməsini mümkünsüz edir. Nəticədə fövqəladə hallar zamanı insan həyatını xilas etmək belə çətinləşir.
Kommunal xidmətlərin səviyyəsi isə demək olar ki, yox dərəcəsindədir. Qanunsuz tikililər olduğu üçün nə kanalizasiya, nə su təchizatı, nə də zibil daşınması sistemli şəkildə təşkil olunub. Bu da ərazidə antisanitar vəziyyətin yaranmasına səbəb olub.
Ekspertlər hesab edirlər ki, belə zonalarda insanların məskunlaşması həm hüquqi, həm sosial, həm də təhlükəsizlik baxımından aradan qaldırılmalı problemdir. Dövlət strukturları artıq ərazidə müvafiq araşdırmalara başlayıb və mərhələli şəkildə bu tikililərlə bağlı tədbirlər görülməsi gözlənilir. Bəs bu məsələ necə həll olunmalıdır?
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“İlk olaraq qeyd edim ki, nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etdiyi yollarda – istər dəmir yolu, istər avtomobil yolu olsun – onların kənarları hasarlanmalı və mühafizə zonaları, o cümlədən qorunma (qormaz) sahələri təmin edilməlidir. Əks halda, baş verən hadisələrin qarşısını almaq mümkünsüz olur. Yəni kənardan yola qəfil çıxan – istər insan, istər heyvan, istərsə də digər nəqliyyat vasitələri – hərəkətdə olan sürətli nəqliyyat vasitələri ilə toqquşduqda, faciə qaçılmaz olur. Şəhərimizin bir çox yerlərində dəmir yoluna yaxın məsafədə evlərin yerləşdiyini və insanların həmin ərazilərdə sərbəst gəzişdiyini müşahidə edirik. Son dövrlərdə paytaxtdan bölgələrə yüksək sürətlə hərəkət edən sürət qatarlarının fəaliyyəti təşkil edilib. Bu cür yüksək sürətlərdə iki nəqliyyat vasitəsinin toqquşmasının qarşısını almaq üçün müəyyən vaxt və məsafə tələb olunur. Lakin qarşıya qəfil maneə çıxdıqda, artıq qəzanın baş verməsi qaçılmaz hala gəlir. Bu baxımdan, dəmir yollarına və avtomobil yollarına yaxın ərazilərdə yerləşən evlər, həmçinin müxtəlif maneələr ciddi təhlükə mənbəyidir”.
Ekspertlər qeyd edirlər ki, mühafizə zolaqları qorunmalı, orada qanunsuz tikinti aparanlara qarşı ciddi tədbirlər görülməlidir. Belə tikililərə heç bir halda dövlət qeydiyyatı verilməməlidir. Qanunsuz tikilmiş tikililər nəzarətsizlik nəticəsində deyil, hüquqi məsuliyyət baxımından qiymətləndirilməli və onların köçürülməsi müasir yanaşmalara uyğun şəkildə həyata keçirilməlidir.
Afaq Mirayiq,
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ