Onlayn ictimai-siyasi qəzet
“Dərmanların keyfiyyəti, əlçatanlığı və qiymətləri cəmiyyəti narahat edir”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, icbari tibbi sığortadan insanların məmnunluğu get-gedə artır, amma yenə də problemlər qalmaqdadır: “Ona görə də "Tibbi sığorta haqqında" Qanuna dəfələrlə dəyişikliklər edilir. Dərman vasitələrinin keyfiyyəti, əlçatanlığı cəmiyyəti narahat edən məsələdir. Seçicilər görüşlərdə dərmanların qiymətlərindən də narazılıqlarını bildirirlər".
Bu gün cəmiyyətdə daha çox müzakirə mövzusu səhiyyə, dərmanların keyfiyyəti və müalicə məsələsidir. Dərmanlarla bağlı sual doğuran iki məsələ var: birincisi, qiymət, ikincisi, keyfiyyət. Üçüncü məsələ dəqiqləşmiş diaqnoza uyğun dərmanın təyin edilməsidir. Bu üç məsələ bir-birini tamamlayır. Amma ayrı-ayrı apteklərdə qiymətlərin fərqi məsələsi ortaya çıxır. Bunların da cürbəcür səbəbləri var.
Dərman bazarında qiymətləri bazar özü tənzimləməlidir, dövlət və ya tarif şuralarının müdaxiləsi düzgün deyil. Özəl sektorda dərmanların qiymətini bazar tənzimləməlidir. Onu hansısa tarif şurası, dövlət tənzimləyə bilməz. Dərmanı gətirən kommersiya şirkətləri vergi, gömrük və digər ödənişlər ödəyir, sahibkarın da qazancı olmalıdır. Buna görə də burada sahibkarın qazancına müdaxilə etmək düzgün deyil. Normal halda rəqabət mexanizmi olur və qiymətlər bazarda tənzimlənir.
Dərman bazarında qiymətləri necə sabitləşdirmək olar - yerli istehsalla, yoxsa nəzarətlə?
Məlumat üçün bildirək ki, 2025-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 870.8 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 18.4% artıb. Bu ilin 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, əczaçılıq məhsullarının idxalına çəkdiyi xərclər ilbəil artır. Bu ilin yanvar-iyun aylarında ölkəmizə 259 milyon 390 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.6 faiz çoxdur. Hesabat dövründə Azərbaycan həmçinin 1.712 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə bir il əvvələ nisbətən 23.4 faiz azdır. Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2.25 faizini, ixrac isə ümumi ixracın 0.01 faizini təşkil edib.
Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Dərman bazarında əsas problem bu bazarın Tarif Şurası tərəfindən tənzimlənməsindən sonra başladı. Qəribə səslənsə də, bu belədir. TŞ qiymətləri və molekulları tənzimləyəndən bəri ölkədə rəqabətli mühit xeyli zəiflədi. Buna qədər ölkədə 200-dən çox irili-xırdalı farmasevtik şirkətlər, xarici, yerli şirkətlər fəaliyyət göstərirdi, rəqabətli mühit var idi. Hazırda tənzimləmə mexanizmi elə qurulub ki, qiymətlər istehsalçı ölkəyə və dərmanın adına görə yox, onun molekuluna görə müəyyən edilir. Tarif Şurası müəyyən molekulları elan edir və onların maksimum qiymətini təyin edir. Nəticədə şirkətlər həmin molekulun daha ucuz və keyfiyyətsiz analoqunu Hindistan, Banqladeş, Şri-Lanka kimi ölkələrdən gətirməyə üstünlük verirlər. Bu da keyfiyyətsiz dərmanların Azərbaycanda yayılmasına səbəb olur.
Mənə elə gəlir ki, əsas problem Tarif Şurasının tənzimləmə mexanizmindədir. Rəqabətli mühiti artırmaq üçün tənzimləmə mexanizminin başqa formaları düşünülməlidir. Dövlət tərəfindən dərmanların keyfiyyətinə nəzarətin artırılmasına heç kim etiraz etməz. Amma Tarif Şurasının molekullar vasitəsilə qiymətə birbaşa nəzarət etməsi keyfiyyətsiz məhsulların yayılmasına şərait yaradır. Məsələn, eyni molekulun həm Avropa, həm də Banqladeş istehsalı var və onların qiymət fərqi bəzən 15 dəfə çox olur.
Bütün bunlar ölkəyə həm daha keyfiyyətsiz, həm də baha qiymətə dərmanların gətirilməsinə səbəb olur. Əgər rəqabətli mühit artırılmasa və daha çox şirkətlərin bazarda fəaliyyətinə şərait yaradılmasa, təəssüf ki, indiki vəziyyət daha da pisləşəcək. Biz bu barədə hər il danışırıq, məsələ gündəmə gəlir, amma hələ də həllini tapmır".
Azər Xudiyev
Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Azərbaycanda Tarif Şurası dərman vasitələrinin qiymətlərini tənzimləyir. Bu qiymətlər də ancaq qeydiyyatda olan məhsullar üçün nəzərdə tutulub. Qeydiyyatda olan məhsulların sayı da dünya dərman istehsalı və yeniliklərinə nisbətən geridə qalır. Çünki Tarif Şurası qiymətləndirməni aşağı edir, hansısa referent qiymətlər götürür, qiymətlərimiz aşağı olduğuna görə sahibkarlar gətirir və bazarda qıtlıq yaranır. Dərman idxalına çəkilən xərclərin artması sahibkarların üzləşdikləri çətinliklərdən qaynaqlanır. Yəni xarici istehsalçılar Azərbaycan bazarını kiçik və qeyri-cəlbedici hesab etdiklərindən məhsullarını aşağı qiymətlə təqdim etmək istəmirlər. Əgər bir dərmanın satış qiyməti bir manatdırsa və istehsalçının təklif etdiyi qiymət də bir manata bərabərdirsə, bu, sahibkar üçün sərfəli deyil. Nəticədə həmin məhsulun idxalı dayandırılır və bazarda qıtlıq yaranır. Eyni zamanda qeydiyyatsız və qeyri-legitim dərman vasitələrinin artmasına səbəb olur. Xəstələr ehtiyac duyduğu dərmanları apteklərdə tapa bilmirlər. İmkanı olanlar onları xaricdən gətizdirir, olmayanlar isə vasitəçilərə müraciət edir. Bu isə qanuni ticarətin zəifləməsinə və nəzarətsiz bazarın formalaşmasına gətirib çıxarır.
A.Xudiyev onu da qeyd edir ki, dərman qaçaqmalçılığı ilə məşğul olan adamlar bundan fürsət əldə edirlər və xaricdən dərmanları gətirirlər: “Əslində pis iş görmürlər, amma qanuni olmadığına görə özlərini riskə atırlar. Qaçaqmal gəldiyinə görə dərman qiyməti tənzimlənmir və baha da satılır. Yerli şirkətlərə asanlıqla dərmanların qeydiyyatını aparmağa şərait yaradılsa, vəziyyət xeyli dəyişər. Yəni qeydiyyat prosedurlarının çətin və uzunmüddətli olması yeni dərman məhsullarının Azərbaycana daxil olmasını əngəlləyir. Bu, həm də bazarda rəqabəti azaldır”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ