İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət rəsmiləri dezinformasiyaların hədəfində - ŞOK DETALLAR

Son günlər bəzi dövlət rəsmiləri adından yalan xəbərlər yayılması artıb; ekspertlər bunun qarşısının necə alınmalı olduğundan danışdılar

Son günlər bəzi dövlət rəsmiləri adından yalan xəbərlər yayılması artıb. Bir sıra sosial şəbəkə hesablarında daxili işlər naziri adından Azərbaycan Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayılıb. Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir.

Bildirilib ki, son günlər kampaniya xarakteri alan bu uydurma iddialar ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir. “Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - açıqlamada deyilir.

Yada salaq ki, bundan başqa, bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovun və Prezidentin köməkçisi Hikmət Hacıyevin adından da Azərbaycan-Rusiya münasibətlərinə  dair heç bir reallığı əks etdirməyən açıqlamalar yayılıb.

Məlumatda qeyd olunur ki, Prezidentin rəsmi saytının görüntüsünü imitasiya edərək hazırlanmış və uydurma iddiaların yer aldığı bu açıqlama ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir.

Bəs bu cür yalan xəbərlərin yayılmasında əsas məqsəd nədir? Azərbaycanın dövlət rəsmiləri kimlərin hədəfinə çevrilib?

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

 Tural Abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, dünyanın bir çox ölkələrində bu kimi metodlardan istifadə olunur: “Əvvəllər belə metodlardan daha az istifadə edilirdi. Çünki çap mediası, televiziya və radiolar nəzarətdə olduğu üçün dezinformasiyalardan yararlanmaq olmurdu. Amma hazırda sosial şəbəkələrin vüsət alması, hər bir şəxsin gizliliyini saxlamaqla sosial şəbəkələrə giriş imkanlarının olması insanları və təbii ki, bu işdə marağı olan bəzi qüvvələri belə manipulyasiyalar etməyə sövq edir, nəticədə onlar öz məqsədlərini bir çox hallarda həyata keçirə bilirlər. Bu dezinformasiyaları adətən kimlər təşkil edirlər? Biz zamanında bunu xüsusi xidmət orqanlarının metodu kimi görmüşdük. Kimisə gözdən salmaq, ləkələmək, şərləmək, yaxud süni şəkildə yalançı ictimai rəy formalaşdırmaq və bunun əsasında öz maraqlarını təmin etmək variantları var idi. Amma hazırda sosial şəbəkələrin bu qədər yayılması, dünyanın hər nöqtəsindən bura çıxış imkanlarının olması həm daxildəki, həm də xaricdəki bəzi qüvvələrə belə metodlardan istifadə üçün imkanlar yaradır. Ümumən götürdükdə Azərbaycanı istəməyən qüvvələr bir çox hallarda azərbaycanlı ad-soyadından istifadə edirlər, özlərini azərbaycanlı kimi göstərirlər və belə məlumatların yayılmasında iştirak edirlər. Amma yekunda üçüncü tərəflərin, yəni dövlətlərin maraqlarını təmin edirlər. Mümkündür ki, bu, xarici qüvvələrin, xüsusi xidmət orqanlarının əməlləri olsun. Azərbaycan ictimaiyyətini çaşdırmaq, ictimai rəyi aldatmaq, cəmiyyətdəki sabitliyi aradan qaldırmaq üçün bu yollara əl ata bilərlər. Eyni zamanda həm də ola bilər ki, daxildəki siyasi qüvvələrin bir-biri ilə rəqabətləri çərçivəsində bu metoda əl atsınlar. Bu cür yolla siyasi rəqiblərinin mövqelərini zəiflətməyə cəhd edə bilərlər. Hesab edirəm ki, dövlət bu məsələdə ayıq-sayıq olmalıdır. Tez bir zamanda reaksiya verilməli, etibarlı mənbələrdən təkzib olunmalıdır. Nəzərə alsaq ki, süni intellekt dediyimiz müasir texnologiya çox əlçatandır, demək, belə bir zamanda bu cür dezinformasiyaların yayılması çox sadədir. Dövlət və onun xüsusi xidmət orqanları ayıq-sayıq olmalıdır. Fərqi yoxdur, bunu daxildən və ya xaricdən edirlər, bilərəkdən və ya bilməyərəkdən, bunun qarşısı mütləq alınmalıdır ki, ictimai fikir aldanılmasın, yanlış istiqamətlərə yönəldilməsin. Ona görə də XXI əsrdə informasiya təhlükəsizliyi bir çox dövlətlərin təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Həm də informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Azərbaycan da bu istiqamətdə düşünürəm ki, ciddi addımlar atmalıdır”.

Prezident Taleh Şahsuvarlıya medal verdi, rütbəsi artırıldı - FOTO Pravda.az

Taleh Şahsuvarlı

Aznews.az analitik-informasiya portalının baş redaktoru, media texnoloqu Taleh Şahsuvarlı bu cür cəhdlərin bir neçə məqsədə xidmət etdiyini düşünür: “Son günlər dövlət rəsmilərinin adından yayılan yalan məlumatların intensivləşməsi təsadüfi deyil və planlı informasiya diversiyası təsiri bağışlayır. Xüsusilə ictimai rəydə həssaslıq doğuran mövzularda saxta şərhlərin və ya açıqlamaların hazırlanaraq sosial şəbəkələrdə dövriyyəyə buraxılması, əslində informasiya təhlükəsizliyi müstəvisində yeni çağırışlardır. Bu cür cəhdlər bir neçə məqsədə xidmət edir: dövlət-vətəndaş münasibətlərini zədələmək, rəsmilərin reputasiyasına xələl gətirmək, cəmiyyətdə qeyri-müəyyənlik yaratmaq və sosial etimadı aşındırmaq. Ən narahatedici cəhət ondan ibarətdir ki, bu saxta məlumatlar bəzən adi istifadəçilər tərəfindən deyil, əlaqələndirilmiş qruplar və ya troll şəbəkələri vasitəsilə tirajlanır. Bu isə onların arxasında müəyyən maraqlı mərkəzlərin dayandığını ehtimal etməyə əsas verir. Belə bir şəraitdə vətəndaşların və media subyektlərinin informasiya ilə davranışda məsuliyyəti artır. İstənilən açıqlamanın rəsmi mənbələrlə dəqiqləşdirilməsi, xüsusilə dövlət rəsmilərinin adından yayılan məlumatlara qarşı ikitərəfli yoxlama yanaşması zəruridir. Əks halda, cəmiyyət dezinformasiyanın təsiri altına düşə və qərarlarını yanlış informasiya əsasında formalaşdıra bilər. Unutmayaq ki, informasiya sabitliyin əsas dayaqlarındandır və onu hədəfə alanlar əslində bütövlükdə dövlətin idarəetmə mexanizmini hədəfə alır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR