Onlayn ictimai-siyasi qəzet
Fransanın “Renault” avtomobil konserninin Ukraynada dronların istehsalına başlamaq niyyətini açıqlaması Rusiyada son dərəcə qıcıqla qarşılanıb.
Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet (Vahid Rusiya) bu xəbərdən sonra Fransanın avtomobil istehsalçısı “Renault”un loqotipinin faşist simvolları ilə eyniləşdirilməsini və bununla da onun Rusiyada istifadəsini qadağan etməyi təklif edib.
“Təklif edirəm ki, Ukraynada pilotsuz təyyarələrin istehsalı başlasa, “Renault” loqotipi qadağan olunmuş faşist simvolları ilə eyniləşdirilsin və bu, avtomobil istehsalçısının Rusiyada işləməsi üçün bir növ bloka çevriləcək”, - Şeremet bildirib.
Daha əvvəl “Franceinfo” radiosu mənbələrə istinadən məlumat vermişdi ki, Fransanın avtomobil istehsalçısı “Renault” Ukraynada dron istehsal edəcək. Şirkət özü də Fransa hökumətinin onunla əlaqə saxladığını təsdiqləsə də, “indiki mərhələdə heç bir qərar verilmədiyini” bildirib.
“Renault” avtomobil istehsalçısı Rusiya bazarını 2022-ci ildə tərk etdi. Fransız şirkəti AvtoVAZ-dakı payını (səhmlərin 67,69%-i) FSUE NAMI-yə, “Renault Russia” zavodunu isə Moskva hökumətinə verdi. Rostec, AvtoVAZ-ın qalan səhmlərini özündə saxladı.
“Renault”un 6 il ərzində səhmləri geri almaq imkanı var, lakin zavodu ala bilməyəcək. Bu ilin fevralında Fransa avtomobil istehsalçısı “Renault”un baş direktoru Luka de Meo şirkətin Rusiyaya qayıtmasını istisna etmədiyini bildirib. O, “vəziyyət sürətlə inkişaf etdiyindən” geri dönüş ssenarisini hələ düşünmədiyini söyləyib.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ