Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı məhkəmənin qərarı bu gün səhər saatlarında icra edilib.
Səfirliyimizə hücum zamanı qətlə yetirilən Orxan Əsgərovun atası Rizvan Əsgərov bununla bağlı Musavat.com-a danışıb:
“Edam xəbəri məni bir balaca sakitləşdirdi. Bu gün səhər saatlarında səfirliyə zəng etdim, dedilər ki, icra olunub. Həmişə özümü övladımın yanında günahkar hiss edirdim. Çünki oğlum şəhid oldu, onu qətlə yetirən şərəfsiz azadlıqda idi. Bu mənim üçün ən böyük dərd idi.
Doğrudur, bala dağı həmişə qalacaq, keçən deyil. Ancaq heç olmasa qatilin layiqli cəzasına çatması bizə təskinlik oldu. O yara isə heç vaxt sağalmayacaq. Övlad dərdi dünyada ən ağır dərddir”.
R. Əsgərov bildirib ki, edam zamanı vəkili və İrandakı səfirliyimizin iki əməkdaşı orada olub:
“Onlar qatilin tam ölməsinə əmin olandan sonra oranı tərk ediblər”.
Şəhidin atası qeyd edib ki, İran tərəfi edam kəndirini onun çəkməyini təklif etsə də, Azərbaycanda ölüm hökmü olmadığına görə icra edə bilməyib:
“Bizim ölkəmizdə ölüm hökmü yoxdur, mən isə Azərbaycan vətəndaşıyam. Buna görə də hüquqi baxımdan mən edam hökmünü icra edə bilməzdim”.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.
Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.
Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin iki il ərzində məhkəməsi keçirilib. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.
Şahanə Rəhimli
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ