İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əhməd kimi bütün ailəni öldürəcəm...”- 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi

18 yaşlı Mədinə Qədimovanın qətlinin təfərrüatı məlum olub. Mədinə 17 yaşında ailə həyatı qurub. Onun ailə həyatı qurduğu Valeh Qədimova qazi olub. Onlar instaqramda tanış olublar. Mədinənin atası molla olub.

Musavat.com xəbər verir ki, hadisədən bir neçə ay əvvəl ər-arvad arasında münasibətlər korlanıb. Mədinə ata evinə gedərək geri qayıtmaq istəməyib. Valeh Mədinənin evə qayıtması üçün bir neçə dəfə qayınatasının evinə gedib. Lakin Mədinə evə qayıtmaq istəməyib. Münasibətlər isə Mədinənin uşağı dünyaya gələndən sonra daha da korlanıb. Valeh əvvəlcə Mədinəni əli ilə boğub. Sonra da bıçaqla çoxsaylı zərbələr endirərək qətlə yetirib. Hadisə Mədinənin Ağstafadakı ata evində baş verib.

Qətli törədən 2001-ci il təvəllüdlü Valeh Qədimov Vətən Müharibəsi iştirakçısı kimi “Cəsur döyüşçü”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Valeh qətllə bağlı nələr danışıb?

Özünü xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilməyən Valeh deyib ki, qəsdən adam öldürməkdə, yəni Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham edilməsini istəyib. Dediyinə görə hadisənin necə baş verdiyini xatırlamır:

“Hadisənin necə baş verdiyini xatırlamıram. Mədinənin hansı səbəbdən öldüyünü unutmuşam. Maştağaya müalicə almaq üçün göndərildikdə mənə dərman verdilər. Dərmanı içdikdən sonra hər şeyi unutmuşam”.

Valeh ifadəsində Mədinə ilə necə tanış olduqlarını, münasibət qurduqlarını danışıb: “İnstaqramdan bir nəfər “salam” yazdı. Onunla danışamağa başladıq. Onun molla Rafiqin qızı Mədinə olduğunu bildim. Mədinə ilə bir-birimizi sevməyə başladıq. 2023-cü ilin sentyabr ayında toyumuz oldu. Çox mehriban idik. Qızımız dünyaya gələnə qədər hər hansı ciddi bir münaqişə və ya problem olmamışdı. Qızımızın 40 günü tamam olmamış Mədinənin anası onları heç bir söz demədən öz evlərinə apardı. Mədinə mənə “məni anam aparır, mən gedirəm evimizə” deyə mesaj yazdı. Mən evə gələndə Mədinənin anamla sözü çəpləşdiyi üçün getdiyini öyrəndim. Mədinənin anası “uşağın 40-ı çıxsın, sonra özüm onları sizə gətirəcəm” dedi. Mən də razılaşdım. Amma uşağın 40-ı çıxandan sonra da Mədinə evə qayıtmaqdan imtina etdi. Bir müddət sonra Mədinə ilə münasibətimiz düzəldi, evə qayıtdı. 4 ay sonra Mədinə əmisinin yası üçün ata evinə getdi. Yasdan sonra evə getmək lazım olduğunu dedim. Mədinə heç bir yerə getmək istəmədiyini dedi. Əmisinin 40-da ailəmlə onlara getdik. Mədinə ilə evə qayıtması barədə söhbət etdim. Yenə evə qayıtmayacağını dedi. Bir neçə gün sonra yenə Mədinənin atasının evinə getdim. Mədinə məni görəndə polisə şikayət edəcəyini, boşanacağını dedi. Bir neçə gün sonra evlərinə getdim. Danışdıq, restoranda yemək yeməyə getdik, evdən istədiyi əşyaları ona apardım”.

Hadisə günü baş verənləri danışan Valeh bildirib ki, qayınanası ona zəng edərək nişan mərasiminə gedəcəklər. Mədinə evdə tək qalmasın deyən onun yanına getməsini istəyib:

“Qayınanamı gedəcəkləri nişan mərasiminə maşınla apardım. Sonra Mədinənin yanına qayıtdım. Mədinəyə dedim ki, gəl gedək evimizə, uşaq orada qalıb, onun da anasına ehtiyacı var. Ailəmizi dağıtmayaq dedim. Mədinə isə heç bir yerə getmək istəmədiyini dedi. Əsəbi danışmağa başladı. Mənə özünü və uşağı öldürəcəyini dedi. Əsəbiləşərək iki əlimlə onun boğazından tutdum. Təxminən 5 dəqiqə onu boğmağa davam elədim. Mənə müqavimət göstərəndə yataqdan yıxıldıq. Mədinənin gözü açıq olsa da xırıldayırdı. Mətbəxdə bıçaq götürdüm. Artıq onu öldürməyi qətiləşdirmişdim. Bıçaqla Mədinənin boğazına bir neçə zərbə vurdum. Ölməsinə tam əmin olmaq üçün yenə boğazına bir neçə zərbə vurdum. Sonra əlimi yuyub evdən çıxdım”.

Mərhumun anası, hüquqi varis Aygün Əfəndizadə ifadəsində Valehin qızına şiddət göstərdiyini deyib:

“Hadisə günü Valeh məni nişana apardı. Yolda Valehə dedim ki, Mədinəyə bir az zaman ver, aranız düzələcək. Valeh məndən razı olduğunu, onlara dəstək olduğumu söylədi. Nişanda olanda qonşu zəng elədi ki, evdə hadisə olub. Evə gedəndə Mədinənin öldüyünü gördüm.

Evli olduqları müddətdə mübahisələri olmuşdu. Mədinə küsüb bizə gəlmişdi. Səbəb evə qonaqların çox gəlib getməsi, qaynanasıgilin onu yola verməməsi, Mədinənin üzərinə çox yük düşməsi idi. Mədinə axırıncı dəfə gələndə uşağı gətirməmişdi. Çünki Valehin ailəsi uşağı ona verməmişdi. Mədinə boşanmaq istəmirdi. Bizə gəlməsinin səbəbi Valehin ona şiddət göstərməsi, ailəsinə baxmaması idi. Valeh Mədinəyə demişdi ki, boşansan, Əhməd (Red: Ötən il beş ailə üzvünü amansızlıqla öldürən Əhməd Əhmədovu nəzərdə tutur) kimi onu və bütün ailəsini öldürəcək. Mən valehin bu cinayəti tək törətdiyinə inanmıram”.

Məhkəmənin hökmü ilə Valeh Qədimov xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham olunaraq 16 il 6 ay azadlıqdan məhrum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR