Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Danimarka Krallığına işgüzar səfəri baş tutub.
Musavat.com xəbər verir ki, səfər çərçivəsində o, Danimarkanın bir sıra yüksək səviyyəli dövlət rəsmiləri və ekspertləri ilə görüşlər keçirib.
Əmirbəyov Danimarka Baş nazirinin Ofisində Xarici siyasət departamentinin rəhbəri Henrik Vinter, xarici siyasət üzrə dövlət katibi Lotte Makon, Parlamentin Xarici işlər komitəsinin sədri Liz Bek və bir sıra nüfuzlu institutların nümayəndələri ilə danışıqlar aparıb.
Görüşlər zamanı iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq perspektivləri, bərpaolunan enerji sahəsində tərəfdaşlıq və Avropa İttifaqı ilə münasibətlər ətrafında geniş fikir mübadiləsi olub.
Danimarka tərəfi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu və Orta Dəhliz layihəsinin strateji əhəmiyyətini xüsusi qeyd edərək, Aİ ilə Azərbaycan arasındakı müsbət dinamikanı dəstəklədiklərini bildirib. Danimarkanın İxrac və Sərmayələr Fondunun Azərbaycana səfəri fonunda enerji sahəsində konkret əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyi də vurğulanıb.
Səfər çərçivəsində Elçin Əmirbəyov Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesi, bölgədə mövcud maneələr və Bakının sülh gündəliyinə dair məlumat verib. Danimarka rəsmiləri Azərbaycanın sülh təşəbbüslərini dəstəklədiklərini və tezliklə sazişin imzalanmasının vacibliyini qeyd ediblər.
Bundan əlavə, görüşlərdə Ermənistanın uzun illər davam etmiş işğal siyasətinin nəticələri – Azərbaycanın mədəni irsinə dəyən zərər və mina problemi də diqqətə çatdırılıb. Əmirbəyov bu barədə ətraflı məlumat və müvafiq nəşrləri danimarkalı həmkarlarına təqdim edib.
Elçin Əmirbəyov səfər çərçivəsində Danimarka mediasına müsahibə də verib. Qeyd edək ki, Danimarka hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, Avropa İttifaqına sədrlik edir və oktyabr ayında “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə Toplantısına ev sahibliyi etməyə hazırlaşır.
ŞƏRHLƏRŞƏRH YAZ