Onlayn ictimai-siyasi qəzet
Musavat.com-un növbəti müsahibi mərhum xalq yazıçısı, 1990-cı ildə müstəqil Azərbaycanın ilk parlament üzvlərindən biri olan Yusif Səmədoğlunun qızı Humay Vəkilovadır.
- Yusif Səmədoğlunu ilk növbədə bir ata kimi necə xatırlayırsınız? Eləcə də onun ədəbiyyatla bağlı söhbətləri evdə hansı mühit yaradırdı?
- Həddən artıq demokrat insan idi. Pozitiv, zarafatcıl idi. Düzünü desəm, ədəbiyyatla bağlı bizimlə çox söhbət etməzdi. Yalnız anamla ədəbiyyatla bağlı danışıqlarına biz də maraqla qulaq asardıq. Amma yadımdadır, “Qətl günü” romanını yazanda bizə oxuyurdu. Çox uşaq idik deyə, əsərin möhtəşəmliyini o qədər də dərk etmirdik.
Çox heyvansevər idi. Evimizdə çox heyvan saxlamışıq. Akvariumda balıqlarımız var idi. Yadımdadır, hər bazar günü yarmarkalar olurdu. Gedirdik ora, balıqları seçirdik, onlara yem alırdıq. Nəyə görəsə mən tez-tez bu anları xatırlayıram...
- Hazırda Vəkilovlar ailəsində nə kimi yeniliklər var? Yusif Səmədoğlunun övladları, nəvələrinin nə kimi uğurları var?
- Atam nəvələrini hədsiz dərəcədə çox sevirdi. Hətta xəstəxanada ağır vəziyyətdə olanda uşaqları apardıq yanına, göz yaşlarını saxlaya bilmədi, dözmədi, dedi uşaqları aparın. İndi nəvələrini görsəydi, çox qürur duyardı, ali savadlıdırlar, yaxşı ailə başçısıdırlar. Mənim qızım, oğlum evlidirlər. Bacımın kiçik oğlu evlidir. Nəticələri var, çox şükür.
- Bəs ananız Nəmidə xanım necədir? Bildiyim qədər, Yusif Səmədoğlu ilə bir-birlərini çox seviblər...
- Anamın indi 88 yaşı var. Son dövrlər atamı tez-tez xatırlayır, ağlayır. Bəli, atamla çox sevirdilər bir-birlərini. Anam çox gözəl qadın olub. Atam da Səməd Vurğunun oğlu necə ola bilər, çox yaraşıqlı idi. Atam onu görən kimi vurulub, bir həftə ərzində elçi göndərmişdi. Yaxşı əri, atanı itirmək çox ağırdır. Bacımla çox xatırlamağa çalışardıq ki, bizə qarşı mənfi hansısa hərəkəti olub ki, özümüzü sakitləşdirək, heç nə tapmırdıq. Ona görə bizə, eləcə də anama çox ağır idi...
- Sizcə, bu gün Yusif Səmədoğlunun ədəbi irsi cəmiyyət tərəfindən yetərincə qiymətləndirilirmi?
- Mən ədəbiyyatdan uzaq adamam. Amma məncə, yetərincə qiymətləndirilir. Bu yaxınlarda Moskvada kitabı dərc olunub. Bilirsiniz də, çox az yazıb.
- Az yazsa da, min bir əsərə dəyən əsərlər qoyub gedib, elə “Qətl günü” romanı kifayət edər. Bu gün ekranlaşdırmaq imkanınız olsa, Yusif Səmədoğlunun hansı əsərini seçərdiniz?
- “Deyilənlər gəldi başa” əsəri istərdim, düzdür, tamamlanmamış əsərdir, amma ekranlaşdırılsaydı, yaxşı olardı. Çox təəssüf onu tamamlaya bilmədi...
- İstərdim Yusif bəyin ədəbi çevrəsi barədə söz açaq, kimlərlə daha sıx əlaqədə idi, tez-tez danışırdı?
- Tez-tez İsmayıl Şıxlı ilə danışırdı. Yazıçılar İttifaqının sədri idi, həmişə görüşürdülər. Bizə tez-tez gəlirdi. Yadımdadır, çayı çox içərdilər, bacımla ikimiz onlara çay aparanda söhbətlərini eşidərdik. Vaqif əmim də gələrdi, söhbət edirdilər. Anar və İsmayıl Şıxlı daha çox yadımda qalıb.
- Vaqif bəylə, iki qardaş ən çox nəyin üstündə mübahisə edərdilər?
- Adətən Vaqif əmim bizdə olanda oturardılar, iki qardaş çox söhbət etməzdilər. Elə hey susardılar. Biz ortaya girirdik. Yox, heç vaxt mübahisə etməzdilər. Bir dəfə də xeyli oturublar, Vaqif əmi dedi ki, Yusif, xeyli susduq, indi mən gedim. (gülür - red.) Yəni söhbətləri az olduğuna görə də mübahisələri də olmurdu.
- Bayaq “Qətl günü”ndən söz düşdü, romanda Yusif Səmədoğlunun baş qəhrəmanı sanki üç zamanda, üç obrazla çıxış edir. Elə təəssürat yaranır ki, birincisi Molla Pənah Vaqifdir, ikincisi Hüseyn Caviddir. Üçüncüsü isə qeyri-müəyyən bir şəxsdir. Sizcə, o şəxs kimdir? Elə hesab etmək olar ki, orada özünü əks etdirib, yoxsa başqa prototip var?
- Atam rəhmətə gedəndən sonra bir dəfə oxudum o əsəri. Dediyim kimi, atam da bunu bizə oxuyurdu. Bəli, özünə oxşarlıqlar çoxdur. Amma bu suala özü daha yaxşı cavab verərdi. Mən də oxşarlıqları hiss etmişəm. Bilirsiniz, çox kiçik idim. Heyfslənirəm ki, bəlkə atamla “Qətl günü” romanı haqqında daha çox söhbət edərdim...
Atam sintezatorda çox gözəl ifa edərdi. “Sarı gəlin”i elə gözəl ifa edərdi ki. Mən elə bilirdim ki, atam çox yaşayacaq. Bilsəydim, belə olacaq, yazardım onları...
- “Qətl günü” romanının sovet rejimi dövründə çapı və yayımı necə qarşılanmışdı? Rəsmi dairələrdən reaksiya olmuşdumu?
- Atam deyirdi ki, bu roman çap olunmasa, mən Vətənimi tərk edib, gedəcəyəm. Bu söhbət yadımdadır. Çətin olsa da, dostları dəstək verirdi. Amma bütün detalları dəqiqliklə yadımda saxlamamışam.
- Humay xanım, son illər gənc yazarlar arasında klassikləri, ədibləri gah ələ salır, gah da onların yaradıcılığında qüsurlar axtarmağa çalışırlar. Buna necə yanaşırsınız?
- Məncə, onlar gündəmə gəlmək istəyirlər, yəni reklam xarakterlidir. Mən bilirəm ki, atam sağ olsaydı, bu cür söhbətlərə heç diqqət etməzdi. Atamın sağlığında Səməd Vurğunla bağlı üzünə söz deyə bilməzdilər. Amma atamla Vaqif əmi rəhmətə gedəndən sonra görürsünüz, dilə gəliblər. Belə məqamlar olur, adama pis təsir edir. Yəqin ki, belə söhbətlər olub, olacaq da...
- Yalnız gənclər deyil, yaşlılar arasında da belə iddialar eşidirik. Yaxınlarda yazıçı Əlisa Nicat Səməd Vurğun haqqında ifadələr səsləndirmişdi, hətta onu yaltaq adlandırmışdı. “Hər zövqü, səfası partiyamızdır” - bunu Səməd Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini də qoyublar. Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb?” deyib...
- Bu barədə mənə xəbər verdilər, Anar müəllim onun cavabını çox gözəl verdi. Əlbəttə, bu fikirlərlə razı deyiləm, bunun sübutları olmalıdır. O ki qaldı partiya ilə bağlı deyilənə, indi danışanlar o zaman yaşasaydılar, onlar bəlkə Səməd Vurğundan da artıq yazardılar. İndi oturub filan zamanda, filan şair şeir yazıb demək düz deyil.
- Babanızı təhqir etdiyinə görə məhkəməyə müraciət etməyi heç düşündünüzmü?
- Heç vaxt verməzdim. Mən özümü onlardan üstün hesab edirəm. Heç reaksiya belə vermirik. Çünki Səməd Vurğun olub, olacaq da. Həmişə onu istəyənlər daha çox olacaq. Məhkəməyə vermək barədə söhbət belə ola bilməz, çünki atam buna çox əsəbiləşərdi.
- Humay xanım, istərdim, söhbətimizi xoş ovqatla bitirək. Atanızın həyatında heç vaxt danışılmayan, amma yaddaşınızda iz buraxan bir hadisəni bölüşmək istərdinizmi?
- Çox zarafatcıl idi. Uşaq idim, məktəbə də hələ getmirdim. Atamın “QAZ-24”ü var idi. O, sürürdü, mən də arxada oturub gedənlərə dil çıxarırdım. Bir maşın qırmızı işıqda dayandı, atama acıqlanmağa başladı, qışqıra-qışqıra dedi ki, uşağına tərbiyə verməmisən, filan. Atam da qulaq asdı-asdı, axırda o da dil çıxarıb, yola davam etdi. Atamla bağlı xoş xatirələrim çoxdur, hansını deyim...
Afaq Mirayiq,
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ