Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, məşhur müğənni, prodüser və iş adamı Emin Ağalarov (Emin) payız-qış mövsümündə Rusiyanın bir sıra şəhərlərində konsert proqramı ilə çıxış edəcəyini açıqlayıb. Sənətçi bu barədə rəsmi “Instagram” səhifəsində məlumat yayıb və afişanı təqdim edib.
Proqrama görə, Eminin ilk konserti 23 noyabrda Naberejnıye Çelnıda baş tutacaq. Ardınca İjevsk (24 noyabr), Kirov (25 noyabr), Nijni Novqorod (26 noyabr), Moskva (2 dekabr) və nəhayət, 6 dekabrda Bakı konserti nəzərdə tutulub.
Xatırladaq ki, bu yay Azərbaycan–Rusiya münasibətlərinin pisləşməsi fonunda Emin Ağalarov Rusiyada nəzərdə tutulan bütün mədəni tədbirlərini və konsertlərini təxirə salmışdı. Hətta “Jara” festivalına Rusiyadan gələcək sənətçilərin Bakıya səfəri də dayandırılmışdı. Bu, siyasi gərginliyin mədəni müstəviyə də sirayət etdiyini göstərən açıq nümunə idi.
Emin Araz oğlu Ağalarov 12 dekabr 1979-cu ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini İsveçrədə və ABŞ-da alıb, biznes idarəçiliyi üzrə təhsilini Nyu-Yorkda davam etdirib. Musiqi karyerasına 2000-ci illərin ortalarında başlayıb, rus və ingilis dillərində mahnılar ifa edərək geniş auditoriya qazanıb. Emin həm də beynəlxalq miqyasda tanınan “Jara” musiqi festivalının təşkilatçılarındandır.
İndi isə Emin Ağalarov yeni mövsümə start verir və biletlər artıq satışdadır. Lakin sual doğurur: müğənniyə münasibətlərin yaxın aylarda düzələcəyi barədə hansısa siqnallar verilibmi? Yoxsa, yenə olduğu kimi, planlaşdırılan konsertlər siyasi səbəblərdən təxirə salına bilər?
Hər halda, görünən odur ki, Emin Ağalarov risk edərək noyabrdan etibarən səhnəyə qayıdır və onun turu həm Rusiyada, həm də Bakıda böyük maraqla gözlənilir.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ