İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ŞƏT-lə tərəfdaşlığı gücləndirir, Bakı-Pekin strateji xətti

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşdır. Rəsmi Bakı bu tərəfdaşlığı sözügedən beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişi hesab edir. Başda təşkilatın əsas lokomativi sayılan Çin olmaqla, üzv ölkələrin Azərbaycana etimadı və rəğbəti var.

Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova bildirib. Deputat qeyd edib ki, bu münasibətlər qarşılıqlıdır: “Azərbaycanın əlverişli coğrafi mövqeyi, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəsi nöqteyi-nəzərindən ŞƏT çərçivəsində əməkdaşlıq bütün tərəfdaşlar üçün əhəmiyyətlidir. “ŞƏT+” formatında icasda çıxışı zamanı da cənab Prezident qeyd etdi ki, məhz ötən il Astanada keçirilmiş sammit çərçivəsində Bakı ilə Pekin strateji tərəfdaşlıq qurdu. Pekin də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bəyan edib və bunu “Şanxay ruhu”na uyğun hesab edib. Lakin Hindistanın bu prosesdə davamlı qərəzini müşahidə edirik. Belə ki, Hindistan yenidən Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) tamhüquqlu üzvlük verilməsinə qarşı çıxıb. Bu, təbii ki, çoxtərəfli diplomatiyaya ziddir. Çünki ŞƏT-in əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərin gücləndirilməsi, regionda sülh və təhlükəsizliyin, o cümlədən sabitliyin ədə edilməsi istiqamətində səylərin göstərilməsindən ibarətdir. Amma Hindistan bu qərəzli yanaşma ilə ŞƏT-in prinsiplərini də pozdu”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Pakistanın baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşdə bu məsələyə toxundu, Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını dedi: “Bununla belə, rəsmi Bakı İslamabadla qardaşlıq münasibətlərini hər şeydən üstün sayır və Dehlinin bu ucuz siyasəti heç bir halda Azərbaycanın strateji kursunu dəyişmir. Bu gün Azərbaycan ŞƏT-ə üzv olmasa belə, bu təşkilat çərçivəsində çox faydalı əməkdaşlıqlar qura bilib”.

N.Məmmədova, həmçinin xatırladıb ki, Azərbaycan Prezidenti 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarının iştirakçısı olub.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR