Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçı Tehranda akkreditə olunmuş xarici ölkə səfirləri ilə görüşündə mühüm açıqlamalar verib.
Musavat.com xəbər verir ki, nazir çıxışı zamanı həm ABŞ-la nüvə danışıqları, həm də İsrailin bu prosesə münasibəti barədə sərt mövqe nümayiş etdirib.
Əraqçı bildirib ki, İranın həyata keçirdiyi hərbi müdafiə tədbirləri beynəlxalq hüquqa əsaslanan, qanuni və səlahiyyətli addımlardır:
“Biz özümüzü müdafiə edirik. Bu müdafiə tamamilə qanunidir və İsrailin təcavüzünə qarşı bir cavabdır. Əgər təcavüz dayansa, bizim reaksiyalarımız da təbii olaraq dayanacaq.”
Nazir qeyd edib ki, İran və ABŞ arasında bu günə qədər beş raund nüvə danışıqları aparılıb və altıncı raund üçün Tehran konkret bir təklif hazırlamışdı:
“Beşinci raundda ABŞ tərəfi bizə problemlərlə dolu, qəbulolunmaz bir təklif təqdim etdi. Biz öz iradlarımızı bildirdik. Altıncı raund üçün isə razılaşma üçün real zəmin yarada biləcək əks-təklif hazırlamışdıq. Bu təklif bu gün keçiriləcək iclasda təqdim edilməli idi.”
Ancaq nazirin sözlərinə görə, bütün bu diplomatik cəhdlərə baxmayaraq, İsrail rejiminin niyyəti tamamilə fərqlidir:
“Tamamilə aydındır ki, İsrail rejimi nüvə məsələsində heç bir razılaşma əldə etmək istəmir. Onlar nə danışıqlar, nə də diplomatiya istəyirlər. Nüvə danışıqları hələ davam edərkən İrana qarşı həyata keçirilən təcavüzlər İsrailin bu prosesləri pozmaq və qarşısını almaq niyyətini açıq şəkildə göstərir.”
Əraqçının bu çıxışı, İranın diplomatik təşəbbüslərinə baxmayaraq, bölgədə artan gərginliyin əsas səbəbi kimi İsrailin tutduğu mövqeni önə çıxarır. İran tərəfi hesab edir ki, İsrail məqsədli şəkildə regionda hərbi eskalasiyanı gücləndirir və danışıqlar prosesini pozur.
Musavat.com
https://t.me/TVmusavat
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ