Onlayn ictimai-siyasi qəzet
Zahiri görkəmcə də, davranışı ilə də həmişə ciddi təsir bağışlayan dəyərli həmkarım Aqil Camalın sosial şəbəkədə paylaşdığı statusu oxuyanda əvvəlcə bir qədər təəccübləndim. Sonra hesab etdim ki, onun da ayda-ildə bir dəfə zarafat etmək haqqı var.
Status beləydi: “İran rəsmiyyətinə bağlı “Keyhan” qəzeti ölkədə yaşanan su qıtlığı ilə bağlı iddia edib ki, əvvəllər Aralıq dənizindən Türkiyə üzərindən İrana daxil olan bulud kütlələri son günlərdə birbaşa Bakı istiqamətinə yönəlir və İran sərhədlərinə çatmır...”
Sonra gördüm, yox, bu status müvafiq xəbərin anonsu, təqdimatıdır. Xəbərin içinə adlayanda anladım ki, Aqil zarafat eləmir, “Keyhan” qəzeti gerçəkdən də belə bir iddia irəli sürüb.
Məqalədə göstərilir ki, buludların istiqamətindəki dəyişikliyinin arxasında “düşmən qüvvələrin iqlimə müdaxiləsi” dayanır. Heç demə, buludları İrana getməyə qoymayan Türkiyədə fəaliyyət göstərən İsrail şirkətləridir və onların sayı 75-dir. Bu şirkətlər buludları “iqlim dəyişikliyi layihəsi” çərçivəsində idarə edirmişlər. “Keyhan” belə yazır.
Bir tərəfdən sevinirsən ki, nəhayət, İranda da artıq yağışın, qarın yağmasını “Allahın işi” hesab etmirlər, atmosfer hadisəsi sayırlar və müasir elmin buna müdaxilə edə biləcəyini düşünürlər. Özlüyündə bu, tərəqqidir. Bundan əvvəl hansı təbii hadisə (sel, dolu, zəlzələ, şimşək çaxması, qasırğa, vulkan püskürməsi, torpaq sürüşməsi və s.) baş verirdisə, İran əhlinin çoxu (bu xasiyyət bizdə də var) əlini göyə qaldırıb deyirdi: “Ay Allah, özün bizə rəhm elə”.
Elə çıxırdı ki, bu təbiət hadisələrinin təşəbbüskarı və təşkilatçısı şəxsən gözəgörünməzdir və bunları insanlara cəza və ya sınaq kimi tətbiq edir.
Amma indi ölkənin rəsmi qəzetinin məqaləsinə görə, artıq bu işlərdən, konkret olaraq, buludların hərəkətindən Allahın xəbəri olmadığı, bunu insanların düzüb-qoşduğu bildirilir.
Sadəcə, adamı kədərləndirən detal odur ki, İranda belə fantastik haqq-hesablara inanırlar. Dünya üzərindəki heç bir meteoroloji təşkilat və ya elmi tədqiqat mərkəzi buludların istiqamətinin əl ilə və ya hansısa texnikayla dəyişdirilməsinin mümkünlüyünü bəyan etməyib.
Belə bir şey olsa, bunu Yaponiya etməzdimi? Bir də görərdik, bulud yönü dəyişdirən cihaz icad ediblər. Onlar həmin cihazı icad edən günün ertəsi o hacətdən Çində də olardı. Onlar da onun ucuzundan konveyer üsulu ilə istehsal edərək dünyaya satardılar.
Ədalət naminə onu da yazım ki, sovet vaxtı bizim kənddə elə bir şey vardı. Adi artilleriya toplarıydı. Hər il yaz vaxtı Əlövsət kişi dolmuş qara buludların göyərçin yumurtası boyda dolularının üzüm plantasiyalarını kor qoymaması üçün onları topla vurub dağıdırdı. Sonra o işin başına dostumuz Əhdiman keçdi.
Quruçayın qırağında, Şükürbəyli körpüsünün yaxınlığında, Zərif bulağının 150 metrliyində topxana da vardı. O topxana işlədiyi vaxt kəndimizə dolu düşmədi. Qoymurdular. Yağışa icazə verirdilər, amma dolu buludunu dağıdırdılar. O da darmadağın olur, səmayla axıb İran tərəflərə gedir, orda da istiyə düşüb yağışa çevrilirdi.
Yəni prinsipcə, buludları idarə etmək mümkündür, amma bunun səs-küyü, gurultusu, nəriltisi çox olur. Bu işi gizli görmək mümkün deyil. Əgər İsrailin 75 şirkəti bu işi görübsə, videosu-filanı olmalıydı. Bulud dağıtmaq və ya istiqamətini dəyişdirmək elə-belə işdir?
Yəni buludu bir kəndin üzərindən topla qovmaq mümkündür, amma bir ölkənin üzərindən iki min kilometr boyunca qabağına qatıb dəhmərləmək zırıltı işdir.
Bunun mümkünlüyünə sidq-ürəkdən inanmaq ondan da zırıltı məsələdir. Hərçənd Musa peyğəmbərin öz çəliyi ilə dənizi iki yerə böldüyünə inananların əlində çətin iş deyil. Hara fırlasan, gəlib inanc məsələsinə çıxacaq.
Bəli, İranda deyirlər ki, Bakı buludlarımızı oğurlayır. Adam bilmir nə desin. Yaxşı, o boyda buludları oğurlayıb neyləmişik? At deyil, dəvə deyil, gətirib bir pəyəyə salasan. Buludlar çox yekə olur, bəzən bütün ölkənin səmasını qapayır.
Əslində bulud cəlbi mümkün olsaydı, yaxşı biznes qurmaq olardı. Rusiya tərəflər buludluq yerlərdir, bizimkilər gedib ordan 5-6 rayonluq bulud vurub gətirərdilər. Odur, Qazaxda suvarma suyu üstündə baş yarırlar. Müştərisi başının üstündədir.
Dialoqa baxın: “Üstünüzdə hazır bulud var?” “Qara bulud, ya ağ bulud?” “Ağı neynirik, sulu olsun, çaylarımız quruyur”. “Qara bulud var, amma o bir az bahadır”. “Olsun. Aşağı yerini de, götürək”. “Oldu, pulunu nağd ödəyin, Xəzərin üstüylə göndərək”...
Ta heç nə.
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ