Onlayn ictimai-siyasi qəzet
Əfqanıstandakı Taliban hökuməti bu saat dünyada ən azarkeşlik ediləsi hökumətdir. Planetdəki siyasi vəziyyəti, ümumiyyətlə, bəşəriyyətin evolyusiya nəticəsində hara gəlib çatdığını gözəl ifadə edirlər. Olduqca səmimidirlər.
Məsələn, bu yaxında zəlzələ olmuşdu, qadınları uçuqların altından çıxarmadılar, çünki naməhrəm arvada əl uzatmaq olmazmış. O cümlədən zənənlərə küçədə danışmaq, dərsə getmək və sairə qadağan edilib. Lap təzəlikcə vay-fayı da qadağan etdilər. Ən son qərar isə şedevr idi: qadın müəlliflərin yazdığı kitablar ölkəyə buraxılmayacaqmış.
Bütün bunlardan çıxış edərək əfqanları və onların bu hökumətini geridəqalmış, cahil-zad saymaq düz çıxmır, çünki planetin başqa sakinlərindən heç bir fərqləri yoxdur. Ona qalsa bizdə də qadınlara nifrət eləyən çoxlu adam var, amma artistlik edirlər, gizlədirlər. Yaxud Putin hər dəqiqə başqa xalqların başına bomba yağdırır, ancaq “Bolşoy teatr” Türkiyəyə tura çıxıb, türk qardaşlarımız da ağızlarının suyunu axıda-axıda rus balerinaların səhnədə omba oynatmağına tamaşaya durmuşlar. (Bomba və omba daxili qafiyəsi təsadüfən alındı). “Sonalar gölü” və “Romeo-Cülyetta” oynayırmışlar. Əsl “taun vaxtı ziyafət”dir. Kimi istəyirsən öldür, amma tamaşanı, teatrı kəsmə.
Bu mənada, amerikalıların cidd-cəhdlə Əfqanıstandakı Baqram hərbi bazasına qayıtmaq istəyini yaxşı anlayıram. Gözəl təşəbbüsdür. Hələ gecikibdir. Yəqin opium ixracına nəzarətin gəlirləri bərpa olunmalıdır. Düzdür, biabırçılıqla, qaçaraq çıxmışdılar, camaat təyyarələrin qanadlarından tökülmüşdü, lakin Əfqanıstanda bu saat olmalı olan ən uyğun rejim elə ABŞ-dir. Araşdırsan, görərsən ki, insan hüquqlarına münasibətdə hər iki ölkəyə başçılıq edənlərin fikirləri az qala bir almanın iki yarısıdır.
Yadımdan çıxmamış, Əfqanıstanda Bəlx əyalətində “vay-fay”ı qadağan eləyəndə hökumətin yerli nümayəndəsi belə maraqlı, tragikomik açıqlama vermişdi, deyir “vay-fay” əxlaqsızlıq yayır, indi biz bunu qadağan edirik və çalışacağıq alternativini tapaq.
İnternetə alternativ nə ola bilər, fantaziyam işləmədi. Lakin Talibana gülməzdən öncə papağı qabağımıza qoyaq, Çinin faktiki qurduğu, Rusiyanın da qurmağa çalışdığı “alternativ interneti” yadımıza salaq. Həmin şey deyilmi?
15 sentyabrda - milli “bilik günümüzdə” Gürcüstanda yaşayan dostum oranın xəbərlərindən bir link atmışdı ki, savadımı artırım. Həmin linkdə Marneulidə yaşayan soydaşlarımızın “igidliyindən” bəhs olunurdu. 43 yaşlı erkək üçün 20 yaşlı qızı qaçırmaq istəyən 7 nəfər həbs edilmişdi. Dostum yazır ki, gürcü mediasında bizimkilərin qız qaçırma üstündə həbsi xəbərləri az qala gündəm xarakteri daşıyır. 21-ci əsrdir, bunlar hələ də başa düşmək istəmir ki, qadını zorla qaçırıb, oğurlayıb arvad eləmək olmaz. Bu təfəkkürün əfqan Talibanından, Molla Ömərdən, Hacı Ətaullahdan-zaddan nə qədər fərqi var? Bir qram da fərqi yoxdur. Ancaq qəribədir ki, biz Talibana gülürük, ələ salırıq, güzgüdə özümüzə isə baxmırıq.
İki-üç gün qabaq Masazırda bir gözəl insanla tanış olmuşdum. Ayağını çəkirdi, dedi 1-ci qrup əlildir. “Onurğa sümüyümün yarısı dəmir-dümürdür, anadangəlmə bu gündəyəm. Nəsillikcə bu zəlil günündəyik”. Onun dilindən “nəsilllikcə” sözünü eşidəndə dalağım sancdı, dərhal soruşdum: “Valideynləriniz qohum idilərmi?” Təsdiqlədi. Zənnimdə yanılmamışdım. Hansısa axmaq adət-ənənə üzündən bir nəsildə neçə insanın həyatı cəhənnəm əzabına çevrilib.
Yayda hökumət qohum evliliyinə nəhayət qadağa qoydu, biz də bunu alqışladıq. Ancaq sən demə, camaat kirimirmiş! Qohum evliliyinə icazə, sənəd ala bilmək üçün hətta valideynlər saxtakarlıq edir, guya övladından imtina edirmiş! Ki, sonra “valideyni naməlum” uşaqlar bir-birinə qovuşsun.
Təsəvvür edin. Həşirə baxın.
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ