Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədova tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
“Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”, - araşdırmada vurğulanır.
Azərbaycanda təhsil sektoru sanki mövsümi “ticarət platforması”dır. Burada uzaqbaşı 3 ay fasilə və durğunluq olur. Yeni tədris ili başlayan kimi direktor-sinif rəhbəri-valideyn komitəsinin sədri şəbəkəsi hərəkətə keçir. Onlar fond pulu, təmir pulu və naməlum istiqamətlərə pullar yığmağa başlayırlar. Qalan 9 ayda da intensiv şəkildə pulyığma halları qeydə alınır.
Təbii ki, bu kimi hallara yol verən direktorları cəzalandırmaq, işdən çıxarmaq lazımdır. Amma bu da problemin köklü həllində çıxış yolu olmur. Sistemli iş aparılmalı, yanaşma dəyişməli, ən əsası Elm və Təhsil Nazirliyi konkret proqramla çıxış etməlidir.
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədovun fikrincə, məktəblərdə pul yığımı ilə bağlı direktorların işdən çıxarılması xəbərləri bir daha göstərir ki, təhsil sistemində köklü struktur problemləri mövcuddur. “Yeni Müsavat”a açıqlamasında ekspert təhlillərin nəticələrinə diqqət çəkdi: “Təhlillər göstərir ki, problem yalnız fərdi direktorların davranışından yox, idarəetmə və maliyyələşmə mexanizmlərinin natamamlığından qaynaqlanır. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununda açıq şəkildə qeyd olunur ki, dövlət ümumi təhsil müəssisələri pulsuz fəaliyyət göstərir və dövlət büdcəsi hesabına maliyyələşir. Ancaq faktiki vəziyyət bu normativ baza ilə üst-üstə düşmür. Məktəblərin gündəlik fəaliyyəti üçün tələb olunan vəsaitlərin bir qismi büdcədən qarşılanmadığına görə valideynlərdən qeyri-rəsmi vəsait yığımı baş verir. Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi addımlar, xüsusilə direktorların şəffaf seçim imtahanı ilə işə götürülməsi və maliyyə nəzarətinin gücləndirilməsi müsbət istiqamətdə addımdır, çünki bu, ictimaiyyət qarşısında məsuliyyəti artırır və dövlətin təhsildə korrupsiyaya qarşı mübarizədə qətiyyətini nümayiş etdirir.
Statistik məlumatlara nəzər saldıqda aydın olur ki, hazırda Azərbaycanda 4400-dən çox ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və onların əksəriyyəti mərkəzləşdirilmiş maliyyələşmə ilə idarə olunur. Təhsil Nazirliyinin hesabatlarına görə, 2024-cü ildə məktəblərin saxlanması və təchizatı üçün dövlət büdcəsindən 2 milyard manata yaxın vəsait ayrılıb. Amma bu vəsaitin paylanma mexanizmi hələ də kifayət qədər şəffaf deyil və məktəblərin lokal ehtiyaclarını tam təmin etmir".
Dünya təcrübəsi barədə danışan K.Əsədov qeyd etdi ki, maliyyə resurslarının açıq idarəsi korrupsiya risklərini minimuma endirir: “Məsələn, Estoniyada bütün məktəblərin maliyyə hesabatları ictimai onlayn platformalarda paylaşılır, Türkiyədə "okul aile birliği" mexanizmi vasitəsilə valideynlər maliyyə prosesinə birbaşa nəzarət edirlər. Azərbaycanda da belə mexanizmlərin tətbiqi radikal dəyişiklik yarada bilər. Direktorların işdən çıxarılması cəza xarakterli tədbir kimi qısamüddətli təsir göstərsə də, uzunmüddətli həll yolu ola bilməz. Burada əsas dəyişiklik maliyyə müstəqilliyinin və ictimai nəzarətin gücləndirilməsidir. Məktəb büdcələrinin onlayn olaraq açıqlanması, hər bir qəpik xərcləmənin valideyn, müəllim və ictimai şuralar tərəfindən izlənilməsi pul yığımına ehtiyacı tamamilə aradan qaldıra bilər. Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin son dövrlərdə direktorların məsuliyyətini artırması və ictimaiyyət qarşısında hesabatlılığı gücləndirməsi müsbət qiymətləndirilməlidir. Bu yanaşma göstərir ki, nazirlik problemləri təkcə sözlə deyil, konkret idarəetmə qərarları ilə həll etməyə çalışır. Amma problemin digər tərəfi də pedaqoji kadr hazırlığı ilə bağlıdır. Universitetlərdə müəllim hazırlığı yalnız nəzəri bilik üzərində qurulduğu üçün dəyər formalaşdırmaq, şagird-müəllim münasibətinə sağlam yanaşma gətirmək mümkün olmur".
Onun sözlərinə görə, məsələn, pedaqoji fakültələri bitirən gənc kadrların bir çoxu sinfə girəndə yalnız fənn bilikləri ilə məhdudlaşır, amma məktəbin idarəetmə mədəniyyəti, etik davranış qaydaları və korrupsiya ilə mübarizə bacarıqları onlara öyrədilmir: "Bu isə sonradan həmin şəxslərin direktor və ya rəhbər vəzifələrə gələndə sistemin təzyiqlərinə boyun əyməsinə şərait yaradır. Universitetlərin əsas problemi əmək bazarına uyğun, yüksək etik dəyərlərə malik, idarəetmə bacarıqları olan müəllim kadrlar yetişdirə bilməməsidir. Pedaqoji təhsil dəyərsiz nəzəriyyələrlə məhdudlaşmamalı, real praktik bacarıqlara yönəlməlidir. Bütün bunların fonunda görülən müsbət işləri də vurğulamaq lazımdır. Elm və Təhsil Nazirliyi son illərdə “Məktəblərin Akkreditasiyası”, “Direktorların Sertifikatlaşdırılması” və “Elektron Təhsil Platformaları” kimi layihələr vasitəsilə şəffaflığı gücləndirib. Bu islahatlar valideynlərin, müəllimlərin və cəmiyyətin məktəb idarəçiliyinə inamını artırır. Əgər universitetlər də eyni cür islahatlara qoşularaq pedaqoji kadr hazırlığında yalnız bilik deyil, həm də dəyər və məsuliyyət yönümlü model tətbiq etsə, gələcəkdə məktəblərdə pul yığımı kimi problemlərin kökü kəsilə bilər. Hesab edirəm ki, direktorların işdən çıxarılması problemi yalnız müəyyən müddətə təxirə salır. Əsas dəyişiklik məktəb büdcələrinin açıq və ictimaiyyətə hesabatlı olması, valideynlərin və müəllimlərin qərar proseslərinə cəlb olunması, universitetlərin isə real dəyər daşıyan pedaqoji kadrlar hazırlamasıdır. Nazirliyin bu istiqamətdə atdığı addımlar müsbət və sistemli islahatların xəbərçisidir və davamlı dəstəklənməlidir".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ