İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda pullu yollar nəyə hesablanıb - tıxac, yoxsa...

Ekspert: “Hansısa yolu bağlayıb deməyəcəklər ki, pullu zonadır” 

Bakıda ödənişli hərəkət zonalarının tətbiqi gözlənilir. Bu məsələ Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanda əksini tapıb. Sənədə əsasən, Nazirlər Kabineti üç ay müddətində paytaxtda belə zonaların yaradılması, onların əhatə dairəsi və avtomobillərin girişinə görə tətbiq olunacaq haqqın məbləği barədə təkliflər hazırlayıb Prezidentə təqdim etməlidir. Qərara görə, bu yolla toplanan vəsaitlər birbaşa “İctimai nəqliyyat” Məqsədli Büdcə Fonduna yönləndiriləcək. 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu addımın arxasında həm ekoloji, həm də iqtisadi səbəblər dayanır. Onun sözlərinə görə, Bakı küçələrində avtomobillərin həddindən artıq çoxluğu atmosferə buraxılan zərərli qazların, o cümlədən CO emissiyalarının artmasına gətirib çıxarır, sıxlıq şəraitində qəzaların çoxalması isə həm vətəndaşlara, həm də dövlətə maddi və mənəvi zərərlər vurur: “Səs-küy də insanlarda əlavə stress yaradır. Məhz bu səbəblər nəzərə alınaraq ödənişli yol sistemi gündəmə gətirilib”. 

Ekspert vurğulayıb ki, bu, dünya təcrübəsində mövcud olan üsuldur: “London, Sinqapur, Stokholm və Dubay kimi şəhərlərdə bu sistem uğurla tətbiq olunur. Əsas məqsəd mərkəzi küçələrdə avtomobil axınının qarşısını almaq və ictimai nəqliyyata marağı artırmaqdır”. 

Onun sözlərinə görə, Bakıda da müxtəlif ssenarilər mümkündür. Bütün nəqliyyat vasitələri ödəniş etməklə mərkəzi zonalara daxil ola bilər. Ekoloji cəhətdən təmiz - yəni elektromobillər üçün girişin pulsuz olması ehtimalı var. Həmçinin istismar müddəti 20 ildən çox olan köhnə avtomobillərin girişinə görə əlavə ödəniş nəzərdə tutula bilər. Ödəniş mexanizmlərinin mobil tətbiqlər, terminallar və digər rəqəmsal kanallar vasitəsilə həyata keçirilməsi istisna edilmir. 

Amma bu məqamda bir sıra suallar da ortaya çıxır. Bu addım tıxacları doğrudanmı azaldacaq, yoxsa sadəcə vətəndaşların cibinə əlavə yük olacaq? Şəhərin mərkəzində yaşayan sakinlərin vəziyyəti necə tənzimlənəcək? Onlar hər gün evlərinə gedib-gələrkən ödəniş etməli olacaqlarmı? Qısa müddətə işini həll etmək üçün mərkəzə gələn sürücülər avtomobillərini harada saxlayacaqlar? Parklanma infrastrukturu kifayət qədər inkişaf etmədiyi halda yeni sistem əlavə çətinliklər yaratmayacaqmı?

Velosiped kirayəsi ilə tıxacın qarşısını almaq olmaz” - Elməddin Muradlı |  KONKRET

 Elməddin Muradlı

Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, bu cür hərəkət zonası hazırda paytaxtda mövcuddur: “İçərişəhər ərazisi ödənişli zonaya daxildir. Yeni yaradılan hərəkət zonası da ona oxşayan bir model olacaq. Bu zonanın ümumi yola heç bir aidiyyəti yoxdur. Hansısa yolu bağlayıb deməyəcəklər ki, pullu zonadır. Burada söhbət yoldan deyil, zonalardan gedir. Məsələn, İçərişəhər ödənişli zonadır və heç bir magistral əhəmiyyəti yoxdur. Orada sürətli keçidə və tıxaca rast gələ bilmərsiniz.  

“Torqovı” adlanan ərazidə ətraf küçələri avtomobilsizləşdirməyə çalışırlar. İslam Səfərli küçəsi artıq minik avtomobilləri ilə hərəkət üçün bağlanıb. Gələcəkdə o istiqamətdə digər küçələr də bağlana bilər.  

Şənbə və bazar günləri Zərifə Əliyeva küçəsindən “Torqovı” adlanan əraziyə gedən yola şəxsi avtomobillərin girişi bağlanır. Ödənişli zonalardan biri həmin ərazi ola bilər. Ödənişli zona dedikdə bunlar nəzərdə tutulur. İnsanlara isə elə gəlir ki, magistral yollar bağlanacaq, Bakı-Quba sərhəd yolu kimi  keçid üçün pul tələb olunacaq. Xeyr, belə bir şey gözlənilmir. Beynəlxalq təcrübədə paytaxt şəhərlərdə ödənişli zonalar qəbul olunmuş bir variantdır".  

Ekspert bildirir ki, ödənişli zonalara yaxın ərazilərdə yaşayan insanlara minik avtomobilləri ilə hərəkət zamanı güzəştlər edilməlidir: “İnsanın evinə maşınla gedib gəlməsi onun təbii haqqıdır. Və yaxud da həmin insanlara parklanma üçün pulsuz yer verilməlidir. Həmin zonada yaşayan insanın giriş və çıxışı pulsuz olmalıdır”. 

E.Muradlının sözlərinə görə, ödənişli zonaların yaranması tıxacla mübarizə demək deyil: “Bu, ictimai nəqliyyata bir dəstəkdir. Bəzi küçələrə avtomobil axınının qarşısını almaq məqsədi daşıyır. Simvolik məbləğlər təyin edilir ki, insanlar şəhər mərkəzinə avtomobillə gəlməyə son qoysunlar. Lakin bununla paralel olaraq ictimai nəqliyyat güclənməlidir. İctimai nəqliyyat alternativ kimi tələbələrə cavab verməlidir. Avtobuslar dayanıqlı formada hərəkət etməlidir. Növbəti ildən dövlət avtobusların alınması üçün subsidiyalar ayıracaq. Yəni ödənişli zonaların yaradılması mərhələli şəkildə baş tutacaq. Əvvəlcə yeni avtobuslar alınacaq və ictimai nəqliyyat gücləndiriləcək. Məsələn, ilin sonuna yaxın paytaxta 350-yə qədər yeni avtobuslar gətiriləcək. 2025-2035-ci illər ərzində 10 yeni metro stansiyası tikiləcək. Beləliklə, bir-biri ilə koordinasiyalı işlər aparılarsa, o zaman tıxacın qarşısı alınacaq. Lakin hansısa zonaya ödəniş etməklə daxil olmaq tıxacı azaltmaz.  

Bakının rahat nəfəs alacaq dövrünü təxminən 2040-cı ildən sonra görmək mümkün olacaq. Lakin ona qədər bu istiqamətdə nə qədər iş görülsə, hamısının öz faydası olacaq.  Amma bu işləri sistemli şəkildə etmək lazımdır. Sistemsiz şəkildə hansısa bir layihə edilərsə və o digər layihə ilə tamamlanmarsa, bunun effekti olmayacaq.  

Yeni metro stansiyalarının salınması, avtobusların sayının artırılması və yeni yol infrastrukturunun çəkilməsi məsələsi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Lakin yollarla bağlı dövlət proqramı böyük investisiya tələb edir. Onun icrası yaxın illərdə yekunlaşa bilməz. İlk olaraq yeni yolların, tunellərin salınması və mövcud yol şəbəkəsinin genişləndirilməsi, metro infrastrukturunun gücləndirilməsi işləri həyata keçiriləcək. Metro stansiyalarının sayı 28-dən 50-yə çatdırılacaq. Proqrama nəzər salsaq, hətta 60-dan çox metrostansiya Bakını sıxlıqdan xilas edə biləcək. Təbii ki, bu, zaman alacaq. Metro tikintisi asan məsələ deyil, 5 il ərzində hələlik bunlardan 10 stansiyanın salınması nəzərdə tutulur.  “Dərnəgül”, “28 May”, “Sahil” metrostansiyalarının ətrafında və Ağ Şəhərdə yeni stansiyaların tikintisinə artıq başlanılır, layihələndirmə işləri aparılır".  

Şahanə RƏHİMLİ, 
“Yeni Müsavat 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR