İnsanlara hürriyət, millətlərə istiqlal!

260 rus Bakıya gəlir, Rusiya qarışdı: səbəbi bu yazıda

Musavat.com xəbər verir ki, "Rossotrudniçestvo" Azərbaycanda keçiriləcək III MDB Oyunları ilə bağlı paylaşım edib.

Bildirilib ki, 28 sentyabrdan 8 oktyabra qədər Bakıda təşkil olunacaq yarışlara Rusiya 260 idmançı ilə qatılacaq.

Lakin Rusiya ictimaiyyətində bu xəbərə kəskin reaksiyalar verilib. Şərhçilər xatırladırlar ki, hələ iyul ayından etibarən bir qrup Rusiya vətəndaşı Bakıda həbsxanada saxlanılır və onların taleyi ilə bağlı Moskva açıq mövqe nümayiş etdirməyib.

Bundan başqa, sosial mediada qeyd olunur ki, Bakıda vaxtilə fəaliyyət göstərən "Rossotrudniçestvo" nümayəndəliyi illər əvvəl bağlanıb və indiyədək bərpa olunmayıb. İndi isə həmin qurumun idman tədbirlərinə böyük önəm verməsi, lakin öz vətəndaşlarının hüquqlarını müdafiə etməməsi “dövlətin ləyaqətinə uyğun deyil” kimi qiymətləndirilir.

Rus sosial şəbəkələrində yayılan istehzalı sual isə belədir:

“Ümumiyyətlə, insan və dövlət ləyaqəti deyilən anlayış indiki ‘ənənəvi dəyərlər’ siyahısına daxildirmi?”

Musavat.com-a görə bu tipik həyatsızlıq nümunəsidir. Çünki:

• Azərbaycan təyyarəsini vuran Rusiyadır;
• Həmin faciəyə görə üzr istəməyən və məsuliyyət daşımayan Rusiyadır;
• Heç bir kompensasiya ödəməyən, günahkarları cəzalandırmayan Rusiyadır;
• Azərbaycan miqrantlarını, diaspor nümayəndələrini pərən-pərən salan, hədəfə götürən, təqib edən, həbs edən, öldürən və gözdən salan da Rusiyadır.

Belə olduğu halda, Rusiya ictimaiyyəti narazılıq ünvanını düzgün seçməlidir: öz hökumətinə qızsın, öz hakimiyyətinin bu cür rus-şovinist, faşizan siyasətinə etiraz etsin.

Azərbaycan isə əvvəlcədən müəyyən olunmuş qaydada MDB oyunlarını keçirir. İdmanı siyasətə qatmaq niyyətində deyil və bu addımı ilə sadəcə normal dövlət jesti nümayiş etdirir.

Azərbaycanın mövqeyi aydındır: bizim etnik ruslarla, Rusiya xalqı ilə heç bir problemimiz yoxdur. Rus turistləri Azərbaycana, xüsusən də Bakıya rahat şəkildə səfər edir, buradakı mühitdən zövq alır, mədəniyyət və turizm mövzularında çəkilişlər aparır, hər dəfə də ölkəmizi yüksək təriflə xatırlayırlar. Azərbaycan vətəndaşları da rus millətindən olan insanlara, turistlərə müsbət münasibət bəsləyir. Azərbaycan normal bir dövlətdir – Putin hökuməti kimi nə irqçi, nə də faşistdir. Sadəcə Rusiyaya qarşı bəzi haqlı tələblərimiz var. Bu tələblər ədalətlidir və yerindədir. Rus xalqı və idmançıları ilə isə heç bir problemimiz yoxdur. Ona görə də kimlərsə – müəyyən şovinist təbəqələr – məyus olursa, buyursunlar, məyus olsunlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR