Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova Ukraynaya qarşı müharibənin başlanmasından cəmi 17 saat əvvəl Rusiyadan Fransaya uçub.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “MO”nun ixtiyarına keçmiş FSB sərhəd xidməti sənədlərində əks olunub.
Peskova 23 fevral 2022-ci ildə günorta saatlarında “Şeremetyevo” hava limanından “Aeroflot” reysi ilə Parisə yollanıb.
Dmitri Peskov isə The New York Times-a müsahibəsində “Xüsusi Hərbi Əməliyyat” (Rusiyanın Ukraynadakı işğalçı müharibəyə qoyduqları qondarma ad - red.) barədə yalnız hücum başladıqdan sonra xəbər tutduğunu iddia edib. Elə həmin gün – 23 fevralda – o, sadəcə qondrama “DNR” və “LNR” rəhbərlərinin Putinə göndərdikləri müraciətlərdən danışmış, Kremlin cavabı barədə isə heç nə deməmişdi.
2020-ci illərin əvvəlindən Peskova Rusiyada bizneslə də məşğul olub. O, “Speransa DS” (turizm və reklam fəaliyyəti) və “Liza və Saşa” (geyim istehsalı) şirkətlərini təsis edib, həmçinin Moskva meriyası, Sənaye və Ticarət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi kimi dövlət qurumlarına xidmət göstərən “Tsentrum” adlı reklam agentliyində 30%-lik pay sahibi olub. Agentliyin ötənilki dövriyyəsi 182 milyon rubl təşkil edib. 2025-ci ildə Peskova Daniil Romaşova ərə gedərək onun soyadını qəbul edib.
Məhz müharibə Peskovanın həyatını dəyişib. O, 2017–2022-ci illərdə Avropanın müxtəlif şəhərlərinə – Hamburq, Paris, Sürix, Helsink, Praqa və s. – mütəmadi səyahət etsə də, sanksiya siyahılarına düşdükdən sonra Qərbə gedə bilməyib. 2022-ci ilin yazında ABŞ, daha sonra isə Avropa İttifaqı onun barəsində sanksiyalar tətbiq edib. Bundan sonra Peskova Qərb ölkələri əvəzinə BƏƏ, Türkiyə, Tailand, Qətər və Qazaxıstana səyahətlər etməyə başlayıb.
Parisdəki mənzil isə ailənin sərəncamında qalıb.
Araşdırmalara görə, Fransa paytaxtında 180 kvadratmetrlik mənzillər “SIRIUS” adlı fransız hüquqi şəxsin adına qeyd olunub. Bu şirkətin 75%-i Peskovun keçmiş həyat yoldaşı Yekaterina Solotsinskayaya, 25%-i isə Yelizaveta Peskovaya məxsus olub. Lakin məlumata görə, 2022-ci ilin aprelində Peskova şirkətin təsisçiləri sırasından çıxıb. Hazırda həmin mənzildə paya sahib olub-olmadığı barədə dəqiq məlumat yoxdur.
Musavat.com
24 Sentyabr 2025
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ