Onlayn ictimai-siyasi qəzet
SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadənin həbsi Rusiya mediasının da diqqətini çəkib.
Musavat.com xəbər verir ki, ruscriminal.info A.Əhmədzadənin həbsi ilə bağlı maraqlı iddialarla çıxışı edib. Məsələn, saytın iddiasına görə, Bakıda həbs edilən Adnan Əhmədzadə Azərbaycan vətəndaşı olmaqla yanaşı, Britaniya vətəndaşlığını da alıb. “Onu necə əldə etdiyi yalnız ona və Britaniya hakimiyyətinə məlumdur” deyə, yazıda bildirilir. Qeyd edək ki, ikili vətəndaşlıq — bir şəxsin iki ölkənin vətəndaşı olması və hər iki ölkənin bu statusu rəsmi olaraq tanımasıdır. İkili vətəndaşlıq yalnız ölkələr arasında ikitərəfli saziş olduqda mümkündür. Azərbaycan Respublikası isə ikili vətəndaşlığı tanımır. O səbəbdən A.Əhmədzadə barədə bu informasiyanın rəsmi təsdiqi lazımdır.
Daha bir ilginc iddia budur ki, A.Əhmədzadə 108 milyon dollar dəyərində olan “Galactica Super Nova” superyaxtasını Rusiyanın ikinci ən böyük neft şirkəti olan “Lukoil”in fəxri prezidenti, azərbaycanəsilli oliqarx Vahid Ələkbərovla razılaşdıraraq öz adına rəsmiləşdirib. Bəllidir ki, Ukrayna müharibəsi başlayandan sonra Qərb rusiyalı oliqarxlara sanksiya tətbiq edib, onların əmlakları ilə bərabər Avropa limanlarında saxladıqları superyaxtalara da üzərlərinə həbs qoyulub.
Yazıdan aydın olur ki, A.Əhmədzadə V.Ələkbərovun yaxtasını öz adına keçirərək əmlakı sanksiyalardan yayındırıb. İstisna deyil ki, bu həbsdə A.Əhmədzadənin qanunsuz alqı-satqı əməlləri barədə Britaniya hökumətinin müraciətinin də rolu olub.
“Lukoil” şirkətinin həmsahibi və milyarder Vahid Ələkbərov çox güman ki, 70 metrlik “Galactica Super Nova” superyaxtasını ötən il satıb.
“Galactica Super Nova” 2021-ci ilin avqustunda satışa çıxarılıb. Ələkbərov yaxta üçün 75 milyon avro istəyirdi. Yaxta əvvəl V. Ələkbərovun Maltadakı şirkəti “Nova 70 LTD”yə məxsus idi. Lakin Dəniz Portalının məlumatına görə, ötən ilin iyulun 11-də yaxta Marşal adalarının naməlum offşor şirkəti olan “Six Star Shipping LTD”-yə verilib. İki ay sonra yaxtanın adı dəyişdirilib, Adnan Əhmədzadənin* (Luxstar LTD) adına rəsmiləşdirilib. Bu addımın sanksiyalardan yayınmaq və aktivləri gizlətmək üçün atıldığı iddia edilir.
Əgər deyilənlər doğrudursa, belə anlaşılır ki, superyaxta Britaniya vətəndaşının (Adnan Əhmədzadə) adına qeydiyyata alınıb və sonra Aralıq dənizində beynəlxalq izləmə sistemlərindən (GPS deaktivasiyası vasitəsilə) yoxa çıxıb.
Beləliklə, Adnan Əhmədzadə Böyük Britaniya vətəndaşlığından istifadə edərək, Ələkbərovun əmlakını qanuni şəkildə ört-basdır edib.
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ