Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, 78 yaşlı Hicrət Yusifova Ordubad Peşə Liseyinə qəbul olunub. O, “Xalçaçı” ixtisası üzrə təhsil alacaq. 1946-cı ildə Ordubad şəhərində anadan olan H. Yusifovanın 5 övladı, 12 nəvəsi və 12 nəticəsi var. O, 25 il Ordubad İpək Kombinatında çalışıb.
Musavat.com-un əməkdaşı Hicrət xanımla söhbətləşib və ona suallar ünvanlayıb:
- Ömrün bu çağında yenidən öyrənməyə sizi nə həvəsləndirdi?
- Telefonda statuslara baxırdım, birdən Liseyə qəbulla bağlı elanı gördüm. Mənim uşaq vaxtından xalçaçılığa marağım var. Düşündüm, nə olsun ki, 78 yaşım var, gedim təcrübəmi artırım, sonra da işləyim. Beləliklə, qəbula getdim. Məndən imtahan götürmədilər. 10-cu sinif attestatıma baxdılar, vaxtı ilə işlədiyim yer haqqında məlumat verdim. Toxuculuq dəzgahında ilmələr etdim, gördülər ki, bacarıram. Dedilər ki, “baxarıq”. Düşündüm ki, yaşım çoxdur, məni liseyə qəbul etməyəcəklər. Beləliklə, sonra xəbər gəldi ki, Liseyə qəbul olunmuşam.
- Tələbə yoldaşlarınızla münasibətiniz necədir?
- Hamısı ilə yaxşı münasibətim var. Məni hörmətlə qarşıladılar. Mənə bir ana kimi yanaşdılar.
- Adətən Azərbaycanda 30-40 yaşdan sonra insanlar həyatın bitdiyini düşünür və yeni nəsə etməyə həvəs göstərmir. Fikrinizcə, yaş insana həyatda məhdudiyyət qoyurmu?
- Sağlam olsan, yaş həyatda məhdudiyyət qoymur. İndi fiziki baxımdan əvvəlki kimi güclü deyiləm, lakin özümü idarə edə bilirəm. Biz kasıb ailəyik və həmişə öz əməyimizlə dolanmışıq. Gənclərə deyirəm ki, yaşın işə, peşəyə, sənətə heç bir maneəsi yoxdur. Hər yaşda insana sənət lazım olur. Allah ömür fəda etsə, mən də işləyəcəm.
- Övladlarınız və nəvələr təhsil almağınıza necə yanaşdılar?
- Çox yaxşı baxdılar. Lakin sosial şəbəkələrdə, saytlarda haqqımda məntiqsiz şeylər yazdılar deyə bir az narahat olduq.
- Hansı sosial şəbəkədən istifadə edirsiniz?
- “WhatsApp”dan istifadə edirəm.
- Dərs qrafikiniz necədir? Yorulmursunuz ki?
- Dərslərə həvəslə gedirəm, yorulmuram. Müəllimlərdən hələ danlaq almamışam. Bəlkə sonra nəyisə düzgün etməsəm, müəllim tənqid edər. Nə deyə bilərəm ki?
Liseyin direktoru Nicat Rzayev də saytımıza danışıb. Onun sözlərinə görə, sentyabrın 15-də xəbər tutub ki, Hicrət xanım onların tələbəsidir:
- Bundan əvvəl də 70, 72 yaşında sürücülük ixtisası üzrə tələbəmiz olub. Hicrət xanımın xəbəri mətbuatda, sosial şəbəkələrdə yayıldı. Bəzi cahil adamlar rəylərdə qeyri-münasib şərhlər yazdılar. Bunlar onun ailəsinə xoş gəlmədi. Hətta bir ara övladları onu dərslərdən uzaqlaşdırmaq istəyirdilər. Mən onun ailəsi ilə söhbətlər apardım, izah etdim.
Xanımın dərslərə böyük həvəsi var. Öyrənmək, oxumaq istəyir. Çox aktiv qadındır, heç yaşını göstərmir. Ona 60-62 yaş vermək olar.
Şahanə Rəhimli
Musavat.com
24 Sentyabr 2025
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ