Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Musavat.com-a özəl açıqlamasında sözügedən nailiyyəti şərh edib:
- Öncə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə (ENOC-a) tamhüquqlu üzv olması münasibətilə Sizi təbrik edirəm. Azərbaycan Ombudsman təsisatının ENOC-la əməkdaşlıq əlaqələri nə vaxtdan mövcuddur?
- Təşəkkür edirəm. Qeyd edim ki, Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi Avropada müstəqil uşaq hüquqları təsisatlarının üzv olduğu təşkilatdır. Təşkilatın mandatı BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasında təsbit olunmuş uşaq hüquqlarının müdafiəsi və təşviqinə dəstək göstərməkdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı 2008-ci ildən Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC – European Network of Ombudspersons for Children) assosiativ üzvü olub. Təsisat ötən dövrlərdə ENOC-un fəaliyyətində fəal iştirak edib. Bu yaxınlarda təsisatın ENOC-un tam üzvlüyünə qəbul edilməsi həm ölkə, həm təsisat üçün uşaq hüquqlarının müdafiəsi baxımından böyük nailiyyətdir.
- Ölkəmizdə son dövrlərdə Ombudsmanın təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsi sahəsində atılan hansı zəruri addımlar ENOC-un tamhüquqlu üzvü olmasına imkan verdi?2023-cü ildə qəbul olunmuş Konstitusiya Qanunu bu sahədə Ombudsmana hansı əlavə səlahiyyətlər verib?
- İlk olaraq qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm nailiyyətlər əldə edilib, ölkə səviyyəsində müvafiq sahədə köklü islahatların həyata keçirilməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə öz töhfəsini verib.
Bununla yanaşı, son dövrlərdə ölkəmizdə Ombudsmanın təşəbbüsü ilə normativ hüquqi aktlarda müvafiq dəyişikliklər edilib və institusional islahatlar aparılıb.
Uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində səmərəli şəkildə fəaliyyətin qurulması məqsədilə 2021-ci ildə aparatda müvafiq struktur bölmə - Uşaq hüquqlarının müdafiəsi sektoru yaradılıb.
Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli Konstitusiya Qanununa əsasən, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (bundan sonra – Qanun) müvafiq dəyişikliklər edilib, Müvəkkilin “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirməsi ilə bağlı mühüm müddəalar təsbit edilib. Bu məqsədlə Ombudsman Aparatında “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə Monitorinq Qrupu yaradılıb.
Qeyd olunan dəyişikliklərdə, eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən verilmiş tövsiyələrin icrasına və Müvəkkilin mandatının genişləndirilməsinə xidmət edən digər mühüm məsələlər də öz əksini tapıb.
Qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində Azərbaycan Ombudsmanının uşaq hüquqlarının müdafiəsi sahəsində səlahiyyətləri həmçinin, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununda da təsbit edilib.
- Tam üzvlük əldə etdikdən sonra Azərbaycan Ombudsman təsisatı sözügedən beynəlxalq qurum daxilində hansı hüquqları əldə edib? Qeyd olunan nailiyyətin ölkəmiz üçün əhəmiyyəti haqqında fikirlərinizi bildirərdiniz.
- Tam üzvlük Ombudsman təsisatına Şəbəkənin işində və qərarvermə prosesində tam iştirak və səsvermə hüququ, həmçinin ENOC-un işi ilə bağlı ENOC-un rəhbərliyinə, yəni Büroya və yalnız tam üzvlərdən ibarət olan Baş Assambleyaya müraciət etmək hüququ verir.
Eyni zamanda, tam üzv olmaqla, Azərbaycan Ombudsman təsisatı ENOC-un rəhbərliyində təmsil olunmaq hüququ əldə edir.
Bu mühüm nailiyyət Azərbaycan Ombudsman təsisatına uşaq hüquqlarına dair Avropa səviyyəsində qəbul edilən qərarların və tövsiyələrin hazırlanmasında iştirak etmək imkanı yaradır.
Bununla yanaşı, uşaq hüquqlarının müdafiəsi sahəsində təsisatın fəaliyyətinin və ölkə təcrübəsinin daha geniş şəkildə təbliğinə və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə şərait yaradacaq.
Ümumilikdə, Azərbaycan Ombudsman təsisatının Şəbəkəyə tam üzvü seçilməsi ölkəmizdə uşaq hüquqlarının müdafiə mexanizminin beynəlxalq standartlara uyğun yaradıldığını bir daha sübut edir.
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ