İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni daşnaklar digər yerli müxalifətçiləri xəyanətdə ittiham etdi  

İki həftə keçdi və diktator (Paşinyanı nəzərdə tutur – red.) vəhşiliklərin yeni mərhələsinə keçdi.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri “Facebook” səhifəsində Ermənistan parlamentindəki “Ermənistan” müxalifət blokunun deputatı, Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyan yazıb.

Onun sözlərinə görə, son günlər “Ermənistan” blokunun parlament fraksiyasına qarşı bir neçə birbaşa hücum həyata keçirilib. Xüsusilə, fraksiyanın rəhbəri və katibinə qarşı qanunsuz cinayət işi başlanıb. Bundan əlavə, bir deputat artıq həbs edilib. Həmçinin, hakim “Vətəndaş sazişi” partiyası fraksiyanın daha bir neçə deputatına qarşı təqib başlatmaqla hədələyir.

“O aydındır ki, bütün bunlar təsadüfi deyil. Problem yaratmayan və heç nə etməyən şəxs təqib olunmur. Bəs belə ağır vəziyyətdə müxalifət daxilində nə baş verir? Bu ağır durum fonunda düzgün hədəfləri vurmaq, müdafiə olunmaq, ümumi cəbhədə, öz səngərində fəaliyyət göstərmək əvəzinə, hakimiyyət tərəfindən təqib olunan şəxslər mütəmadi olaraq hədəfə çevrilirlər. Hər dəfə Paşinyanın yeni hücumu ilə paralel olaraq, müxalifət düşərgəsində elementar immunitetin olmaması və ya daha betəri – bilərəkdən bulanıqlaşdırılmış suda balıq tutmaq vərdişi üzə çıxır”, – deyə erməni deputat gileylənib, lakin konkret ad çəkməyib.

“Əslində hər kəs öz mövqeyində dayana bilərdi. Bu mübarizə konkret bir hədəfə qarşı ümumi cəbhədən aparılmalı idi, yoxsa arxadan atılan namərd zərbələrlə yox. Bəsdir. Ayıbdır.
Bütün bunlara son verin. Əks halda hər kəs üçün tam aydın olacaq: çətin durumda siz sadəcə arxadan hücum edənlərsiniz. Bu bizə ciddi zərər verməz, amma sizə də fayda gətirməz. Lakin rejimə çox kömək edər”, – deyə Saqatelyan yekunlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR