Onlayn ictimai-siyasi qəzet
Ermənistan yaxın illərdə demoqrafik problemlərin həlli istiqamətində ciddi addımlar atmalıdır. Əks halda, mövcud tendensiya davam edərsə, 2040-cı ilə qədər ölkə əhalisinin sayı 2,5 milyon nəfərdən də az ola bilər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli iqtisadçı Suren Parsyan danışıb.
Parsyanın sözlərinə görə, son iki-üç il ərzində Ermənistanda əhalinin mexaniki artımı müşahidə olunub, bu da əsasən xarici vətəndaşların relokasiyası və Qarabağdan köçən ermənilərlə əlaqədar olub. Lakin bu artım müvəqqəti xarakter daşıyıb: relokantların əksəriyyəti artıq ölkəni tərk edib, Qarabağdan gələn təxminən 100 min nəfərdən isə 20 mini Ermənistandan köçüb.
Erməni ekspertin fikrincə, Qarabağdan köçənlərin ölkəni tərk etməsinin əsas səbəbi sosial-iqtisadi çətinliklər və təhlükəsizlik səviyyəsinin qeyri-sabitliyidir:
“İnsanlar ölkəni tərk edir, çünki özlərinə layiqli yaşayış şəraiti yarada bilmirlər və təhlükəsizlik hissindən məhrumdurlar. Ermənistanın əsas resursu insan kapitalıdır, lakin hazırda ciddi demoqrafik problemlərlə üz-üzəyik - əhalinin qocalması, doğum səviyyəsinin azalması və yüksək miqrasiya”.
İqtisadçının sözlərinə görə, əhalinin azalması təkcə sosial deyil, həm də strateji təhlükədir, çünki demoqrafik göstəricilər birbaşa təhlükəsizlik məsələləri ilə bağlıdır. O qeyd edib ki, regionda insan kapitalı təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Məsələn, Azərbaycanın əhalisi artıq 10 milyon nəfəri ötüb, Türkiyənin əhalisi 100 milyona yaxınlaşır, İranın isə 80 milyonu keçib.
Rəsmi statistikaya görə, 2025-ci ilin yanvar–avqust aylarında Ermənistanda 20 437 uşaq doğulub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1439 nəfər azdır (ötən il 21 821 nəfər idi). Eyni zamanda, ölüm halları ötən illə müqayisədə 138 nəfər artaraq 17 210 nəfərə çatıb.
Musavat.com
14 Oktyabr 2025
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ