İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın 30 illik mina mirası can almaqda davam edir – Ağdamda növbəti qurban ayağını itirdi  

Ermənistanın Azərbaycan ərazilərinə qarşı mina terroru davam edir. 30 iyun 2025-ci il tarixində, saat 01:50 radələrində Ağdam rayonunda baş verən mina partlayışı nəticəsində 1988-ci il təvəllüdlü şəxs ağır yaralanıb. Sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu ilə o, Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Bu, 2025-ci ildə Ağdamda baş verən üçüncü mina partlayışı hadisəsidir. Aprelin 6-da Qalayçılar kəndində 1983-cü il təvəllüdlü Səbuhi Məmmədov piyada əleyhinə minaya düşərək ayağından xəsarət almışdı. Bundan cəmi 4 gün öncə – 2 aprel tarixində Çəmənli kəndində 1968-ci il təvəllüdlü Nurəddin Abbasov mina partlayışı nəticəsində yaralanmışdı. Cəbrayılda ANAMA əməkdaşı Heydər Xankişiyev, Birinci Qarabağ müharibəsi şəhidi Əli Xankişiyevin övladı minaya düşərək sağ ayağının topuq hissəsini itirib. Həmin gün Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Nicat Musazadə mina partlayışı nəticəsində həlak olub.

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov xəbərdarlıq edib ki, hətta ən peşəkar istehkamçılar belə minaya düşə bilər: “Bir minanın altında ikinci mina, yaxud daha dərinə yerləşdirilmiş tələ qura bilər. ANAMA əməkdaşı cihazla mina aşkarlayanda ikinci mina gözlənilmədən partlaya bilər. Bu terror, bu barbarlıq Ermənistanın sistemli və məqsədli fəaliyyətidir.”
Ermənilər vaxtilə çoxlu sayda sürpriz minalar yerləşdiriblər. Bir minanın altında başqa bir mina ola bilər, məsələn, bir qədər dərinlikdə. ANAMA əməkdaşı cihazla mina aşkarlayanda ikinci minanı aşkar etməyə və nəticədə mina partlaya bilər, mina təmizləyən şəxs və ya digər bir şəxs xəsarət ala bilər. Mina məsələsi elədir ki, bu, çox təhlükəli bir silahdır.

Ərazilərimiz minalarla çirklənib. Birinci Qarabağ döyüşlərində bizim ordu geri çəkilən zaman həmin əraziləri minalamışdılar. Bilirsinizmi, o vaxt nə mina yerləşdirmə formulu tərtib olunmuşdu, nə də xəritələr çəkilmişdi. 44 günlük savaşda biz torpaqlarımızı azad edərkən düşmənlər də formulu tərtib etmədən minalar basdırırdılar. Ermənilər tərəfindən təqdim olunan xəritələr doğru deyil. Ola bilsin ki, onlarda bu xəritələr var. Sadəcə, bilərəkdən verməyiblər. Mülki insanlara gəlincə, mən bu yaxınlarda Qarabağda idim. Bütün təhlükəsizlik qaydaları qorunur. Aidiyyəti qurumlar – ANAMA, Müdafiə Nazirliyinin mühəndis xidməti və digər qurumlardır. Yazıblar ki, giriş qadağandır, təhlükəlidir. İnsanlar bunu başa düşməli və bu təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Ora daxil olmaq qəti qadağandır. Çünki nə qədər təmizləsələr də, yenə də ehtimal var ki, torpağın altında mina qalsın. Necə yayına bilər? Məsələn, mərmi partlamaya bilər, yerə toxunduqda torpağa dərin girər və partlamaz. Belə halları biz 44 günlük müharibədə gördük. Partlamamış vəziyyətdə olan mərmini çay suyu və ya yağış suyu örtür, üstü görünməz hala gəlir və həmin mərmi partlamamış qalır. Dərinlikdə olduğuna görə onu müəyyən etmək bir qədər çətin olur. ANAMA və bizim peşəkar mütəxəssislər bu iş üzərində diqqətlə çalışırlar. Yəni sözümün canı odur ki, ANAMA əməkdaşlarının minaya düşməsi təsadüfi hal ola bilər. Amma təhlükəsizlik qaydalarına hətta peşəkarlar da əməl etməlidirlər. Yəqin ki, hansısa sürpriz tələ qurulub və həmin sürpriz nəticəsində partlayış baş verib".

Hərbi ekspert onu da xüsusi vurğuladı ki, mülki şəxslərlə bağlı müvafiq icra hakimiyyəti orqanları tərəfindən dərslər həyata keçirilməlidir:

“Ərazidə yaşayanlarla, ora gedən turistlərlə təlimlər keçirilməlidir. Əhali ilə maarifləndirmə işi aparılmalı və diqqətə çatdırılmalıdır ki, ərazi işarələrlə göstərilir, işarələr qoyulub. Bunu Qarabağda gördüm. Amma buna baxmayaraq, bəziləri öz qohumlarını ziyarət etməyə gedirlər. Belə hallara yol verməmək üçün insanlarımızla maarifləndirmə işini müvafiq qurumlar daha da gücləndirməlidir.
Nəzərinizə çatdırım ki, II Dünya müharibəsindən sonra bu günə qədər də Ukraynada, Rusiyanın ərazilərində minalar aşkarlanır, minalar partlayır və minalara düşənlər, xəsarət alanlar var. Yəni bu uzun bir prosesdir. Bilirsiniz ki, təkcə Ağdam ərazisində 100.000-dən artıq mina basdırılıb. Bu minaları təmizləmək elə də asan bir məsələ deyil. Bu minalar sektorlara bölünərək, sektor-sektor təmizlənərək gedir.
Görün II Dünya müharibəsi nə vaxt olub, amma bu gün də köhnə minalarla rastlaşmalar var. Partizanların qaldığı ərazilərdə çoxlu sayda minalar aşkarlanır. Bu gün də ermənilərdən tələb etməliyik ki, düzgün məlumatlar versinlər, düzgün formulalar təqdim etsinlər. Burada o peşəkar ANAMA işçisini günahlandırmaq olmaz. Yəni o, öz vəzifəsini yerinə yetirən zaman belə hallar baş verib. Gələcəkdə də belə hadisələr ola bilər. Amma mülki şəxslərin minaya düşməsi onların məsuliyyətsizliyi ucbatından baş verir".

Azərbaycan torpaqları 30 ildən artıq bir müddətdə düşmən qüvvələrin işğalı altında qalıb. Bu müddət ərzində işğalçılar ərazidə ciddi şəkildə mina “əkinçiliyi” ilə məşğul olublar. Azərbaycan mina terrorunun qlobal qurbanıdır. 1991–2024-cü illər arasında mina və partlayıcılar nəticəsində 3.400-dən çox Azərbaycan vətəndaşı zərər çəkib. Onlardan 359 nəfəri uşaq və gənc, 38 nəfəri qadın olub. 2020–2024-cü illərdə 381 nəfər Azərbaycan vətəndaşı Ermənistanın mina qurbanı olub. Onlardan 70 nəfər həlak, 311 nəfər isə yaralanıb. Bu şəxslərin 198-i mülki şəxs, 183-ü hərbi qulluqçudur. Vətən müharibəsindən sonra aparılan araşdırmalarla məlum olub ki, Azərbaycanın 12 faizdən çox ərazisi minalarla çirklənib. Qarabağda 1,5 milyon mina basdırıldığı güman olunur. Azərbaycan bu göstəriciyə görə dünyada mina ilə çirklənmiş ölkələr sırasında 5-ci yerdədir.

Bu günə qədər Azərbaycan minatəmizləmə işlərinə 349,1 milyon dollar vəsait yönəldib, lakin bunun cəmi 16,1 milyonu beynəlxalq donorlardandır.

Hərbi ekspertlərin sözlərinə görə, təlimatlı ANAMA əməkdaşları belə minaya düşürsə, mülki şəxslər üçün təhlükə qat-qat artıqdır. Ərazilərdə xəbərdarlıq nişanları qoyulmasına baxmayaraq, bəzən vətəndaşlar təhlükəsizlik qaydalarına əməl etmirlər. Əhali arasında genişmiqyaslı maarifləndirmə tədbirləri daha sistemli və mütəmadi aparılmalıdır. Ekspertlər vurğulayır ki, Ermənistanın təqdim etdiyi mina xəritələri ya qəsdən natamam, ya da dezinformasiyalarla yüklüdür. Bütün beynəlxalq platformalarda bu məsələ qaldırılmalı, mina xəritələrinin tam və dəqiq təqdim olunması üçün siyasi və hüquqi təzyiqlər artırılmalıdır.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR