Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sərhədin demarkasiyası prosesində yenilik ola biləcəyini deyib. Lakin o, təfərrüatı açıqlamayıb. Bununla belə, yaxın zamanda demarkasiya komissiyalarının iclasının keçirilməsi və prosesin davam etdirilməsi gözlənilir. İndi maraq doğuran odur ki, sərhədin müəyyən edilməsi prosesi haradan başlayacaq və hansı istiqamətdə uzanacaq. “Bakı-Xəbər” bu barədə yazıb.
Qeyd edək ki, sərhəd demarkasiyası komissiyalarının rəhbərləri Şahin Mustafayev və Mher Qriqoryan 10 gün əvvəl görüşüblər. Belə ki, sentyabrın 5-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan və Ermənistan ərazisinə qarşılıqlı səfərləri baş tutub.
Baş nazirin müavini Qriqoryanın ofisindən bildiriblər ki, görüş Sünik vilayətinin cənub bölgələrində və Zəngilan bölgəsində baş tutub. O deməkdirmi ki, demarkasiya prosesi əvvəllər elan olunduğu kimi, Tavuşdan yox, Zəngəzurdan başlayacaq?
Baş nazirin müavini Qriqoryanın ofisi bu suala birbaşa cavab verməyib, sadəcə, diqqətə çatdırılıb ki, müzakirələr davam edir. Erməni kartoqraf Samvel Meliksetyan isə Ararat Mirzoyanın əvvəlki şərhlərinə əsaslanaraq güman edir ki, delimitasiyanın yeni ünvanı Zəngəzurdan olacaq: “Sadəcə Azərbaycanın harada bitdiyi və Ermənistanın harada başladığı aydın olmalıdır ki, həm də sərhəd infrastrukturu olsun. Azərbaycan və Ermənistan sərhədlərinin demarkasiyası komissiyalarının nümayəndə heyətləri Vaşinqton razılaşmalarından sonra ilk dəfə görüşüblər. Tərəflər çox güman ki, yolun keçməli olduğu hissənin demarkasiyasını müzakirə edirlər. Söhbət yalnız bu hissədən gedirsə, onda ərazi mübahisəsindən söhbət gedə bilməz, burada hər şey aydındır. Əgər biz də rabitədən danışırıqsa, orada nə erməni tərəfi, nə də Azərbaycan tərəfi üçün heç bir problem yoxdur. Əsasən mənzərə dəyişməz qalacaq, necədirsə, onlar haradasa yoxlanış nöqtələri ilə daha aydın olacaqlar”.
Beləliklə, hadisələr göstərir ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə Azərbaycanla Ermənistanın sərhədi müəyyən edilir.
Sərhədin dəqiqləşdirilməsi ilə bağlı növbəti ərazi Zəngəzur ola bilərmi?
Deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Vaşinqtonda 8 avqustda əldə edilmiş razılaşmadan, sülh sazişinin praflanmasından sonra sərhəd komissiyasının işinin aktivləşməsi təbiidir: “Sülh sazişinin imzalanmasına mənfi təsir eləyən məsələlərin həll edilməsi zəruridir. Sərhədin demarkasiyası və delimitasiyası məsələsi də bu baxımdan sürətləndirilməli və həll edilməli məsələlərdəndir. Komissiyalar fəaliyyətini davam etdirir, insanlar bu prosesdə iştirak edirlər. Prezident İlham Əliyev məsələ ilə bağlı belə bir fikir demişdi ki, "biz bu prosesə hazırıq, iştirak edirik, insanlarımız artıq bu məsələyə cəlb olunub, komissiyalar fəaliyyətini davam etdirir və Ermənistan istəməlidir. Əgər istəməsə, biz lazım gələrsə, keçməli olduğumuz hissədən keçəcəyik".
Aydın Hüseynov
A.Hüseynov dedi ki, sentyabrın 5-də Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında qarşılıqlı səfərlər baş tutub: “Heyətə Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfindən isə Baş nazirin müavini Mger Qriqoryan rəhbərlik edib. Budəfəki görüş hər iki ölkənin nümayəndələrinin bir-birinin ərazisinə daxil olması baxımından ciddi siyasi hadisə sayılır. Görüş zamanı tərəflər avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların icrası istiqamətində müzakirələr aparıblar. Müzakirələrin əsas ağırlıq mərkəzini sərhəd xəttinin müvafiq hissələrinin delimitasiyası və minalardan təmizlənməsi təşkil edib. Çünki bu məsələlər regionda dayanıqlı təhlükəsizliyin təmin edilməsi üçün həlledici rol oynayır. Bundan savayı yayılan rəsmi məlumatda deyilir ki, tərəflər kommunikasiyaların bərpası, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin mövcud yol və körpülərin bərpası kimi praktiki məsələlərə toxunublar. Danışıqlarda xüsusi olaraq görüləcək işlərin icra müddətləri müzakirə mövzusu olub. Bu yanaşma tərəflərin prosesi uzatmaq niyyətində olmadığını, əksinə, real nəticələrin əldə edilməsinə çalışdığını göstərir”.
Ararat Mirzoyan
Deputat qeyd etdi ki, baş nazir müavinlərinin 5 sentyabr görüşündən bir həftə sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Hazırda delimitasiya və demarkasiya məsələləri Azərbaycan və Ermənistan arasında aparılan danışıqların əsas istiqamətlərindən biridir” açıqlaması prosesin sürətləndiyi və yaxın vaxtlarda konkret nəticələrinin ola biləcəyini söyləməyə əsas verir: “Ehtimal etmək olar ki, hazırda Ermənistanın işğalı altındakı 4 kəndin - Qazağın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu kəndləri və Naxçıvanın Kərki kəndi barəsində qərar verilə bilər. Çünki bu kəndlər də gec-tez Azərbaycana qaytarılmalıdır. Hələlik iki ölkə arasında dövlət sərhədinin 12,7 kilometr hissəsinin delimitasiya və demarkasiyası aparılıb. Söhbət ötən il Qazağın işğal altında olan 4 kəndinin Azərbaycana qaytarılmasından gedir. Keçən ilin noyabrında Ermənistan baş naziri Nikol Paşinyan demarkasiya prosesinə toxunaraq demişdi ki, oktyabrda keçirilən iclasda komissiyalar sərhədin hansı hissələrinin demarkasiyasının davam etdirilməsi ilə bağlı qarşılıqlı əsasda təkliflər vermək barədə razılığa gəliblər. Oktyabr ayında bununla bağlı son iclas keçirilmişdi və demarkasiya komissiyaların prosesin hansı ərazilərdə davam edəcəyi ilə bağlı qarşılıqlı təkliflər verdiyi açıqlanmışdı. Ermənistan öz yanaşmasını, Azərbaycan öz yanaşmasını təqdim etmişdi. Uzun müddət fasilədən sonra nəhayət komissiyaların görüşü məhz 5 sentyabrda oldu. Hesab edirəm ki, iclasda demarkasiya prosesinin hansı ərazidə davam etdiriləcəyi barədə ilkin razılaşma əldə olunub. Zəngəzur istiqamətindən demarkasiyaya başlamaqla bağlı qərarın olub-olmadığı barədə hələ rəsmi açıqlama olmayıb. Ona görə də biz, sadəcə, mülahizə yürüdə bilərik ki, Zəngəzur dəhlizinin açılması məsələsinə görə məhz Zəngəzur istiqamətində demarkasiya prosesinin aparılması mümkündür. Mqer Qriqoryanın ofisinin yaydığı xəbərdə isə deyilir ki, iki ölkənin komissiyaları heç bir qərar qəbul etməyib və bir sıra məsələlərdə, o cümlədən Tavuş bölgəsindən demarkasiya prosesinin başlanması ilə bağlı razılığa gəlməyiblər. Zəngəzurun adı çəkilmədiyi üçün ehtimal etmək olar ki, demarkasiya həmin ərazidə aparıla bilər. Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfəri zamanı sakinlərin diqqətinə çatdırmışdı ki, demarkasiya-delimitasiya prosesi çox güman Tavuş vilayətindən başlayacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ