Onlayn ictimai-siyasi qəzet
2012-ci ilin avqustunda Suriyanın paytaxtı Dəməşq yaxınlığında amerikalı jurnalist Ostin Tays yoxa çıxıb.
Musavat.com xəbər verir ki, illərdir ABŞ rəsmiləri, hüquq müdafiəçiləri və ailəsi onun taleyi ilə maraqlanmağa çalışır.
Bəşər Əsəd hakimiyyətdə olduğu illərdə Ostin Taysın hökumət qüvvələri tərəfindən saxlanıldığını inadla təkzib edirdi.
Əksinə, onu radikal silahlı qrupların əsir götürdüyünü iddia edirdilər. Onun yoxa çıxmasından 2 ay sonra yayılan bir videoda Ostin Tays əlləri qandallı, gözləri bağlı, məcburən bəyanat oxuyarkən görünürdü.
Bu hadisədən tam 12 il sonra, 2024-cü ilin dekabrında Əsəd rejiminin süqutu ilə Suriyadan sızdırılan kəşfiyyat sənədləri Ostin Taysın gerçək taleyinə işıq saldı. Bu sənədlər onun Əsəd rejiminə sadiq qüvvələr tərəfindən ələ keçirildiyini göstərdi. Bu, Ostin Taysın həqiqətən də Suriya hökumətinin nəzarətində olduğunu sübut edən ilk ciddi faktdır.
Bununla belə, susqunluq hələ də davam edir. Həmin sənədlər nə beynəlxalq təşkilatları, nə də BMT-ni hərəkətə gətirə bilib. Əsəd rejiminin arxasında qalmış zindanların, işgəncə kamplarının, sənədsiz-sübutsuz yoxa çıxan minlərlə insanın taleyi hələ də gizli saxlanılır. Ostin Taysın anası 2024-cü ilin əvvəlində Suriyaya gedərək ölkənin müvəqqəti rəhbəri Əhməd əş-Şəraa ilə görüşüb. Onun sözlərinə görə, etibarlı mənbələr Ostin Taysın sağ olduğunu təsdiqləyiblər.
Amma rejimin dağılmasından sonra həbsxanalar açılıb, məhbuslar qaçıb və xaos içində Ostin Taysın yeri it-bata düşüb. ABŞ-ın keçmiş prezidenti Co Bayden onun sağ olduğuna inandığını desə də, bu inam hələlik rəsmi addımlarla müşayiət olunmayıb. İndiyə qədər nə bir dövlət, nə bir təşkilat, nə də silahlı qrup onun saxlanmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Suriyada 100 minə yaxın insanın Əsəd rejimi tərəfindən saxlanıldığı və ya yoxa çıxarıldığı bildirilir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ