Onlayn ictimai-siyasi qəzet
Medianın İnkişafı Agentliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə Bakıda tədbir keçirilib.
Musavat.com xəbər verir ki, “Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda keçirilən təlim jurnalistika peşəsinin gələcəyi, informasiya mühiti və qlobal dezinformasiya təhlükələri mövzusunda ciddi suallar doğurub.
Təlimdə dünyanın ən böyük informasiya platformalarından biri olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında akkreditə olunmuş tanınmış beynəlxalq jurnalistlər iştirak ediblər.
Tədbirin əsas aparıcıları - 30 illik peşəkar təcrübəyə malik, İtaliyanın “İtalpress” xəbər agentliyinin ABŞ üzrə müxbiri Stefano Vakkara və “Jordan Report Media and Entertainment” şirkətinin rəhbəri, ictimaiyyətlə əlaqələr üzrə veteran mütəxəssis Cordan Dakamseh olublar.
Stefano Vakkara çıxışında jurnalistikanın müqəddəs bir peşə olduğunu xatırladıb:
“Əgər faktlar unudulursa, jurnalistika öz mahiyyətini qoruyurmu? Faktsız jurnalistika jurnalistika deyil!”
Tanınmış müxbir qeyd edib ki, saxta xəbərlərin informasiya məkanına sızması təkcə kütləvi manipulyasiya deyil, bu, həm də cəmiyyətin düşüncə tərzinin zəhərlənməsidir.
O, konkret nümunələr gətirərək bildirib ki, dezinformasiya ilə zəhərlənmiş informasiya məkanı bəzən hətta müharibələrin, iğtişaşların və iqtisadi böhranların başlıca səbəbi olur.
Vakkaranın sözlərinə görə, müasir dövrdə jurnalistin əsas silahı – faktların yoxlanması, mənbə etibarlılığı və oxucuya həqiqi məlumat təqdim etmək bacarığıdır. Əks halda, bu peşə mənasını itirir.
Digər beynəlxalq təlimçi Cordan Dakamseh çıxışını iki vacib mövzuya həsr edib.
O bildirib ki, jurnalistin imicinin formalaşması təkcə yazdığı məqalələrlə deyil, həm də sosial mediada sərgilədiyi davranışla birbaşa əlaqəlidir.
"Sosial media ikiüzlü məkandır. Buradan həm həqiqət yayıla bilər, həm də yalan. Hansı tərəfi seçmək isə jurnalistin vicdanı ilə bağlıdır", - deyə Dakamseh vurğulayıb.
Onun fikrincə, jurnalistlər öz etibarlılıqlarını qorumaq üçün təkcə mötəbər mənbələrə istinad etməklə kifayətlənməməli, həm də sosial şəbəkələrdə yaydıqları informasiyaların düzgünlüyünə diqqət yetirməlidirlər.
Təlim boyu yerli jurnalistlərin sualları cavablandırılıb, interaktiv müzakirələr aparılıb. Azərbaycan jurnalistlərinin qaldırdığı əsas məsələlərdən biri də məhz sosial mediada yalan məlumatların artması və bu sahədə yeni müdafiə mexanizmlərinin tapılması olub.
Ekspertlər qeyd ediblər ki, dünya mediası dərin bir dəyişiklik mərhələsindədir – süni intellekt, bot hesabları, dərin saxta videolar (deepfake) artıq informasiya təhlükəsizliyini ciddi təhdid edir. Bu mübarizədə jurnalistin mövqeyi və məsuliyyəti hər zamankından daha böyükdür.
Mənzər Novruzlu,
İnarə Hünbət
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ