İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstin dövlətinin elanına az zaman qaldı – Kimlər tanıyacaq?

Mahmud Abbas hökuməti Fələstin Muxtariyyətini dövlətə çevirmək imkanını ciddi şəkildə nəzərdən keçirir və bu barədə 2025-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasında birtərəfli qaydada bəyanat verə bilər. Bu barədə "Al-Araby Al-Jadeed" nəşri anonim mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu addımdan əvvəl Fələstin Prezidenti tərəfindən konstitusiya bəyanatı verilməli və Fələstin Milli Şurasına seçkilərin dəqiq tarixi müəyyən edilməlidir. Qeyd olunur ki, Fələstin Muxtariyyətinin dövlətə çevrilməsi barədə bəyanat, ehtimal ki, ilin sonuna qədər keçiriləcək Fələstin Milli Şurasına seçkilərdən əvvəl verilə bilər.

"Mahmud Abbası bu addımı atmağa bir neçə səbəb vadar edir. Birincisi, İsraillə danışıqlar konkret dalana dirənib. Artıq Benyamin Netanyahu hökuməti müstəqil Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyini bəyan edib. Buna görə də Fələstinin İsrailə qarşı ata biləcəyi başqa addım qalmayıb".

Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.

Sülh müqaviləsi üçün münbit şərait var » Newscenter.az

Politoloqun fikrincə, burada ikinci məsələ Mahmud Abbasın yaşı və sağlamlıq vəziyyəti ilə bağlıdır:

"Yasir Ərafatın ölümündən sonra, 2005-ci ildə hakimiyyətə gələn Mahmud Abbasın artıq 89 yaşı var və sağlamlıq vəziyyəti normal deyil. Buna görə də o, hakimiyyəti öz varisinə ötürərək kənara çəkilmək istəyir. Fələstin prezidenti dəstək almaq üçün belə bir addım ata bilər.

Üçüncü səbəb isə Mahmud Abbas hökumətinə qarşı irəli sürülən korrupsiya ittihamları və daxildə “Həmas”la baş verən ciddi toqquşmalardır. Ramallahda yerləşən hökumətin bir çox nümayəndəsi dünya mediası tərəfindən korrupsiya ittihamlarının hədəfi olub. Eyni zamanda “Həmas” hərəkatı Mahmud Abbasın rəhbərlik etdiyi FƏTH Hərəkatından kifayət qədər güclüdür. Abbas özünün və təşkilatının nüfuzunu artırmaq, eləcə də korrupsiya ittihamlarını arxa plana keçirmək üçün bu yola gedə bilər.

Fələstin dövləti artıq bir çox ölkə tərəfindən tanınır və BMT-də müşahidəçi statusuna malikdir. Sentyabrdan sonra Fransa və Belçika kimi ölkələr də onu tanıya bilər. Ancaq Fələstinin BMT-yə tamhüquqlu üzv olması üçün bu kifayət etmir. İlk növbədə ABŞ bu məsələdə veto hüququndan istifadə etməməlidir ki, bu da gözlənilən deyil. Rəsmi Vaşinqton İsraili bu məsələdə tək qoymayacağını dəfələrlə bəyan edib.

Həmçinin Mahmud Abbas bu bəyanatında dövlətin Konstitusiyası və sərhədləri barədə aydın şəkildə fikrini ifadə etməlidir. Çox çətin görünən bu proses baş tutsa belə, bunun Yaxın Şərqdə ciddi toqquşmalara səbəb olacağı şübhəsizdir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR