İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fitnə və təxribatlar qardaşlığımızı sarsıda bilməz!” - Generaldan xarici qüvvələrə CAVAB

"Eyni tarixi köklərdən gəldiyimiz qardaşlığımız, strateji müttəfiqliyimiz - Türkiyə və Azərbaycan bir-birindən ayrıla, sasıla bilməz. Çünki ət və dırnaq kimi bir-birinə bağlı iki dövlətdir. Buna görə də Türkiyə–Azərbaycan münasibətlərini bilərəkdən və ya bilməyərəkdən, yaxud başqa güclərin maşası kimi pozmağa çalışan şəxslər, qruplar, sosial şəbəkə platformaları, qəzet və televiziya orqanları bu dostluğa, bu qardaşlığa, bu strateji müttəfiqliyə əsla zərər verə bilməzlər".

Bu sözləri Musavat.com-a açıqlamasında türkiyəli general Yücel Karauz Türkiyədə son günlər Azərbaycana qarşı yeni bir dezinformasiya kampaniyası aparılması ilə bağlı danışarkən deyib.

General qeyd edib ki, Türkiyə və Azərbaycanda rəsmilər bu cür hadisə baş vermədən qabaqlayıcı tədbir görməlidirlər:

"Biz Balkan savaşında da bir yerdəydik, Çanaqqala döyüşündə də çiyin-çiyinə idik. Qafkas İslam Ordusunun şəhidləri bu gün Azərbaycan torpaqlarındakı qəbiristanlıqlarda azərbaycanlı qardaşlarımızla yanaşı uyuyurlar. Biz 44 günlük Vətən müharibəsində də mənəvi olaraq birlikdə idik. Zəlzələdə də, seldə də bir-birimizin yanında olduq. 

Bu, həm tarixi, həm mədəni bağlılığımızın, həm də hər iki dövlət başçısının uzaqgörən siyasəti nəticəsində ən yüksək səviyyəyə qaldırılan Türkiyə-Azərbaycan münasibətlərinin təntənəsidir. Şuşa Bəyannaməsinin ruhu ilə hərəkət edilən bir zamanda heç kimin bu ruhu pozmasına, fitnə toxumasına, Şuşa ruhunu başqa dövlətlərin beşinci kolonlarının alətinə çevirməsinə qətiyyən yol vermək olmaz.

Bəs bunu kimlər edir?

Onların arasında İrana, Rusiyaya, imperialist güclərə xidmət edən qüvvələr var. Xüsusilə sosial mediada yaranan informasiya çirkliliyi, sosial şəbəkələrin idarəolunmazlığı, təsir agentlərinin zaman-zaman gündəmə çıxaraq ictimai rəy formalaşdırmaq istəyi bu prosesə şərait yaradır.

Bu baxımdan Türkiyədə və Azərbaycanda rəsmilərin üzərinə düşən əsas vəzifə hadisə baş vermədən qabaqlayıcı tədbir görməkdir. Hadisə baş verdikdən sonra tədbir almaq artıq yetərli deyil.

Xüsusilə son dönəmdə Yaxın Şərqdə baş verən hadisələr göstərir ki, hər bir dövlət öz milli maraqlarına və suveren hüquqlarına uyğun hərəkət etmək haqqına sahibdir. Türkiyə də, Azərbaycan da müstəqil dövlətdir. Bəli, biz qardaşıq, strateji müttəfiqik, amma hər bir ölkənin öz milli maraqlarını qorumaq üçün fərqli yanaşmaları ola bilər. Əslində, Türkiyə ilə Azərbaycanın son illərdəki regional, qlobal və ikitərəfli münasibətlərində uyğunluq 90 faizdən də çoxdur. Amma bəzi sahələrdə fərqli düşünmək, fərqli siyasət aparmaq da təbii və normaldır.

Bu səbəbdən, öz baxış bucağını zorla qəbul etdirmək istəyənlər, başqa dövlətlərin beşinci kolonuna çevrilənlər, sosial şəbəkələrin məhdudsuz boşluğunda fəaliyyət göstərənlər Türkiyə-Azərbaycan münasibətlərini poza bilməzlər. Çünki bu cür davranışlar Ermənistanın, İranın, Rusiyanın və yaxud üçüncü dövlətlərin milli maraqlarına xidmət etsə də, nə Türkiyəyə, nə Azərbaycana, nə də iki xalqın əbədi dostluğuna xeyir gətirmir.

Bu gün yaşananları yalnız “yol qəzaları” adlandırmaq olar. Belə qəzaların qarşısını hadisə baş vermədən almaq, ictimaiyyəti vaxtında düzgün məlumatlandırmaq, insanların bilərək və ya bilməyərək yanlış yola düşməsinin qarşısını almaq üçün sağlam düşüncə və zərgər dəqiqliyi ilə hərəkət etmək vacibdir. Çünki bütün bu fitnə və oyunlar gəldi-gedərdir, boş fəaliyyətlərdir.

Unutmaq olmaz ki, Türkiyə-Azərbaycan qardaşlığı əzəldən bəri vardır və əbədi olaraq davam edəcək. Bu dostluq və qardaşlıq sarsılmazdır, sınmazdır. Heç bir ayrılıq toxumu, heç bir təxribat, heç bir kənar qüvvənin təxribatçı oyunu nə iki ölkə lideri səviyyəsində, dövlətlərarası münasibətlərdə, nə də xalqlarımız arasında soyuqluq yarada bilməz. Əksinə, hər bir belə cəhd bu birliyin daha da möhkəmlənməsinə səbəb olacaq".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR